Məhkəmə qərarları › İş №2(110)-477/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-477/2020

14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-477/2020 14.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, Ələsgərov Əli Vüqar oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətində olan fərdi yaşayış evinə məcburi qaydada köçürülmə” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m sahəsi olan 4 otaqlı fərdi yaşayış evində yaşamağına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun həmin evə məcburi qaydada köçürülməyi, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pulun və 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********53-10301, qeydiyyat ********** nömrəli çıxarışına əsasən Naxçıvan MR Şərur rayon Yuxarı Daşarx kəndində olan 0,2158 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 80.23 kv.m yaşayış, 30.92 kv.mköməkçi sahədən (ümumi sahəsi 111.15 kv.m) ibarət, valideynlərindən miras qalmış əmlak bütövlükdə onun mülkiyyətinə verildiyini, onun həmin evdə doğulduğunu və orada yaşadığını, lakin son zamanlar cavabdehlərin onunla yola getmədiklərini, dava-dalaş saldıqlarını, bütün baş verənlərin onun səhhətinə mənfi təsir göstərdiyini, onlarla bir yerdə yaşamaq mümkün olmadığından məcbur qalıb müvəqqəti olaraq Naxçıvan şəhərində kirayə yaşadığını, onun təqaüdünün 340 manat təşkil etdiyini, aldığı təqaüd onun kirayə haqqı və özünün dolanışığı üçün yetərli olmadığını, cavabdehlər isə onun mülkiyyətində olan evində yaşamağına maneələr yaratdıqlarını, yaranmış mübahisənin məhkəmə qaydasında həll oluması üçün o bu sahədə təcrübəsiz olduğundan keyfiyyətli hüquqi yardım almağı üçün vəkillə müqavilə bağlamaq məcburiyyətində qaldığını, ona göstərilən hüquqi yardıma görə vəkillə müqavilə bağlayıb Naxçıvan şəhər Hüquq Məsləhətxanasına 250 manat pul ödədiyini, həmçinin iddianın verilməsi üçün 10 manat dövlət rüsumu ödədiyini, həmin məbləğin cavabdehlərdən alınıb ona verilməsini istədiyini qeyd edərək məhkəmədən onun mülkiyyətində olan Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m sahəsi olan 4 otaqlı fərdi yaşayış evində yaşamağına cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onun həmin evə məcburi qaydada köçürülməyi, hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat pulun və 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi süsusatları təkrarlayaraq məhkəmədən Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində yaşamağına yaradılmış maneələrin aradan qaldırılması və onun həmin evə məcburi qaydada köçürülməsi, eyni zamanda hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında digər cavabdeh olan oğlunun səfərbərliklə bağlı hərbi təlimlərə cəlb edildiyini, ona görə də məhkəmə iclasına gələ bilmədiyini, iddiaçının onun baldızı olduğunu, o, oğlu, gəlini və nəvəsi ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə yaşadıqlarını, iddiaçının dediklərinin heç birinin doğru olmadığını, onun mülkiyyətində olan evdə yaşamasına heç kimin, nə oğlunun nə də ki, onun heç bir maneə yaratmadıqlarını, həmin evin 4 otaqdan ibarət olduğunu, otaqlardan ikisinin onların-birinin onun, birinin isə oğlu, gəlini və nəvəsinin istifadəsində olduğunu, digər ikisinin isə iddiaçının istifadəsində olduğunu, iddiaçı isə otaqlardan yalnız birində onların yaşamasını istədiyini, otaqlardan üçünün isə onun istifadəsində olmasını istədiyini, onların hamısının isə birlikdə yaşamaqlarının mümkün olmadığını, ona görə də aralarında mübahisə yarandığını, iddiaçının evi tərk edərək getdiyini, onun özünə məxsus evdə yaşamasına heç birinin etirazının olmadığını, istədiyi vaxtı öz üvinə köçərək orada yaşamağa davam edə biləcəyinə, onun mülkiyyətində olan evinə köçməsinə heç bir maneənin olmadığını qeyd edərək məhəkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçının izahatına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan MR Şərur rayon Yuxarı Daşarx kəndində olan 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 128 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Şərur rayon Yuxarı Daşarx kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04/09 nömrəli, xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şərur rayon Yuxarı Daşarx kəndində yaşayırlar və qeydiyyatda dururlar. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Hüquqi yardım üzrə xidmət müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamışdır İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətə görə vəkilə 250 (iki yüz əlli) manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 54212 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. Beləliklə, baxılan mülki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onunla yola getmədiklərini, dava-dalaş saldıqlarını, bütün baş verənlərin onun səhhətinə mənfi təsir göstərdiyini, onlarla bir yerdə yaşamaq mümkün olmadığından məcbur qalıb müvəqqəti olaraq Naxçıvan şəhərində kirayə yaşadığını, cavabdehlər isə onun mülkiyyətində olan evində yaşamağına maneələr yaratdıqlarını iddia etmiş, mülkiyyətçi kimi öz əmlakı üzərində sahiblik və istifadə və sərəncam hüquqlarını həyata keçirmək məqsədilə məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində yaşamağına yaradılmış maneələrin aradan qaldırılması və həmin evə məcburi qaydada köçürülməsini, eyni zamanda hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aparılmış məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlak- Naxçıvan MR Şərur rayon Yuxarı Daşarx kəndində olan 0,2158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Belə olan təqdirdə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı törədilən maneələrin aradan qaldırılması və mülkiyyətində olan evə məcburi qaydada köçürülməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin olunmalıdır. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd etdikləri ilə əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İhissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır, çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ nəin ki, mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının: 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evinə hüquqi əsas olmadan yaşamağına yaradılmış maneələr onun sözügedən əmlaka mülkiyyət hüququnun şərti və qeyri-sabit xarakter almasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur ki, buna görə də məhkəmə mülkiyyət hüququnun müdafiə edilməsini nəzərdə tutan maddi hüquq normalarına əsaslanmaqla bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində yaşamağına yaradılmış maneələr aradan qaldırılmalı və İddiaçı həmin evə məcburi qaydada köçürülməlidir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda məhkəmə iddiaçı pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehlərdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Hüquqi yardım üzrə xidmət müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və hüquqi xidmətə görə vəkilə 250 (iki yüz əlli) manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və Mülki Prosesual Məcəllənin 121-ci maddəsinin tələbindən çıxış edərək hesab edir ki, hüquqi xidmətə görə çəkilmiş xərcin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan və iddiaçı ödənilmiş dövlət rüsumlarının da cavabdehlərdən tutulmasını tələb etdiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzləri də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı Şərur rayonu Yuxarı Daşarx kəndində mülkiyyətində olan ümumi sahəsi 111.15 kv.m olan fərdi yaşayış evində yaşamağına yaradılmış maneələr aradan qaldırılsın və İddiaçı həmin evə məcburi qaydada köçürülsün. İddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 250 (iki yüz əlli) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzləri olaraq cəmi 260 (iki yüz altmış) manat pul cavabdehlərdən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar