Məhkəmə qərarları › İş №2(110)-684/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-684/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-684/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə hüquqi əhəmiyyətli qohumluq və mirasın qəbulu faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2009-cu ildə vəfat etmiş X14 onun atası olması və atasından miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi atası X26 təsərrüfat başçısı olmaqla ailələrinin 5 nəfərdən ibarət olduğunu, atasının 14 il əvvəl xx.xx.2009-cu ildə, X2nın isə xx.xx.2004-cü ildə vəfat etdiyini, onların vəfatından sonra atasının adına olan torpaq sahəsinin ona miras qaldığını, onun qardaş və bacısının ailə təsərrüfatından ayrıldığını, özlərinə məxsus evləri olduğunu, orada yaşadıqlarını, onun atasından qalan mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, digər qardaş və bacısının mirasla bağlı heç bir tələblərinin olmadığını, atasından qalmış əmlakı qəbul etmək üçün sənədləri topladığı zaman doğum akt qeydlərində olan uyğunsuzluq ona mirasın qəbulu ilə bağlı şəhadətnamənin verilməsinin mümkün olmayacağının bildirildiyini, atası ilə anası arasında rəsmi nikah olmaması səbəbindən doğum akt qeydlərində onun və atasının soyadı anasının istəyi ilə Muradova kimi qeyd edildiyini, ailə qurduqdan sonra isə həmin soyadın da ərinin soyadına uyğunlaşdırılaraq rəsmi sənədlərdə Vəliyeva kimi yazıldığını, buna görə də mirası rəsmi qaydada qəbul etməyi üçün atası ilə qohumluq münasibətlərinin sənədlərlə öz təsdiqini tapmadığını, lakin həmin ailənin qızı olduğunu şahidlərin təsdiq edə bildiyini, atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyində Notariat Ofisinin notariusu tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxılması, qohumluq münasibətlərinin müəyyən olunmaması səbəbindən ona vərəsəlik haqqında şəhadətnaməni verməkdən imtina etdiklərini, onun X14 qızı və aralarındakı qohumluq münasibətinin olmasını eyni zamanda mirasının onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa yolla sübut edə bilmədiyini, atasının vəfatından sonra qalan mirasın onun tərəfindən qəbul edilməsinə həmkəndlilərinin şahidlik edə bildiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilən suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anasının vəfatından sonra atasının başqa qadınla evləndiyini, həmin qadınla kəndlərində başqa evdə yaşadığını, onların nikahlarının olmadığını, Həsənov Azad adlı nikahdan kənar bir uşağın doğulduğunu, ata evləri olan torpaq sahəsində olan ev yararsız vəziyyətdə olduğu üçün söküldüyünü, atası vəfat edəndən həyətə onun nəzarət etdiyini, ağacları suvardığını, balaca bacısını gətirib baxdığını, digər bacılarının isə evləndiyini bildirərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında və verilən suallara cavabında Danyeri kəndində Yusif kişi ilə qonşu olduğunu, sonradan Bakı şəhərində yaşamağa başladığını, artıq 5 ildir ki, orada yaşadığını, Yusifin ikinci dəfə evləndiyi qadınla başqa evdə yaşadığını, özünün torpaq sahəsində olan evin söküldüyünü, hazırda ev olmadığını, onların yas mərasimində iştirak etmədiyini, onlardan aralıda olduqları üçün torpağa kimin baxdığını deyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X27 izahatında və verilən suallara cavabında ərizəçinin kəndin sonunda evləri olduğunu, anasının sağlığında həmin evdə yaşadığını, Zöhrə vəfat edəndən sonra Yusifin başqa qadınla evləndiyini, kənddə Gülnisə adlı qadının evində yaşamağa başladığını, öz evi isə uçmuş vəziyyətdə olduğundan orada heç kimin yaşamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında və verilən suallara cavabında Zöhrə vəfat edəndən sonra Yusifin başqa qadınla evləndiyini, başqa evdə yaşadığını, öz evinin boş qaldığını, həmin ev yararsız olduğundan orada yaşayanın olmadığını, indi isə həyətdə meyvə ağaclarının olduğunu, Azadənin həyətə nəzarət etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında və verilən suallara cavabında 1972-ci ildən Danyeri kəndində yaşadığını, Yusif kişi ilə qonşu olduqlarını, Zöhrə xanım vəfat edəndən sonra Yusif evləndiyini və başqa evdə yaşamağa başladığını, həmin həyətdəki ev uçduğunu, Azadənin Yusif kişinin qızı olduğunu və onun ailəsində böyüdüyünü, hal-hazırda həyətdə ağaclar olduğunu, ora Azadənin nəzarət etdiyini, Azadədən başqa orada heç kim görmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 izahatında və verilən suallara cavabında Yusif kişi ilə qonşu olduqlarını, birinci Zöhrənin sonra Yusif vəfat etdiyini, Zöhrə vəfat edəndən sonra orada heç kim yaşamadığını, həyətə isə Azadənin nəzarət etdiyini, Azadənin Yusif kişinin ailəsində böyüdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında və verilən suallara cavabında Danyeri kəndində yaşadığını, Yusif ilə qonşu olduqlarını, Yusif vəfat edəndən sonra həyətə Azadənin baxdığını, həmçinin Azadə həyətə baxmağını ona tapşırdığını, Azadənin Yusifin qızı olduğunu, onun ailəsində böyüdüyünü bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 257562 nömrəli nikah akt qeydi üzrə çıxarışdan görünür ki, X26 ilə X16 xx.xx.1995ci ildə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Danyeri kənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 596046 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Danyeri kənd İnzibat Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 700995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon Danyeri kənd İƏDN-in xx.xx.2023-cü il tarixli 154 nömrəli arayışından görünür ki, X26 vəfat edəndən sonra onun vərəsələri X17, X12, X18, X19, X22 qalmışdır. İş materiallarında olan JN-408 seriyalı, 10200078 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 nömrəli qərarı ilə Şərur rayon Şəhid Məmməd kəndində yerləşən 0.44 ha kənd təsərrüfat təyinaylı torpaq sahəsi X23 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X18, X19, X1 Yusif İsa oğlundan qalmış miras əmlakdan imtina ediblər. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum akt qeydi üzrə çıxarışdan görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X7 atası X20r. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1988-ci ildə Şərur rayon Danyeri kəndində doğulmuş, lakin doğum şəhadətnaməsində ata adı qeyd edilməmişdir. O atası ilə bir ailədə yaşamış və atası ölənə qədər özünü Azadənin atası olduğunu etiraf etmişdir. X2 xx.xx.2004-cü il tarixdə, atası X26 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Onların vərəsələri X17, X12, X18, X8r. Digər vərəsələr mirası qəbul etməmişlər və bu barədə notarial ərizə vermişlər. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X13 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra qohumluq faktının müəyyən olunması və mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ərizəçinin X26 ilə qohumluq münasibətinin olması və mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən olunmuşdur. X13 miras qalan topaq sahəsi həmin şəxsin sağlığında və vəfatından sonra ərizəçinin istifadəsində olmuşdur. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə də müəyyən olunmuşdur. Vərəsələr arayışında adı qeyd olunan X7 X26 ilə qohumluq faktı təsdiq olunmamışdır. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə görə məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X14 Ərizəçi atası olması faktı və X13 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2009-cu il tarixdə ölmüş X14 xx.xx.1988-ci il tarixdə doğlumuş Ərizəçi atası olması faktı müəyyən edilsin. X13 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar