Məhkəmə qərarları › İş №2(110)-412/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-412/2023

01.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-412/2023 01.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-17 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, hüquqi yardıma görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı iddia ərizəsində Cavabdeh1 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-218A nömrəli şəhadətnaməsi olan 0.11 ha Şərur rayon Tumaslı kənd ərazisində yerləşən həyatyanı torpaq sahəsini 28 iyul 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq 1000 ABŞ dolları ödəməklə almışam. Həmin torpaq sahəsi üzərində üç otaq və mətbəxtdən ibarət ümumi sahəsi 165 m2 olan yaşayış mənzili vardır. Mən əlavə olaraq alqı-satqı müqaviləsinin bağlanılması üçün 200 ABŞ dolları xərclədiyini, onun həmin evdə 2022-ci ilin payız aylarına kimi ailəsi ilə birlikdə yaşadığını, səhhəti ilə əlaqədar 2022-ci ilin sonlarında Bakı şəhərinə getməli olduğunu, onun mərhum həyat yoldaşı və üç azyaşlı övladının həmin evdə yaşadıqlarını, mərhum həyat yoldaşının 2023-cü ilin yanvar ayında dünyasını dəyişdiyini, onun son zamanlar Şərur rayonuna qayıtdıqda aldığı həyətin və evin sabiq qayınatası Cavabdeh2 tərəfindən satılması barədə elanı gördüyünü, məsələyə aydınlıq gətirilməsi üçün Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə ərizə ilə müraciət etdiyini, Cavabdeh1 əvvəl torpağı ona və sonra isə xx.xx.2023-cü il tarixli 4Ə-17 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh2 satdığını, ona görə də Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-17 qeydiyyat nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması üçün məhkəməyə müraciət etmək zərurəti yarandığını, yaranmış mübahisənin məhkəmə qaydasında həll olunması üçün onun bu sahədə təcrübəsiz olduğundan keyfiyyətli hüquqi yardım almağı üçün vəkillə müqavilə bağlamaq məcburiyyətində qaldığını, ona göstərilən hüquqi yardıma görə vəkillə müqavilə bağlayıb Naxçıvan şəhər Hüquq Məsləhətxanasına 350 manat pul ödədiyini, həmin məbləğin cavabdehlərdən alınıb ona verilməsini istədiyini bildirmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş, lakin vəkillə, eyni zamanda nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında mübahisəli torpaq sahəsini oğlu Röyala 2006-ci ildə aldıqlarını, həmin torpaq sahəsi üzərində üç otaq və mətbəxtdən ibarət ümumi sahəsi 165 m2 olan yaşayış evinin olduğunu, məqsəd evi təmir edib Röyalı evləndirdikdən sonra ailəsi ilə orada yaşamasını təmin etmək olduğunu, 2007-ci ildə Röyal evləndikdən sonra ailəsi ilə həmin evdə yaşdığını, həmin evdə üç uşaqlarının doğulduğunu, Röyalın ailəsi-uşaqları ilə 2022-ci ilin sonlarınadək həmin evdə yaşadığını, Röyalın mərhum həyat yoldaşının 2023-cü ilin yanvar ayında dünyasını dəyişdiyini, oğlunun Bakı şəhərində müalicə aldığını, son zamanlar Şərur rayonuna qayıtdıqda ona məsus torpağın və üzərindəki evin sabiq qayınatası Cavabdeh2 tərəfindən satılması barədə elanı gördüyünü, məsələyə aydınlıq gətirilməsi üçün Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə ərizə ilə müraciət etdiyini, oradan verilən arayışa əsasən Cavabdeh1 əvvəl xx.xx.2006-cı il tarixdə torpağı Röyala və sonra isə xx.xx.2023-cü il tarixli 4Ə-17 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Cavabdeh2 satdığının müəyyən olunduğunu, Şakirlə telefon vasitəsilə əlaqə saxladıqlarını, torpağı təkrar Lətifə niyə satdığını soruşduğunu, o da Lətifin ona zəng edərək qızının və Röyalın rəhmətə getdiyini, həmin torpaq sahəsini nəvələrinin adına keçirməsini istədiyini dediyini, o da özünün və ailə üzvlərinin Lətifin oğlu Şahinə etibarnamə verdiklərini dediyini, Lətif isə həmin etibarnamə ilə həmin torpaq sahəsini öz adına keçirdiyini, indi də satmaq istədiyini qeyd edərək məhkəmədən xx.xx.2023-cü il tarixli, 4Ə-17 qeydiyyat nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, hüquqi yardıma görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iştrak edən digər Cavabdeh2 izahatında həmin torpaq sahəsini Röyalın qızı ilə evlənməmişdən əvvəl aldığını, 2007-ci ildə qızı ilə Röyalın ailə qurduqlarını, əvvəlcə 2008-ci ildə əkiz uşaqlarının, daha sonrada bir uşaqlarının doğulduğunu, ailə qurduqdan sonra Röyalın borcları olduğu üçün qızı ilə birlikdə Türkiyə Respublikasına gedib orada işləməyə başladıqlarını, Röyalın borclarını ödədiklərini, hazırkı mübahisəli torpaq sahəsində 1 otaq tikilildiyini, Türkiyədən qayıtdıqda sonra arvadının və qızının çöldə işlədiklərini, qazandıqları pulu ilə həmin torpaq sahəsində əlavə 1 otaq, bağlı eyvan, evin qarşısında hamam, tualet və mətbəx tikdiklərini, Röyalın ailəsinə baxmadığını, qızının, nəvələrinin tələbatını özlərinin ödədiklərini, qızının ağır xəstələndiyini, uzun müddət müalicə olunduğunu, qızı xəstə olan zaman torpaq sahəsinin sənədini ona verdiyini, ona bir şey olarsa, torpağı uşaqların adına sənədləşdirməsini dediyini, qızı rəhmətə gedəndən sonra torpağın sahibi Şakirə zəng vurduğunu, torpağı nəvələrinin adına sənədləşdirmək istədiyini dediyini, Şakirin gözləri görmədiyi üçün oğlunun Bakı şəhərinə getdiyini, Şakirin və ailə üzvlərinin oğlu Şahinə etibarnamə verdiyini, torpağı uşaqların adına keçirmək istəsədə notariusun uşaqlar azyaşlı olduqları üçün bunun mümkün olmadığını dediyini, məcbur qalıb həmin torpaq sahəsini öz adına qeydiyyata aldırdığını, torpaq sahəsinə görə Şakirə pul ödəmədiyini, çünki İakirlə danışdıqları zamanı həmin torpaq sahəsinə görə Röyalın atasının ona 2006-cı ildə 1000 (bir min) ABŞ dolları pul ödədiyini dediyini, torpağın Röyalın adına keçməsindən xəbərlərinin olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında hazırkı mübahisə predmeti olan torpaq sahəsini Röyalın 2006-cı ildə bacısı ilə ailə qurmamışdan əvvəl aldığını, bacısı ilə ailə qurduqdan sonra həmin torpaq sahəsində ev tikdiklərini, bacısı xəstə olduğu ərəfədə torpaq sahəsinin sənədini atasına verdiyini, həmin torpaq sahəsini və üzərindəki evi uşaqların adına sənədləşdirməsiyi tapşırdığını, Bacısı vəfat etdikdən sonra atasının Şakir Sultanovla telefon vasitəsilə əlaqə saxladığını, torpağı nəvələrinin adına sənədləşdirmək istədiyini dediyini, Şakirin gözləri görmədiyi üçün özünün Bakı şəhərinə getdiyini, Şakirin və ailə üzvlərinin ona etibarnamə verdiyini, torpağı uşaqların adına keçirmək istəsədə notariusun uşaqlar azyaşlı olduqları üçün bunun mümkün olmadığını dediyini, məcbur qalıb həmin torpaq sahəsini atasının adına qeydiyyata aldırdığını, torpaq sahəsinə görə Şakirə pul ödəmədiyini, çünki Şakirlə danışdıqları zamanı həmin torpaq sahəsinə görə Röyalın atasının ona 2006-cı ildə 1000 (bir min) ABŞ dolları pul ödədiyini dediyini, torpağın Röyalın adına keçməsindən xəbərlərinin olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə, idarənin nümayəndəsi məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası idarənin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şərur rayon 2 saylı notariat ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə, notariat ofisinin nümayəndəsi məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. xx.xx.2023-cü ildə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə iştrak edən X1 ifadəsində İddiaçı anası olduğunu, hazırkı mübahisəli torpaq sahəsini həyat yoldaşı ilə 2006-cı ildə Röyala doğum günü hədiyyəsi olaraq Cavabdeh1 1000 ABŞ dollarına aldıqlarını, həmin torpaq sahəsi üzərində 3 otaq və bir bağlı eyvan olduğunu, həmin evdə Röyalın yaşadığını, evləndikdən sonra isə ailəsi ilə birlikdə yaşadıqlarını, torpaq sahəsinin sənədlərinin həmin evdə olduğunu, gəlini vəfat etdikdən sonra Lətifin həmin sənədləri evdən götürdüyünü, 2023-cü ildə Cavabdeh2 həmin torpq sahəsini öz adına sənədləşdirdiyini, Şakirlə bu barədə danışan zaman Şakirin onlara Lətifin onu aldatdığını, torpaq sahəsini uşaqların adına sənədləşdirəcəyini bildirdiyini, buna görə də, Şahinə Bağırova etibarnamə verdiyini bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, vəkilinin, cavabdehin, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarına, şahidin ifadəsinə və məhkəmə tərəfindən tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon 1 saylı notariat kontorunun 28 iyul 2006-cı il tarixli, 4-ə-29 nömrəli alqı-satqı müqaviləsininnotarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Şərur rayon Tumaslı kəndində yerləşən 0.11 ha torpaq sahəsini vətəndaş İddiaçı satmışdır; - Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Şərur rayon Tumaslı kəndində yerləşən 1059 kv.m torpaq sahəsini vətəndaş Cavabdeh2 satmışdır; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrindən çıxarışından görünür ki, Şərur rayon Tumaslı kəndində yerləşən 0.1059 ha torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Şərur rayon icra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 20 nömrəli qərarının surətindən görünür ki, 17 iyun 2008-ci il təvəllüdlü X8, 17 iyun 2008-ci il təvəllüdlü X9 və 06 avqust 2019-cu il təvəllüdlü X11 babaları Cavabdeh2 qəyyumluq və himayəsinə verilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin 04/07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 28 iyul 2006-cı il tarixdə Şərur rayon 1 saylı notariat kontorunun alqı-satqı müqaviləsi əsasında aldığınız Şərur rayonu Tumaslı kənd sakini Cavabdeh1 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 218A nömrə ilə qeyd olunan 0.11 ha həyətyanı torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatından keçməmişdir. Həmin torpaq sahəsi Şərur rayon 2 saylı NO-nun xx.xx.2023-cü il tarixli, 4Ə-17 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixli, A№ 032334 nömrəli plan və ölçü işlənərək Şərur rayonu, Çomaxtur kənd sakini Cavabdeh2 adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. - Naxçıvan MR Vəkillər Kollegiyasının 04/181 saylı xx.xx.2023-cü il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və 005979 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə vəkilə 350 (üç yüz əlli) manat ödəmişdir. - xx.xx.2023-cü il tarixli 9370 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 100 (bir yüz) manat rüsum ödəmişdir. Məhkəmənin sorğusu ilə alınmiş xx.xx.2023-cü il tarixli notarius işində olan JN218A, KOD 10208048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Cavabdeh1, X2, X4, X3, X5 və X12 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Tumaslı kəndində 0.11 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı məhkəmənin sorğusu ilə alınmiş notarius işləri, həmçinin toplanmış difər sübutlar qarşılıqlı tədqiq edilərkən müəyyən edilmişdir ki, Şərur rayon bir saylı dövlət notariat kontorunun 28 iyul 2006-cı il tarixli müqaviləsinə əsasən Cavabdeh1 Şərur rayon Tumaslı kəndində yerləşən 0.11 ha torpaq sahəsini vətəndaş İddiaçı satmış, lakin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şərur rayon İdarəsinin 04/07 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin torpaq sahəsi İddiaçı adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın dövlət reyistirində qeydiyyatdan keçməmişdir. Sonradan hansı səbəbdən olmasını müəyyən etmək mümkün olmasa da, hazırki mübahisə predmeti olan torpaq sahəsinə məxsus JN218A, KOD 10208048 Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin əslinin iddiaçının evində olmasından istifadə edərək, qızı rəhmətə getdikdən sonra Cavabdeh2 həmin torpaq sahəsinin İddiaçı məxsus olduğunu bildiyi halda, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə əlaqə saxlayaraq həmin torpaq sahəsinin nəvələrinin adına keçirmək istədiyini bildirərək ondan və onun ailə üzvlərindən oğlunun adına etibarnamə almaqla ikinci dəfə Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini öz adına əldə etmiş və xx.xx.2023 tarixdə ********** nömrə ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində öz adına qeydiyyata aldırmışdır. Halbu ki, Cavabdeh2 və cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə baxışı iclasında verdikləri izahatlarında həmin torpaq sahəsinə görə Şakirə pul ödəmədiklərini, çünki Şakirlə danışdıqları zamanı həmin torpaq sahəsinə görə Röyalın atasının ona 2006-cı ildə 1000 (bir min) ABŞ dolları pul ödədiyini qeyd etməklə, mübahisə predmeti olan hazırki torpaq sahəsinin İddiaçı məxsus olduğunu bildiklərini dolayısı ilə etiraf etmişlər. Bu səbəbdən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Şərur rayon Tumaslı kəndində yerləşən 0,1059 ha həyətyanı torpaq sahəsinə dair bağlanmış, Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində həmin müqavilə əsasında aparılmış xx.xx.2023 tarixli, ********** nömrəli qeydiyyat ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; - 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; - 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa, məhkəmə həmçinin tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin alqı-satqı müqaviləsi əsasında Şərur rayon Tumaslı kəndində yerləşən, Cavabdeh2 adına qeydə alınmış 0.1059 ha torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində xx.xx.2023 tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Belə ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tərəfindən 17 fevral 2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyat Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsi əsasında aparılmışdır. Etibarlı olmayan 23 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış qeydiyyat da əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsinmülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqlarının pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsi “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Şərur rayon Tumaslı kəndində yerləşən 0,1059 ha həyətyanı torpaq sahəsinə dair bağlanmış, Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh2 adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində həmin müqavilə əsasında aparılmış xx.xx.2023 tarixli, ********** nömrəli qeydiyyat ləğv olunmalıdır. Eyni zamanda məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pulun cavabdehlərdən tutulması ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.6-cı maddəsinə əsasın, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə tədqiqatı zamanı iş materiallarına əlavə olunmuş 04/181 saylı xx.xx.2023-cü il tarixli hüquqi yardım üzrə xidmət müqaviləsindən və 005979 nömrəli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə vəkilə 350 (üç yüz əlli) manat ödəmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, iddia tələbi hüquqi xidmətə görə çəkilmiş xərc tələbinə dair hissədə qismən təmin edilərək hüquqi xidmətə görə çəkilmiş xərcə görə 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi ağılabatandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan və İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 42 manatı özünə aid edilməli, 58 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Şərur rayon Tumaslı kəndində yerləşən 0.1059 ha həyətyanı torpaq sahəsinə dair bağlanmış, Şərur rayon 2 saylı notariat ofisinin 23 yanvar 2023-cü il tarixli, 4-ə-17 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Dövlət reyestrində həmin müqavilə əsasında aparılmış xx.xx.2023 tarixli, ********** nömrəli qeydiyyat ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat pulun 200 manatı və məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 58 manatı olmaqla, ümumiyyətlə 258 (iki yüz əlli səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar