Məhkəmə qərarları › İş №2(110)-214/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-214/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-214/2023 16.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə və mütəxəssis X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, toylarında ona hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarını, cehizlik əşyalar və hədiyyələrini naturada və yaxud ümumilikdə dəyərini 9390 (doqquz min üç yüz doxsan) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mən Cavabdeh ilə 27 iyun 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdik. Xasiyyətimiz uyğun gəlmədiyindən mənim ərizəm əsasında bizim aramızdakı nikah Şərur Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(110)-400/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Toyumuzda mənə qızıl-zinət və cehizlik əşyaları hədiyyə olaraq alınmışdır. Hədiyyə olaraq alınmış qızıl-zinət əşyaları:

1. 1 ədəd qızıl üzük (2 qr) – 150 manat

2. 1 ədəd qızıl üzük (2 qr) – 140 manat

3. 1 ədəd qızıl üzük (4 qr) – 250 manat

4. 1 ədəd qızıl üzük (1.5qr) – 100 manat

5. 1 ədəd qızıl üzük (2.5 qr) – 170 manat

6. 1 ədəd qızıl üzük (2 qr) – 150 manat

7. 1 ədəd qızıl üzük (2 qr) – 150 manat

8. 1 ədəd qızıl üzük (2 qr) – 150 manat

9. 1 ədəd qızıl üzük (2 qr) – 130 manat

10. 1 ədəd qızıl üzük (3qr) – 200 manat

11. 1 ədəd qızıl üzük (3 qr) – 210 manat

12. 1 ədəd qızıl qalın sep (9 qr) – 700 manat

13. 1 dəst qızıl qolbaq, sırğa, sep, üzük (20 qr) – 1500 manat

14. 1 ədəd çeyrək qızıl (3 qr) – 180 manat

15. 2 ədəd uşaq qızıl sırğa (3 qr) – 200 manat

16. 1 ədəd qızıl uşaq qolbağı (1.5 qr) – 100 manat

17. 1 ədəd qızıl sırğa (2.5 qr) – 170 manat

18. 1 ədəd qızıl sep (2.5 qr) – 170 manat

19. 1 ədəd qızıl qalın qolbaq (6 qr) – 400 manat

20. 1 ədəd qızıl sırğa (3 qr) – 200 manat olmaqla cəmi 5420 manat,

Cehizlik əşyalar və hədiyyələr:

1. Mebel (taxt, qardirob, 2 tumbuçka) – 1700 manat

2. Plazma televizor və televizor altlığı – 570 manat

3. 3 ədəd xalça (3x2) – 300 manat

4. 1 ədəd sandıq və içindəkilər (6 mələfə, çuxol, 12 dəsmal, 6 qətifə)- 500 manat

5. 2 korobka qab-qaşıq- 200 manat

6. 2 ədəd odiyal-200 manat\

7. 1 ədəd pokrıval – 300 manat

8. Nişan paltarı- 200 manat olmaqla cəmi 3970 manat olduğunu bildirmişdir. 07 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı verdiyi izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında toylarından sonra Zakirin ailəlisi ilə birlikdə istanbul şəhərində eyni evdə yaşadıqlarını, ailə üzvlərinin hamısı işlədiyindən, Zakirin qızıl-zinət əşyalarının evdə qalarsa oğurlanmasını əsas gətirərək bir-iki qızıl zinət əşyaları istisna olmaqla, onun bütün qızı-zinət əşyalarını yığaraq qayınatasına verdiyini, qayınatasının isə onları kənddə onlara məxsus evə apardığını, bir müddət sonra kənddəki evlərinə oğru girərək bütün qızıl-zinət əşyalarını oğurladığını dediklərini, polisə şikayət etdikdən sonra qızılları gətirərək evə atdıqlarını dediklərini, baldızının nişan mərasiminə gələn zaman qızılların orada olduğunu gördüyünü, 2019-cu ildə nikaha daxil olduqdan sonra hamısının yenidən Türkiyəyə qayıtdığını, qızılların yenədə Zakirgilin kənddəki evində qaldığını, bir müddət sonra Zakirin hərbiyə işə düzəlməsi üçün Türkiyədən geri qaydığını, işə düzələ bilmədiyini, pandemiya düşdüyündən Türkiyəyə qayıda bilmədiyini, 11 aydan sonra Türkiyəyə qayıtdığını, 2-3 ay sonra qayınanasının, qayınatasının uşaqları götürüb kəndə qayıtdıqlarını, Zakirlə orada qaldığını, 3-4 aydan sonra Təranə adlı xanıma görə amaızda söz-söhbət olduğunu, səhər-səhər onu döydüyünü, üz-gözünün göyərdiyini, patronumun dayanmadan zəng elədiyini, maska almaq üçün Zakirdən pul istədiyini, Zakirin ona pul verdiyini, onun evdən çıxıb anasının iş yerinə getdiyini, ordanda anasının onu bibisinin qızının evinə göndərdiyini, axşam anasıgilə getdiyini, Zakirin gecə saat 12-də içkili anasıgilə gəldiyini, evə getməyimi istədiyini, onunla getməkdən imtina etdiyini, sonra bir neçə dəfə yenə gəldiyini, yenə getmədiyini, elə həmin vaxtdan da ayrıldıqlarını, bütün əşyalarının Zakirin yaşadığı evdə qaldığını qeyd edərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də iddiaçı ilə 2013-cü ildə el adət-ənənələrinə uyğun olaraq Türkiyə Respublikasında ailə qurduqlarını, 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçdiklərini, xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah qeydinin pozulduğunu, toyları olan zaman qızıl zinət əşyaları hədiyyə olunduğunu, həmin qızıl-zinət əşyalarından çeyrək qızılı Türkanə ilə birlikdə 75 Türk lirəsinə satdıqlarını, bir üzük və bir sepi bacısının nişan mərasimi ilə əlaqədar Şərurda olarkən Şərur Ticarət mərkəzində satdıqlarını, həmin pulla Türkiyəyə qayıtdıqlarını, Naxçıvana gələn zaman Türkanənin anasından borc pul aldıqlarını, digər qızılları Türkiyədə satıb borclarını verdiklərini, qızılların bir hissəsini Türkanə ilə birlikdə satdıqlarını, bir hissəsini isə anası ilə Türkanənin birlikdə satdıqlarını, qolbağını isə satmaq üçün bacısı X5 verdiyini, bacısıda nişan mərasimi ilə əlaqədar kəndə gələrkən qolbağı sataraq pulunu gətirərək kənddə Türkanəyə verdiyini, Türkanənin bəzi cehiz əşyalarının kənddəki evlərində olduğunu, anasının dediyinə görə Türkanənin gələrək cehiz əşyalarını onlardan apardığını, onların evində cehiz əşyasının qalmadığını, həmçinin Türkanə küsərək onlardan getdikdən sonra Türkiyə Respublikasında anasının, xaloğlusunun və atasının gələrək ona aldıqları mebel dəstini sökərək apardıqlarını bildirərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında X8 Respublikasında evləndiklərini, toylarının orada olduğunu, 2019-cu ildə X10 rayonuna gəldiklərini və rəsmi nikaha daxil olduqlarını, toyda qaynının 01 ədəd üzük, baldızının 01 ədəd üzük aldığını, özülərinin isə qızıl dəsti aldıqlarını, nişanda özünün 01 ədəd kalso üzük aldığını, qiymətini xatırlamadığını, ailə dostlarının toyda 01 ədəd çeyrək qızıl hədiyyə etdiklərini, Türkanənin toydan sonra qızılları saxlaması üçün anasına aparıb verdiyini, Türkanənin tez-tez Zakirlə mübahisə edib anasının evinə getdiyini, Türkanənin cehiz əşyalarından 2 ədəd xalçanın, televizorun, televizor altının, sandığının, 1 ədəd adyalın, 1 ədəd pakrivalın, 2 ədəd xalçasının onlarda olduğunu, nişan paltarını kirayə götürdüklərini, sandığın içərisində mələfə çexol olmadığını, 2 dəst mələfə çexol gətirdiyini, qətfənin olmadığını, özünə aid 1-2 dəst paltar olduğunu, toydan 1 il 6 ay sonra Türkanə küsüb evdən gedəndə anasının gəlib mebeli sökərək aparığını, toyda özlərinin aldığı qızıl dəstini, qaynı və baldızının aldığı qızılları Türkanə ilə birlikdə gedib Türkiyə Respublikasında 800 manata satdıqlarını, aparıb anasının borcuna verdiyini, nəvəsinə alınan qızıl sırğanı 35 manata satıb məktəbə geyinib getməsi üçün uşağa ayaqqabı aldığını ki, oğlan nəvəsinə alınan qızıl qolbağı 50 manata satıb ona məktəb paltarı aldığını, onda üzərində Türkanənin adı yazılan bir ədəd sepin olduğunu, başqa qızıl olmadığını bildirmişdir. İddiaçı əlavə olaraq izahatında iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları və hədiyyələrin bəzilərini götürdüyünü, bəzilərinin isə olmadığını, ona mebel dəstinin alındığını, qayınatasının onu da sökərək kəndə gətirdiyini, lakin buna dair hər hansı bir sübutunun olmadığını, ona görə də artıq digər cehiz əşyaları və hədiyyələri istəmədiyini, iddia tələbini həmin hissədə tələb etmədiyini, iddia ərizəsində qeyd etdiyi qızıl zinət əşyalarından 1-ci, 7-ci, 8-ci, 12-ci, 20-ci bənddə qeyd etdiklərinə dair hər hansı bir sübutunun olmadığını, 15-ci və 16-cı bənddə qeyd etdiyi uşaqlarına məxsus qızılları qaynanasının həqiqətəndə satdığını etiraf etdiyini, digər qızıl-zinət əşyarının isə heç birini satmadığını, qızıl-zinət əşyarının hamısının cavabdehdə olduğunu, ona görədə həmin qızıl zinət əşyalarını onlar olmadıqda isə onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə dəvət olunmuş şahid X7 ifadəsində 2019-cu ildə özünün Qorçulu kəndində nişan mərasimi olacağı müddətdə Zakirin, Türkanənin, anasının əvvəlcədən kəndə gəldiklərini, Türkanənin kəndə gələrkən ona bir qolbaq verdiyini, Şərura gələrkən satıb pulunun gətirib ona verməsini istədiyini, o da, Şərura gələrkən həmin qolbağı 1000 (bir min) türk lirəsinə sataraq həmin pulu gətirib kənddə Türkanəyə verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin təşəbbüsü ilə dəvət olunmuş şahid X9 ifadəsində Zinyətin qaynının arvadı olduğunu, Zakirlə Türkanənin toylarının Türkiyə Respublikasında olduğunu, anası vəfat etdiyi üçün Zakirlə Türkanənin toyunda iştirak edə bilmədiyini, 5 il sonra Türkiyəyə getdiklərini, hamısını qonaq çağırdıqlarını, Zakirlə Türkanə mehriban ailə olduqlarını, qısqanclıq səbəbindən ayrıldıqlarını, Zakirin evində Türkanənin 1 sandığı, 1 ədəd pakrival, 2 xalça olduğunu, başqa heçnədən məlumatının olmadığını bildirmişdir 16 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasına mütəxəssis qismində cəlb olunmuş X2 şifahi izahat verərək, məhkəmə baxışı iclasında ona təqdim olunan fotoşəkillərlə tanış olaraq iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının çox güman ki, qızıl olduğunu, bu xidmətlə məşğul olduğu üçün bunu gözlə də müəyyən edə bildiyini, iddiaçının dediyinə görə qızıl-zinət əşyalarının 2013-cü ildə alındığını, həmin dövrdə qızılın qramının təqribi 50 manat olduğunu nəzərə alsaq, iddiaçının tələb etdiyi və iddia ərizəsində 2-ci bənddə qeyd olunmuş üzüyün çəkisinin təqribi 2 qram, qiymətinin 100 manat, 3-cü bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 3 qram, dəyərinin 150 manat, 4-cü bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 1.5 qram, dəyərinin 75 manat, 5-ci bənddə qeyd olunan qızıl üzüyün çəkisinin təqribi 2.5 qram, dəyərinin 125 manat, 6-cı bənddə qeyd olunan qızıl üzüyün çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 9-cu bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 10-cu bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 3 qram, dəyərinin 150 manat, 11-ci bənddə qeyd olunan üzüyün təqribi çəkisinin 3 qram, dəyərinin 150 manat, 12-ci bənddə qeyd olunan sepin fotoşəkildə görünməsi mümkün olmadığını, lakin klonunun təqribi çəkisinin 1 qram, dəyərinin 50 manat,13-cü bənddə qeyd olunan dəstin qolbağının çəkisinnin təqribi 4 qram, sepin təqribi 8 qram, sırğanın təqribi 3 qram olmaqla, ümumi dəyərinin 750 manat, 14-cü bənddə qeyd olunan çeyrək qızılın təqribi 1.8 qram, dəyərinin 65 manat, 17-ci bənddə qeyd olunan sırğanın çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 18-ci bənddə qeyd olunan sepin çəkisinin 2 qram, dəyərinin 100 manat, 19-cu bənddə qeyd olunan qobağın təqribi 6 qram, dəyərinin 300 manat olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının, cavabdehin, cavabdehin nümayəndəsinin izahatına, mütəxəssisin məsləhətinə və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əavə edilmiş toy mərasiminə aid CD və fotoşəkillərdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının bəziləri istisna olmaqla həqiqətəndə alındığı əks olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər 2013-cü ildə rəsmi nikaha daxil olmasalar da el adəti-ənənəsi ilə Türkiyə Respublikasında evlənmişlər. İş materialında olan toy mərasiminə aid CD və fotoşəkillərlə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh evləndikləri müddətdə və ondan sonrakı müddətdə iddiaçıya müəyyən qisim qızıl-zinət əşyaları alınmışdır. Məhkəmə baxışı iclasında iştirakı zamanı iddiaçı toylarının Türkiyə Respublikasında olduğunu, ailəliklə orada yaşadıqlarını, Zakirin qızıl-zinət əşyalarının evdə qalarsa oğurlanmasını əsas gətirərək bir-iki qızıl zinət əşyaları istisna olmaqla, onun bütün qızı-zinət əşyalarını yığaraq qayınatasına verdiyini, qayınatasının isə onları kənddə onlara məxsus evə apardığını qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh və cavabdehin nümayəndəsi isə toy mərasimində qeyd olunana qızıl-zinət əşyalarının iddiaçıya alındığını və hədiyyə edildiyini etiraf etsələrdə, iddiaçının qızıl-zinət əşyalarını satmasını, eyni zamanda onlarda olmamasını təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə tədqiqatı zamanı iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarından bir qisminin ona alınması və hədiyyə olunması öz təsdiqini tapdığından bu o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı həmin qızıl-zinət əşyalarına mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis izahatında iddiaçının tələb etdiyi və iddia ərizəsində 2-ci bənddə qeyd olunmuş üzüyün çəkisinin təqribi 2 qram, qiymətinin 100 manat, 3-cü bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 3 qram, dəyərinin 150 manat, 4-cü bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 1.5 qram, dəyərinin 75 manat, 5-ci bənddə qeyd olunan qızıl üzüyün çəkisinin təqribi 2.5 qram, dəyərinin 125 manat, 6-cı bənddə qeyd olunan qızıl üzüyün çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 9-cu bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 10-cu bənddə qeyd olunan üzüyün çəkisinin təqribi 3 qram, dəyərinin 150 manat, 11-ci bənddə qeyd olunan üzüyün təqribi çəkisinin 3 qram, dəyərinin 150 manat, 12-ci bənddə qeyd olunan sepin fotoşəkildə görünməsi mümkün olmadığını, lakin klonunun təqribi çəkisinin 1 qram, dəyərinin 50 manat, 13-cü bənddə qeyd olunan dəstin qolbağının çəkisinin təqribi 4 qram, sepin təqribi 8 qram, sırğanın təqribi 3 qram olmaqla, ümumi dəyərinin 750 manat, 14-cü bənddə qeyd olunan çeyrək qızılın təqribi 1.8 qram, dəyərinin 65 manat, 17-ci bənddə qeyd olunan sırğanın çəkisinin təqribi 2 qram, dəyərinin 100 manat, 18-ci bənddə qeyd olunan sepin çəkisinin 2 qram, dəyərinin 100 manat, 19-cu bənddə qeyd olunan qobağın təqribi 6 qram, dəyərinin 300 manat olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanların nəticəsi olaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya alınan, eyni zamanda hədiyyə olunan və iddia ərizəsində 2-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan üzük, 3-cü bənddə qeyd olunan təqribi çəkisi 3 qram üzük, 4-cü bənddə qeyd olunan təqribi çəkisi 1.5 qram olan üzük, 5-ci bənddə qeyd olunan təqribi çəkisi 2.5 qram olan üzük, 6-cı bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan üzük, 9-cu bənddə qeyd olunan təqribi çəkisi 2 qram üzük, 10-cu bənddə qeyd olunan təqribi çəkisi 3 qram olan üzük, 11-ci bənddə qeyd olunan təqribi çəkisi 3 qram üzük, 12-ci bənddə qeyd olunan sepin fotoşəkildə görünməsi mümkün olmadığından təqribi çəkisi 1 qram olan klon, 13-cü bənddə qeyd olunan dəstin təqribi çəkisi 4 qram olan qolbağı, 8 qram olan sepi, 3 qram olan sırğası, 14-cü bənddə qeyd olunan təqribi çəkisi 1.8 qram olan çeyrək qızıl, 17-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan sırğa, 18-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan sepdən ibarət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 2015 (iki min on beş) manat, həmçinin iddia ərizəsinin 15-ci bəndində qeyd olunan 2 ədəd qızıl uşaq sırğasının dəyəri olan 35 manat, 16-cı bənddə 1 ədəd uşaq qolbağının dəyəri olan 50 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) məbləğində pul Cavabdeh alınaraq iş üzrə İddiaçı verilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində 1-ci, 7-ci, 8-ci,12-ci, 20-ci bəndlərdə qeyd etdiyi qızıl- zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını məhkəmədən xahiş etsə də, həmin qızıl zinət əşyalarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmədə ifadə verən şahid X7 iddiaçının iddia ərizəsində 19-cu bənddə qeyd etdiyi çəkisi 6 qram, dəyəri 400 manat olan qızıl qalın qolbağı iddiaçının xahişi ilə Türkiyə Respublikasında sataraq pulunu gətirib Şərur rayon Qorçulu kəndində iddiaçıya verdiyini bildirsədə, iddiaçı məhkəməyə bunu təkzib edəcək hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə qeyd edir ki, iddia tələbi həmin qızılzinət əşyasına dair hissədə təmin edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində cavabdehdən 1700 manat dəyərində mebel (taxt, qardirob, 2 tumbuçka), 570 manat dəyərində plazma televizor və televizor altlığı, 300 manat dəyərində 3 ədəd xalça (3x2), 500 manat dəyərində 1 ədəd sandıq və içindəkilər (6 mələfə, çuxol, 12 dəsmal, 6 qətifə), 200 manat dəyərində 2 korobka qab-qaşıq, 200 manat dəyərində 2 ədəd odiyal, 300 manat dəyərində 1 ədəd pokrıval, 300 manat dəyərində nişan paltarı- olmaqla cehizlik əşyaları və hədiyyələr tələb etsədə, sonuncu məhkəmə baxışı iclasında cehiz əşyaları və hədiyyələrin bəzilərini götürdüyünü, bəzilərinin isə olmadığını, ona mebel dəstinin alındığını, qaynatasının onu da sökərək kəndə gətirdiyini, lakin buna dair hər hansı bir sübutunun olmadığını, ona görə də həmin cehiz əşyalarını və hədiyyələri istəmədiyini, iddia tələbini həmin hissədə tələb etmədiyini bildirdiyindən, məhkəmə qətnamə çıxararkən iddiaçının iddia tələbinə həmin hissədə münasibət bildirmir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu öz təsdiqini tapır. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan qızıl-zinət əşyalarından fotoşəkillərdə əks olunmuşlarının mövcudluğu və onların iddiaçıya hədiyyə edilməsi işin mübahisəsiz halıdır. İkinci və üçüncü komponentlərlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir: Göründüyü kimi, iddiaçı izahatında ailə üzvlərinin hamısı işlədiyindən Zakirin qızıl-zinət əşyalarının evdə qalarsa oğurlanmasını əsas gətirərək bir-iki qızıl zinət əşyaları istisna olmaqla, onun bütün qızızinət əşyalarını yığaraq qayınatasına verdiyini, qayınatasının isə onları kənddə onlara məxsus evə apardığını, baldızının nişan mərasiminə gələn zaman qızılların orada olduğunu gördüyünü bildirmiş, eyni zamanda cavabdeh və cavabdehin nümayəndəsi isə toy mərasimində qeyd olunana qızıl-zinət əşyalarının iddiaçıya alındığını və hədiyyə edildiyini etiraf etsələrdə, iddiaçının qızıl- zinət əşyalarını satmasını, həmçinin onlarda olmamasını təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu baxımdan məhkəmə iddiaçının izahatında dediklərini təkzib edəcək hər hansı bir sübutun olmamasını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçının iddia tələbində əks olunmuş və məhkəmə baxışı iclasında mövcudluğu öz təsdiqini tapmış qızıl-zinət əşyalar cavabdehdədır və cavadehin isə həmin qızıl-zinət əşyalarına sahiblik hüququ qanunsuzdur. Göründüyü kimi, iddiasının istinad edilən 2 və 3-cü komponentlərinin də mövcudluğu, yəni iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının onun qanuni sahibiyindən çıxması və sahibliyindən çıxmış fotoşəkillərdə əks olunmuş həmin qızıl-zinət əşyalarının məhz cavabdehin qanunsuz sahibliyində olması öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının çəkisi və dəyəri ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyaların çəkisinin və dəyərinin iddia ərizəsində qeyd etdiyi kimi olmasını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Ona görədə iddiaçı həmin qızıl-zinət əşyalarının çəkisi və dəyərinə dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə qızıl-zinət əşyaları olmadığı təqdirdə, iddia tələbini onların dəyərinin cavabdehdən tutulması ilə bağlı hissədə mütəxəssisin qiymətləndirilməsini daha ağılabatan və ədalətli hesab edərək mütəxəssisin qızıl-zinət əşyarının dəyəri ilə bağlı bildirdiklərini nəzərə alaraq iddiaçının iddia tələbini qismən təmin emişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; - 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsi ilə müəyyən edilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); - 34.2-ci maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardı; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərəkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; - 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Çünki Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçıya alınan, eyni zamanda hədiyyə olunan və iddia ərizəsində 2-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan üzük, 3-cü bənddə qeyd olunan təqribi çəkisi 3 qram üzük, 4-cü bənddə qeyd olunan təqribi çəkisi 1.5 qram olan üzük, 5-ci bənddə qeyd olunan təqribi çəkisi 2.5 qram olan üzük, 6-cı bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan üzük, 9-cu bənddə qeyd olunan təqribi çəkisi 2 qram üzük, 10-cu bənddə qeyd olunan təqribi çəkisi 3 qram olan üzük, 11-ci bənddə qeyd olunan təqribi çəkisi 3 qram üzük, 12-ci bənddə qeyd olunan təqribi çəkisi 1 qram olan klon, 13-cü bənddə qeyd olunan dəstin təqribi çəkisi 4 qram olan qolbağı, 8 qram olan sepi, 3 qram olan sırğası, 14-cü bənddə qeyd olunan təqribi çəkisi 1.8 qram olan çeyrək, 17-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan sırğa, 18-ci bənddə qeyd olunan təqribi çəkisi 2 qram olan sepdən ibarət qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların cəmi dəyəri olan 2015 (iki min on beş) manat, həmçinin iddia ərizəsinin 15-ci bəndində qeyd olunan 2 ədəd qızıl uşaq sırğasının dəyəri olan 35 manat, 16-cı bənddə 1 ədəd uşaq qolbağının dəyəri olan 50 manat olmaqla, ümumilikdə 2100 (iki min yüz) məbləğində pul Cavabdeh alınaraq iş üzrə İddiaçı verilsin. İddia digər hissədə rədd edilsin. İddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu iddiaçı aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar