Məhkəmə qərarları › İş №2(110)-466/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-466/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-466/2025 07.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1945-ci il təvəllüdlü anası X1 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, anası X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində böyrək çatışmazlığı xəstəliyindən vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Sədərək qəbiristanlığında dəfn olunmuşdur. Lakin həmin vaxt mərhumun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmək üçün ölüm haqqında şəhadətnamə tələb olunduğundan, lakin bu sənəd tapılmadığından, ərizəçi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və Şərur rayon Nikah evinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışa görə, xx.xx.2025-ci il tarixinədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akt qeydləri üzrə aparılan yoxlama nəticəsində X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Şərur rayon Nikah evinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-161/2025 saylı məktubunda isə ölüm haqqında şəhadətnamənin yalnız vətəndaşın təqdim etdiyi ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında verilə biləcəyi bildirilmişdir. Bütün bu halları nəzərə alaraq, ərizəçi mərhum anası Məhərrəmova (Əliyeva) Səkinə Novruz qızının ölüm faktının məhkəmə qaydasında tanınmasının zəruri olduğunu bildirmişdir. Məhkəmə iclasında ərizəçi Məhərrəmov oğlu ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı şəxs Şərur Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla əlaqədar olaraq Qeydiyyat şöbəsinin rəisi 29.04.205 və xx.xx.2025-ci il tarixli məktublarla müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə əməl edilmədən verildiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, Ərizəçi işin mahiyyəti üzrə baxılması üçün tələb olunan sənədləri (faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, o cümlədən ərizənin əsaslılığı ilə bağlı sübutlarını) ərizəsinə əlavə etməmiş, həmçinin məhkəmə baxışı iclasında işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların aradan qaldırılması ilə bağlı hakimin təklifini rədd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsindən aydın olur ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlər hüquqi əhəmiyyəti olan faktlara daxildir. Mülki-Prosessual Məcəllənin 306.1 və 306.2-ci maddələrinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2019-cu il tarixli Plenum Qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. xx.xx.2019-cu il tarixli Plenum Qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. xx.xx.2019-cu il tarixli Plenum Qərarının 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmçinin xx.xx.2019-cu il tarixli Plenum Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, əizəsinə tələb olunan sənədləri əlavə etməklə, təkrarən məhkəməyə yenidən müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur Filialı vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 100 manat miqdarında dövlət ona geri qaytarılmalıdır. Sonda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması ərizəçi tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə ərizə verməsinə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilən 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar