Məhkəmə qərarları › İş №2(110)-689/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-689/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-689/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 05 №-li qərarı ilə JN-179 № ilə (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh ailə başçısı olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birə mülkiyyətinə verilmiş 0.59 ha və JN-180 № ilə (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən anası X9 ailə başçısı olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.3 ha, ümumilikdə 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin almaq üçün ona ödədiyi 500 ABŞ dollarının bu günə manata olan ekvivalenti ilə 850 manat, əldən çıxmış fayda qismində isə bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqini, yəni 17150 manat, ümumilikdə 18000 manat və ödənilmiş 144 manat məbləğində dövlət rüsumu, cəmi 18144 manat məbləğində pulun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2002-ci ilin sonlarında həmkəndlisi Cavabdeh ailəliklə işləmək məqsədi ilə Türkiyə Respublikasına getmək istədiyini, lakin pulunun olmadığını, ona görə də Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 05 №-li qərarı ilə JN-179 № ilə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh ailə başçısı olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birə mülkiyyətinə verilmiş 0.59 ha və JN-180 № ilə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən anası X9 ailə başçısı olmaqla 2 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.3 ha, ümumilikdə 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satmaq istədiyini, Cavabdeh ilə həmin torpaq sahələrinin 500 ABŞ dollarına qiymətləndirərək satın alacağı barədə razılaşdıqlarını, torpaq sahələrinin alqı-satqısını rəsmiləşdirmək məqsədi ilə Şərur rayon Arbatan kənd Bələdiyyəsində Cavabdeh və tərəfindən şahid qismində X1, iddiaçının və onun tərəfindən şahid qismində X10 iştirakları ilə alqı-satqı barədə akt tərtib edilərək Şərur rayon Arbatan kənd Bələdiyyəsinin möhürü ilə təsdiq edildiyini, xx.xx.2002-ci il tarixdə torpaq sahələrinin alqı-satqısı Sədərək rayon Dövlət Notariat Kontorunda rəsmi olaraq notrial qaydada təsdiq edildiyini, lakin həmin müddətdə maddi imkanının yaxşı olmaması səbəbindən mübahisəli torpaq sahəsini adına rəsmiləşdirə bilmədiyini, həmin torpaq sahəsinin bu günə kimi onun istifdəsində olduğunu, uzun müddət ərzində dəfələrlə Cavabdeh ondan aldığı torpaq sahələrini adına rəsmiləşdirilməsini bildirsə də hər dəfə cavadeh ailə üzvlərinin Türkiyədə olduğunu, narahat olmamağını, ailə üzvlərinin Türkiyədən qayıtdıqdan sonra istədiyi vaxt gedib torpaq sahələrini adına sənədləşdirəcəyini, iddiaçıya bir həmkəndli və qonşu olaraq inanaraq bu günə kimi mübahisəli torpaq sahələrini adına rəsmiləşdirmədiyini, 2002-ci ildə yenə də cavabdehə ondan 2002-ci ildə notarial qaydada alqı-satqı müqaviləsinə əsasən satın aldığı torpaq sahəsini adına rəsmiləşdirmək üçün notariat ofisinə getməklərini bildirdiyini, cavabdehin torpaq sahələrini artıq satmaq istəmədiyini və qaytarmaq istədiyini dediyini, dəfələrlə cavabdehə aralarında olan razılaşmanı xatırladaraq torpağın alqı-satqısını notarial qaydada rəsmiləşdirməsini bildirdikdə cavabdehin hər dəfə torpağı ona satmadığını, kirayə verdiyini və geri qaytarmaq istədiyini bildirərək torpaq sahələrinin alqı-satqısının rəsmiləşdirilməsindən yayındığını, 2002-ci ildə 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini aralarında olan razılaşmaya əsasən 500 ABŞ dolları ödəməklə satın aldığını, bu gün həmin torpaq sahəsinin qiyməti hər 1000 m²-nin bazar qiyməti ilə dəyərinin 2000 manat etdiyini, bunun da həmin torpaq sahəsinin bazar qiyməti ilə ümumi dəyəri 18000 manat etdiyini, cavabdehə həmin torpaq sahələrini 2002-ci ildə 500 ABŞ dolları (bu günə manata olan ekvivalenti ilə 850 manat) və əldən çıxmış fayda qismində bu günə bazar qiyməti ilə həmin torpaq sahələrinin dəyərinin fərqini ödəyəcəyi təqdirdə ondan aldığı torpaq sahələrini geri qaytaracağını bildirdiyini, cavabdehin razılaşmayaraq bir daha torpağı ona satmadığını, kirayə verdiyini və ona pul qaytarmayacağını bildirdiyindən məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddianı müdafiə edərək öz haqqını tələb etdiyini, ya torpaq sahəsini onun adına rəsmiləşdirilməsini, ya da onun 18 min manat pulunu verməsini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, torpağın onun olduğunu və onu icarəyə verdiyini, 2010-cu ildə Türkiyəyə getdiyini, 22 il ərzində torpaq sahəsini əkib-becərib və qazanc əldə etdiyini, iddaçının azot alması üçün sənədlərin lazım olduğunu bildirdiyindən sənədləri ona verdiyini, notariusa heç bir ərizə vermədiyini, torpaq sahəsini satmışdısa niyə 22 il ərzində torpağı adına rəsmiləşdirmədiyini, ekspertizanın keçirilməsindən xəbərinin olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 ifadəsində və verilmiş sualara cavabında torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini, onlara pul vermədiyini, indi ondan torpaq sahələrini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 ifadəsində və verilmiş sualara cavabında həmin vaxtı balaca olduğunu, heç nəyi xatırlamadığını bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb olunmuş Sadiqova (Ağayeva) Firəngiz Zərdabi qızı və Sadiqova ( Qulusoy) Fatimə Zərdabi qızı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə MPM-in 185-ci maddəsinə uyğun olaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-179 nömrəli kod 10205028 olan dövlət aktına əsasən Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 05 №-li qərarı ilə 0.59 ha torpaq sahəsi Cavabdeh, X13, X2 və X5 mülkiyyət hüququ əsasında məxsus olmuşdur. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-180 № li KOD 10205028 dövlət aktına əsasən Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 05 №-li qərarı ilə 0.30 ha torpaq sahəsi X11 və X7 mülkiyyət hüququ əsasında məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh ona və ailəsinə məxsus JN-179 KOD 10205028 və JN-180 KOD 10205028 torpaq sahələrini İddiaçı 500 dollara satdığını qeyd etmişdir. İş materiallarında olan əlyazma ilə tərtib edilmiş tarixi göstərilməyən alqı-satqı aktından görünür ki, Cavabdeh ailə üzvlərinin razılığı ilə doqquz put torpaq sahəsini 300000 manata İddiaçı satdığı, gələcəkdə onun təərfindən heç bir narazılıq olmayacağı, torpağın sənədləşdirmə məsələsi ortaya çıxarsa özü tərəfindən sənədləşdirmə işlərinə köməklik edəcəyi göstərilmiş, akt İddiaçı, Cavabdeh, X15 və Bələdiyyənin sədri X8 tərəfindən imzalanmış və bələdiyənin möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Şərur rayon Arbatan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışından görünür ki, İddiaçı 0.89 ha pay torpağına 2021-2023-cü illər üçün yeddi manat suvarma pulu ödəmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-33-3/2-276/2024 nömrəli məktubundan görünür ki, Cavabdeh ekspertiza mərkəzinə getmədiyindən, sərbəst xətt nümunələri ekspertizaya təqdim olunmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Mərkəzi Bankının rəsmi internet resursundan çıxarışdan görünür ki, iddia qaldırılan xx.xx.2024-cü il tarixə 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1.70 manat təşkil edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində və verilmiş sualara cavabında həmin söhbətlərin üstündən çox vaxt keçdiyi üçün dəqiq xatırlaya bilmədiyini, həmin vaxtı bələdiyyə sədri vəzifəsində işlədiyini, Xəlilov Arif ilə şahid qismində olduğunu, imzanın onun imzası olduğunu, nəyi imzalamışdırsa düzgün yazıldığını, imzanın həqiqiliyini təsdiq etdiyini, möhürün bələdiyyənin möhürü olduğunu, kənddə həmin torpaq sahəsinin Rövşənin aldığını dediklərini, neçə illərdi ki, oranı Rövşənin əkib-becərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində və verilmiş sualara cavabında tərəflərlə qonşu olduğunu, onların arasındakı məsələnin çoxdankı məsələ olduğuna görə tam xatırlaya bilmədiyini, həmin aktdakı imzanın onun imzası olduğunu, kənddə həmin torpaq sahəsini Rövşənin aldığını və onun əkib becərdiyini bildiklərini, pulun verilməsi ilə bağlı məlumatının olmadığını, onun yanında pul verilmədiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq alqı-satqı münasibətlərinə daxil olmuşlar. Cavabdeh özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini 500 dollara iddiaçıya satmaq barədə razılaşmışdır. Lakin tərəflər arasında qanunvericiliyə uyğun alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh torpaq sahəsini satması ilə bağlı iradə ifadəsini göstərən notarial qaydada verilmiş ərizənin onun tərəfindən yazılmadığını bildirmişdir. İş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, cavabdehə sərbəst xətt nümunələri təqdim olunması təklif olunsa da, o sərbəst xətt nümunələrini ekspertizaya təqdim etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Ekspertizanın keçirilməsinin mümkünsüzlüyü cavabdehin hərəkətsizliyi (sərbəst xətt nümunələrinin təqdim etməməsi) ilə bağlı olduğundan məhkəmə MPM-in 97.5-ci maddəsinə əsasən ərizənin məhz cavabdehin özü tərəfindən yazılması qənaətinə gəlmişdir. Cavabdeh iddianı qəbul etmədiyini bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh torpaq sahəsini icarəyə verdiyini bildirsə də bununla bağlı da hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh özünə və ailəsinə məxsus torpaq sahəsini iddiaçıya satmaqla bağlı razılığa gəlmiş, iddiaçıdan 500 ABŞ dolları alaraq onu iddiaçının istifadəsinə vermiş, lakin ailə üzvlərinin razılığı alınmamış, notarial qaydada alqı-satqı müqaviləsi imzalanmamışdır. Beləliklə cavabden iddiaçıdan 500 dollar almaqla və notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla əsassız varlanmışdır. Buna görə də məhkəmə iddiaçının həmin məbləğin iddia qaldırılarkən göstərdiyi manat ekvivalenti olan 850 manat pul tələbini əsaslı hesab edir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Digər tərəfdən iddiaçının əldə çıxmış fayda qismində 17150 manat tələbini məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsi 2002-ci ildən bəri uzun müddətdə iddiaçının əvəzsiz istifadəsində olmuşdur. İddiaçının həmin torpaq sahəsindən faydalanması isə işin mübahisəsiz halıdır. Bun görə məhkəmə həmin hissədə iddiaçının tələbinin qanuni əsası olmadığı qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 850 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 6,80 manat (altı manat səksən qəpik) məhkəmə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 6,80 manat (altı manat səksən qəpik) məhkəmə xərci olmaqla, ümumilikdə 856,80 manat (səkkiz yüz əlli altı manat səksən qəpik) alınaraq Şərur rayon Arbatan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar