Məhkəmə qərarları › İş №2(110)-446/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-446/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-446/2023 18.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz istifadəsindən geri qaytarılması tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı İbrahim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən mülkiyyətində olan “VOLKSWAGEN TUGUAN” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən müəyyən edilmişdir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini göstərən qəbzin surəti əlavə edilmişdir. Həmin qəbz bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Çünki məhkəməyə müraciət edərkən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini əks etdirən qəbzin surətindən görünür ki, həmin qəbzlə xx.xx.2022-ci il tarixdə qiymətləndirilən iddia ərizələri üzrə məhkəməyə müraciət etmək məqsədilə 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki iddiaçının hazırki iddia tələbi qiymətləndirilməyən iddia ərizələrinə aiddir və iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat məbləində dövlət rüsumu ödəməli idi. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı cavabdehə qarşı “əmlakın özgəsinin qanunsuz istifadəsindən geri qaytarılması” tələbi ilə məhkəməyə müraciət etsədə iddia ərizəsində sübutlar siyahısını da qeyd etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Buna görə də göstərilən səbəblərdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı “əmlakın özgəsinin qanunsuz istifadəsindən geri qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı İbrahim oğluna izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada tərəfə verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar