Məhkəmə qərarları › İş №2(110)-618/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-618/2024

25.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-618/2024 25.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz tutulmuş pul vəsaitlərinin geri ödənilməsi və kartlara qoyulmuş qadağanın aradan qaldırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: May ayında Cavabdeh ASC-nin Şərur filialı tərəfindən kredit borcuna görə tutulan aztəminatlı ailələr üçün verilmiş 495 manat ünvanlı sosial yardımın, arvadı X2 borca yönələn əmək haqqından əlavə qalan 166,33 manatın, əlil olan X5 üçün iddiçıya verilən 200 manat müavinət və əlil uşağa baxdığı üçün verilən 100 manat, cəmi 300 manat pulun 50 faizinin (150 manat), cəmi 811,33 (səkkiz yüz on bir manat otuz üç qəpik) manat pulun iddiaçıya geri qaytarılması, kartlara qoyulan qadağanın aradan qaldırılması və gələcək aylarda kredit borcunun Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinə uyğun olaraq arvadı X2 aldığı əmək haqqının 50 faizi məbləğində tutulmasına davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdehin dəyişərək Kapital Bank” ASC kimi müəyyən olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi X3 ilə birgə nikahdan doğulmuş 2 övladı xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü Bəhlül Ramazan Əsgər oğlunun sağlamlıq imkanlarının məhdud olduğunu, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən Bəhlül Ramazan Əsgər oğlunun müalicəsi üçün X2 adına 2000 manat kredit götürdüyünü, özünün ona zamin olduğunu, 12 ay ödədiklərini, lakin sonra maddi vəziyyətləri ilə bağlı ödəyə bilmədiklərini, buna görə də "xxxx" ASC-nin nümayəndəsinin Şərur Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiklərini, X3 və ondan müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 982,61 manat əsas, 125,63 manat faiz borcu olmaqla, cəmi 1108,24 manat kredit borcu və 31,08 manat dövlət rüsumunun tutulmasının qət olunduğunu, özünün heç bir yerdə işləmədiyini, Məhinin Şərur rayon Qorçulu kənd tam orta məktəbində xadimə işlədiyini, xx.xx.2023-cü il tarixdə notarial təsdiqli ərizə ilə Şərur Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borcun əmək haqqının 50 faizinə yönəlməsini xahiş etdiyini, kredit borcu tutulduqdan sonra 166,33 manat əmək haqqı aldığını, 2024-cü ilin may ayınadək hər ay əmək haqqının 50 faizinin tutularaq kredit borcundan silindiyini, lakin may ayında, zamin olduğu üçün onun adına aztəminatlı ailələr üçün verilmiş 495 manat ünvanlı sosial yardımın, X2 borca yönələn əmək haqqından əlavə qalan 166,33 manatın, əlil olan X5 üçün iddiçıya verilən 200 manat müavinət və əlil uşağa baxdığı üçün verilən 100 manat, cəmi 300 manat pulun 50 faizinin qeyri-qanuni tutularaq kredit borcunun ödənilməsinə, qalan 50 faizinin isə bank tərəfindən bloklandığı üçün əldə edə bilmədiklərini, bununla bağlı Cavabdeh ASC-in Şərur rayon Filialına müraciət etdiyini, bank işçisinin bu məsələnin onlarla əlaqəli olmadığını, Bakıdan gələn göstərişlərin icra olunduğunu bildirdiyini, aztəminatlı ailələr üçün verilən 200 manat müavinəti ailənin, ikisi əlil olmaqla dörd uşağın ehtiyac və müalicələri üçün istifadə etdiklərini, həmin pullar bank tərəfindən tutulduğu üçün ailə vəziyyətlərinin ağırlaşdığını, uşağın müalicəsində axsamalar olduğunu, may ayında tutulan pullara görə ailə vəziyyətinin pisləşdiyini, buna görə də həmin pulların qaytarılması üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini bildirib, əlavə olaraq məhkəmədə iddia qaldırıqdan sonra kartlara qoyulmuş bloklar aradan qaldırıldığını, oğlu Bəhlülov Hacı üçün verilən 200 manat və uşağa baxım pulu üçün ona verilən 100 manatdan iyul ayı kredit borcu üçün çıxılmadığını, iyun ayında da 300 manat tutulduğunu, lakin onun hamısının geri ödənildiyini, yoldaşının kartına yüklənən 150 manatın hamısının kredit borcuna çıxıldığını, sosial təminat üçün verilən 495 manatın may ayında tutulduğunu, onun 247,88 manatının geri qaytardıqlarını, 247,47 manatının qaldığını, əlil uşağa görə ödənən 300 manat pulun yarısını da geri qaytarmadıqlarını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə banka məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehin bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan Şərur Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli AZ-ll №508695 nömrəli və Azərbaycan Respublikasının Baş konsulluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-lV № 371884 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 və İddiaçı birgə nikahından X5 və Bəhlül Ramazan Əsgər oğlu doğulub. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X5 və Bəhlül Ramazan Əsgər oğlunun sağlamlıq imkanları məhduddur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(110)- 804/2023 saylı qətnaməsindən görünür ki, 29 sentyabr 2021-ci il tarixli, KT2909/04 saylı Kredit müqaviləsi üzrə cavabdehlər X1 və İddiaçı müştərək qaydada 982.61 manat əsas borc, 125.63 manat faiz borcu, cəmi 1108.24 manat borc və 31.08 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1139.32 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilib. İş materiallarında olan X2 xx.xx.2023-cü il tarixli notariusda verilmiş ərizəsinə əsasən onun əmək haqqının 50%-nin Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə, qalan 50%-nin isə Şərur Rayon Məhkəməsinin 2(110)-804/2023-012 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tutulmasını xahiş etmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı kartlarından 495 manat və 150 manat pul kredit üçün silinmiş, xx.xx.2024cü il tarixdə 247,88 manat pul geri qaytarılmış və 247,47 manat tutulmuşdur. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı övladı X4 18 SİM kimi xx.xx.2013-cü il tarixdən xx.xx.2027-ci il tarixədək 200 manat məbləğində sosial müavinət və qulluğa görə xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək 100 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, təmsilçi İddiaçı olmaqla, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 494,94 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin e-2(110)-804/2023 saylı qətnaməsinə əsasən X1 və İddiaçı müştərək qaydada cəmi 1139.32 manat pulun tutulub "xxxx" ASC-yə ödənilməsi qət olunub. İcra sənədi üzrə ödənişlər qanunla tutulmasına yol verilməyən pul məbləğlərinə yönəldiyi üçün iddiaçı 811,33 manatın geri ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin məbləğin 166,33 manatı X2 əmək haqqından tutulmuşdur ki, hazırkı iş üzrə o iddiaçı deyildir. İddiaçı tutulan aztəminatlı ailələr üçün 495 manat sosial müavinətin 248,88 manatı, əlil uşağa görə ödənən 300 manatın 150 manatı geri qaytarılmış, iyun ayında isə 247,47 manat əlavə tutulmuşdur. Beləliklə cavabdeh bank tərəfindən iddiaçıdan may ayından başlayaraq 645,35 manat pul vəsaiti qanunsuz tutulmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 5.2-ci maddəsinə görə borclunun hesablarına xidmət edən bank və ya digər kredit təşkilatı icra məmurundan icra sənədini aldığı vaxtdan yeddi gün müddətində icra sənədinin pul vəsaitlərinin tutulmasına dair tələblərini icra edir yaxud borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitləri olmadığından, həmin tələblərin tamamilə və ya qismən icra edilməməsi barədə icra sənədində qeyd yazır. Həmin qanunun 43.1.2-ci maddəsinə görə tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiri sayılır. Həmin qanunun 67-ci maddəsinə görə tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir. Həmin qanunun 68.1.3-cü maddəsinə əsasən uşağın doğulması ilə əlaqədar, çoxuşaqlı analara, tənha ata və ya anaya, pensiyaçılara, orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə, sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə, ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə, işdənçıxarma müavinətinin məbləğinə, aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, cavabdeh bank tərəfindən iddiaçının bank hesabına köçürülən ünvanlı dövlət sosial yardım, əlilliyi müəyyən edilmiş uşağa və həmin uşağa baxıma görə ödənən vəsaitlərin tutulması qanunvericiliyin yuxarıda sadalanana tələbləri baxımından qanunsuz olmuşdur. Həmçinin iddiaçıya izah olunur ki, arvadı X1 qanunsuz tutulan kredit ödənişləri ilə bağlı iddia yanlız onun özü və ya səlahiyyəti təsdiq olunmuş nümayəndə və ya vəkili tərəfindən qaldırıla bilər. İddiaçının həmin tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə iclasında iddiaçı kartına qoyulmuş qadağanın aradan qaldırıldığını bildirmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, iddiaçıdan qanunsuz tutulan 645,35 manat pul vəsaiti cavabdeh bankdan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş 23,86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 645,35 manat pul vəsaiti və 23,86 manat dövlət rüsumu olmaqla, cəmi 669,21 manat (altı yüz altmış doqquz manat iyirmi bir qəpik) vəsait tutularaq Şərur rayon Qorçulu kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxlərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxlərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar