Məhkəmə qərarları › İş №2(110)-148/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-148/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-148/2025 04.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur Rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək qızı X4 xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi X5 ilə 1995-ci ildə ailə qurduqlarını, həmin nikahdan 3 övladlarının doğulduqlarını, ilk övladının mərhumə X4 xx.xx.2001-ci il tarixdə Şərur rayon Arbatan kəndində doğulduğunu, xx.xx.2002-ci il tarixdə ağır xəstəlik səbəbindən vəfat etdiyini, uşağı dəfn etdikdən sonra yüngül yas mərasimi keçirdiklərini, lakin vəfat edilməsi barədə Şərur Rayon Nikah Evində ölüm akt qeydləri kitabında qeydiyyat aparılmadığını, digər övladlarının iş və təhsil yerlərində yaxın qohumları barədə məlumatlarda Aytac ölmüş kimi göstərilsədə yoxlama zamanı X3 həyatda yaşayan kimi görsənildiyini, mərhumənin ölümü barədə şəhadətnamənin verilməsi üçün Şərur rayon Nikah Evinə müraciət etdiyini, Şərur rayon Nikah Evinin verdiyi məktubdan mərhumənin ölümü barədə heç bir məlumatın qeydə alınmadığının məlum olduğunu, Şərur rayon Arbatan kənd qəbiristanlığında dəfn olunduğunu bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etmiş, oğlunun Bakı şəhərində hərbi liseydə oxuduğunu, tərcümeyi halını yazan zaman ailədə iki uşaq olduğunu, lakin ona sistem üzərindən bir bacısının da sağ olduğunu bildirdiklərini, ondan sonra uşağın ölüm şəhadətnaməsini almadıqlarının onlara məlum olduğunu, hamilə olanda qanımda ”toksoplazma” deyilən virusun olduğunu, bu da uşaqların xəstə doğulmasına səbəb olduğunu, qızının doğuluduqdan 3 ay sonra öldüyünü, qızından əvvəl də bir uşağım da ölü doğulduğunu, müalicə aldıqdan sonra uşaqların sağlam doğulduğunu, üzərindən uzun müddət keçdiyi üçün qızının ölüm haqqında tibbi şəhadətnaməsini əldə edə bilmədiyini, buna görə də qeydiyyat orqanının imtina məktubu verdiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur Rayon Nikah Evinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində oğlunun hərbi liseydə oxuduğunu və tərcümeyi halını yazan zaman ailədə iki uşaq olduğunu bildirdiyini, lakin ona 3 uşaq olduğunu dediklərini, oğlunun isə bacısının öldüyünü bildirdiyini, bundan sonra uşağın ölüm şəhadətnaməsini almadiqlarını bildiklərini, qızının xx.xx.2001-ci ildə doğulduğunu, xx.xx.2002-ci ildə vəfat etdiyini, yoldaşının qanında xəstəlik olduğundan uşağın xəstə doğulduğunu, yoldaşının müalicə aldıqdan sonra iki uşaqlarının sağlam doğulduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində Vəfanın onun dayısı gəlini olduğunu və onlarla bir həyətdə yaşadıqlarını, yoldaşı Türkiyədə işlədiyinə görə Vəfanı xəstəxanaya apardığını, onların uşaqlarının 2001-ci ildə doğulduğunu və 3 aydan sonra öldüyünü, Vəfanın qanında xəstəlik olduğundan uşağın xəstə doğulduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 Sudayət Əmir oğlu ilə eyni məzmunda ifadə vermişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Dərvişlər kənd İƏDN tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli Vİİ-Ж Г № 257575 nömrəli nikahın bağlanması haqqında şəhadətnəmənin surətindən görünür ki, xx.xx.1995-ci ildə Ərizəçi ilə X5 nikaha daxil olmuşdur. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan görünür ki, X7 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində 2001-ci ildən 2011-ci ilədək daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə X4 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-611/2024 saylı məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi təqdim edilmədiyindən ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Regional Tibb Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-92-6/54/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2001-ci il tarixdə doğulmuş X4 ölümü ilə bağlı Şərur Rayon Mərkəzi Xəstəxanasının arxivində heç bir sənəd aşkar olunmamışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı yazılı sübutlar və şahid ifadələri ilə müəyyən olundu ki, X7 xx.xx.2002-ci il tarixdə ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı ölüm şəhadətnaməsi verməkdən imtina etmişdir. Ərizəçinin hazırda X4 ölüm şəhadətmasinə ehtiyacı olduğundan və onu başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə şahid ifadələri və digər sübutlar əsasında müəyyən olundu ki, X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci ildə doğulmuş X4 xx.xx.2002-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə doğulmuş X4 xx.xx.2002-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar