Məhkəmə qərarları › İş №2(110)-505/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-505/2023

22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-505/2023 22.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaların geri qaytarılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus1 ədə qızıl qolbaq İtaliya istehsalı 11,6 qram-1400 manat, 1 ədəd ağ qızıl sep kolye İtaliya istehsalı 15,4 qram-1850 manat, 1 ədəd ağ qızıl nişan üzüyü 22 qram-1700 manat, 1 ədəd qızıl üzük 10 qram-610 manat, 1 ədəd ağ qızıl üzük 8 qram 642 manat ümumi dəyəri 6202 manat, qızıl zinət əşyaların özünü, əşyaların olmadığı təqdirdə 6202 manat, mediatora ödənilən 51 manat, 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə xx.xx.2016-cı il tarixdə evləndiklərini, birgə nikahdan xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2020-ci il tarixdə X4 doğulduğunu, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1790/2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmasının və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət olunduğunu, cavabdehlə evlənən vaxtı ona hədiyyə olunan qızılzinət əşyaları yaşadıqları evdə qaldığını, cavabdehin onları qaytarmadığını, hal-hazırda uşaqları ilə birlikdə ayrı yaşadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə telefonoqram göndərilənzaman məhkəmə iclası barədə məlumatının olduğunu, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, iddiaçı evi tərk etdikdən sonra özünün 7 ay narkoloji dispanserdə müalicə aldığını, müalicədən qayıtdıqdan sonra iddiaçının evdə olan bütün əşyaları və qızıllarını apardığını gördüyünü, iddiaçının əxlaqsızlığına görə nikahlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, xx.xx.2022-ci il tarixdə cavabdehin qardaşına zəng vuraraq onları 2-3 günlük anasıgilə aparmağını istədiyini, qardaşının uşaqları ilə birlikdə onları anasıgilə apardığını, 3-4 gündən sonra cavabdehdən xəbər çıxmadığını, sonra Elvinin narkotik vasitələrdən istifadə etdiyini öyrəndiyini, sonra cavabdehin atası ilə bərabər gedib evdə olan cehizlərini götürdüyünü, amma qızıllarının olmadığını, cavabdehin çoxlu borcları olduğunu, qonşularından 4000 manat pul alıb yoldaşına verdiyini, qonşunun da israrla pulunu tələb etdiyini, qayınatası pul göndərdikdən sonra qonşunun pulunu qaytardığını, evdən 2-3 günlüyə anasıgilə getmək üçün çıxdığını, həmin vaxtı mübahisə etmədiklərini, özü ilə bir dəst paltar götürdüyünü, qızıllarının həmişə yoldaşında olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində və verilən suallara cavabında oğlugilin 2016-cı ildə evləndiklərini, 2 uşaqlarının olduğunu, onların evləndikdən sonra Bakı şəhərində özünə məxsus evdə yaşadıqlarını, sonra həmin evi oğlunun borclarını ödəmək üçün 150000 manata satdığını, evi satacağını üçün iddiaçıya evdən əşyalarını götürməsini istəyəndə Fidanın isə əşyalarını aparacaq yerinin olmadığını bildirdiyini, bunun üçün iddiaçıya kirayə ev tutduğunu, 2022-ci ilin aprel ayında evi satdığını, oğlunun götürdüyü 38000 manat krediti bağladığını, cavabdehin əlavə olaraq 10000 və 20000 manat borclarını və Fidanın qonşudan aldığı borcunu da özünün ödədiyini, oğlunun mərc oyunlarına da pul yatırdığını, Fidanın evdən əşyalarını götürən vaxtı qızıllarını götürmədiyini, oğlunun toyunu Bakı şəhərində etdiklərini, qızılları Bakı şəhərindən 3000 manat aldıqlarını,oğlunun pulu götürüb dayısına obyekt açmaq üçün verdiyini desə də dayısı ona ümumiyyətlə pul verilmədiyini bildirmişdir. İş materiallarında olan fotoşəkillərə iddiaçının və mütəxəssisin iştirakı baxış keçirilmiş, fotoşəkillərdə iddia ərizəsində qeyd olunan zinət əşyalarının iddiaçının üzərində olduğu müəyyən olunmuşdur. Mütəxəssis məsləhəti: X1 izahatında ona təqdim edilmiş şəkillərdəki zinət əşyalarının hazırkı alış qiymətinin ağ və sarı qızıl olmasından asılı olaraq 60-75 manatdan hesablandığını, 1 ədəd 11,6 qram qızıl qolbaq qramı 60 manatdan 696 manat, 1 ədəd 15,4 qram ağ qızıl boyunbağı qramı 70 manatdan 1078 manat, 1 ədəd 8 qram ağ qızıl nişan üzük qramı 75 manatdan 600 manat, 1 ədəd 10 qram qızıl kalço üzük qramı 60 manatdan 600 manat, 1 ədəd 5 qram qaşlı üzük qramı 60 manatdan 300 manat olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1790/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasındakı xx.xx.2016-cı il tarixli 31 saylı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında qalması və həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. İddiaçıya toyunda hədiyyə olaraq alınmış qızıl-zinət əşyaların qaytarılmasından imtina edilmişdir. İş materiallarında olan fotoşəkillərin tədqiqindən müəyyən olunur ki, iddiaçıya hədiyyə olaraq 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl boyunbağı, 3 ədəd qızıl üzük alınmışdır. Mütəxəssisin izahatına əsasən 1 ədəd qızıl boyunbağının dəyəri 1078 manat, 1 ədəd qızıl qolbağın dəyəri 696 manat, 1 ədəd qızıl qaşlı üzüyün dəyəri 600 manat, 1 ədəd qızıl kalço üzüyün dəyəri 600 manat, 1 ədəd qızıl qaşlı üzüyün dəyəri 300 manat olmaqla, toplamda 3274 manat olması müəyyən olunmuşdur. Cavabdehə telefonoqram gönədərilərkən iddianı qəbul etmədiyini bildirsədə iddia tələbinə dair hər hansı etirazı daxil olmamış, sübutlar təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 34.1-ci mаddəsinə əsаsən nikаhа dаxil оlаnаdək оnlаrа məxsus оlаn əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır); Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh dəyəri 696 manat olan 1 ədəd qızıl qolbağın, dəyəri 1078 manat olan 1 ədəd qızıl boyunbağının, dəyəri 600 manat olan 1 ədəd qızıl qaşlı üzüyün, dəyəri 600 manat olan 1 ədəd qızıl kalço üzüyün və dəyəri 300 manat olan 1 ədəd qızıl qaşlı üzüyün naturada özü, bu mümkün olmadıqda isə ümumi dəyəri olan 3274 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddianın təmin olunmuş hissəsinə münasib olaraq 26,5 manat mediasiya xərci və 16,6 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayonu Ərəbyengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh dəyəri 696 manat olan 1 ədəd qızıl qolbağın, dəyəri 1078 manat olan 1 ədəd qızıl boyunbağının, dəyəri 600 manat olan 1 ədəd qızıl qaşlı üzüyün, dəyəri 600 manat olan 1 ədəd qızıl kalço üzüyün və dəyəri 300 manat olan 1 ədəd qızıl qaşlı üzüyün naturada özü, bu mümkün olmadıqda isə ümumi dəyəri olan 3274 manat, 26,5 manat mediasiya xərcinin və 16,6 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3317,10 manat (üç min üç yüz on yeddi manat on qəpik) pul vəsaiti alınıb ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar