Məhkəmə qərarları › İş №2(110)-765/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-765/2023

01.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-765/2023 01.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış və istifadə hüququ verilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Gümüşlü kəndində yerləşən mərhum qaynatası X7 mülkiyyətində olan evdə yaşayıb və istifadə etmək üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və ona həmin evdə yaşayış və istifadə hüququnun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 1997-ci ildə Şərur rayon Gümüşlü kənd sakini X4 ilə ailə qurduğunu, ailə qurduqdan sonra onların Məhəmmədin valideynləri ilə yaşamağa başladıqlarını, onların birgə nikahdan üç övladının doğulduğunu 2022-ci ildə sabiq həyat yoldaşı X2 ərizəsi ilə Şərur Rayon Məhkəməsində onların aralarında olan nikahın pozulduğunu, övladlarının ikisinin artıq yetkinlik yaşlarına çatdığını, xx.xx.2009-cu il təvəllüdlü X3 isə onunla qalmasının Məhkəmə tərəfindən müəyyən olunduğunu, nikahın pozulması ərəfəsində onun qısa müddətə atasının himayəsində yaşasa da, 2023-cü ilin aprel ayından onun övladı ilə birlikdə gəlin köçdüyü mərhum qaynatası X7 mülkiyyətində olan evə qayıtdığını və orada yaşadığını, onun həmin evin yenidən qurulmasında çox zəhmətinin olduğunu, nikah dövründə qazandıqlarını hazırda yaşadığı evə xərclədiyini, lakin sabiq qaynanası Cavabdeh2 və qaynı Cavabdeh1 onun həmin evdə yaşamağına maneələr yaratdığını, onun yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X3 tərbiyəsi və təhsili ilə məşğul olmağına maneələr yaratdıqlarını, onun isə başqa qalacaq yerinin olmadığını, onlarla bu barədə söhbətlər aparılsa da, bunun heç bir əhəmiyyətinin olmadığını, ona görə də gəlin köçdüyü evdə yaşayış və istifadə hüququnun təmin olunması üçün məhkəməyə mürciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddiaçı ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında, hal-hazırda yaşadıqları evin 1962-ci ildə dövlət tərəfindən atasına verildiyini, həmin ildən orada yaşadıqlarını, 1967-ci ildə atası vəfat etdikdən sonra həmin evdə anaları və 4 bacı olaraq yaşadıqlarını, 1969-cu ildə anası vəfat etdikdən sonra 4 bacı orada yaşamağa davam etdiklərini, 1970-ci ildə X12 ilə evləndiyini, həmin evdə yaşadıqlarını, bacıları ailə qurduqdan sonra həmin evdə İsrafillə özünün və övladlarının yaşadığını, torpaq islahatı zamanı həmin torpağın mərhum əri X7 mülkiyyətinə verildiyini, lakin üzərindəki evin sənədləşdirmədiklərini, 1995-ci ildə Hekayətin oğlu Məhəmmədlə evlənib həmin evə gəlin köçdüyünü, 2022-ci ilin sentyabr ayına qədər birlikdə yaşadıqlarını, əri ilə yola gedə bilmədikləri üçün 2023-cü ilin aprel ayında nikahlarının pozulduğunu, onlarla yaşaması üçün iddiaçının həmin evə köçməsinə razılıq verdiyini, iddiaçının həmin evə qayıtdığını, 2 ay orada yaşadıqdan sonra aralarındada mübahisə olduğunu, mərhum ərini söydüyünə görə iddiaçını evdən çıxardıqlarını, onun da atasının evinə getdiyini, iddiaçının evdə hamı ilə küsülü olduğunu, heç kəslə yola gedə bilmədiyini, hətta övladlarının belə onu danışdırmadıqlarını, onların bir evdə yaşamaqlarının mümkün olmayacağını, onlar arasında mübahisənin bitməsi üçün iddiaçıya iddiadan imtina etməsi üçün 2000 manat kompensasiya təklif etdiyini, qəbul edərsə bu mübahisənin bitirmək istədiyini, qəbul etməzsə məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında mübahisə predmeti olan evin və onun həyətyanı torpaq sahəsinin əvvəlcə ana babasına məxsus olduğunu, lakin islahat dövrü həmin torpaq sahəsinin atasının adına işləndiyini, həmin torpaq sahəsi atasının mülkiyyətində olsada, üzərində yerləşən evin heç kimin adına sənədləşdirmədiyini, 1995-ci ildə Hekayətin qardaşı Məhəmmədlə evlənib həmin evə gəlin köçdüyünü, 2022-ci ilin sentyabr ayınadək orada yaşadığını, həmin evin bir neçə il əvvəl yandığını, anasına xatir evin bütün təmir işlərini öz qazancı hesabına etdiyini, Hekayətlə Məhəmmədin həmin evin təmirinə pul xərcləmədiklərini, iddiaçı Məhəmmədlə yola gedə bilmədikləri üçün 2023-cü ilin aprel ayında onların nikahlarının pozulduğunu, anasının razılığı ilə iddiaçının yenidən həmin evə köçərək orada yaşadığını, 2 ay orada yaşadıqdan sonra evə olan mübahisəyə görə, iddiaçı atasını söydüyü üçün anası tərəfindən iddiaçının evdən çıxarıldığını, iddiaçının evdə hamı ilə küsülü olduğunu, heç kəslə yola gedə bilmədiyini, hətta övladlarının belə onu danışdırmadıqlarını, haliyədə həmin evdə anasının, qardaşı Məhəmmədin və qardaşının uşaqlarının yaşadığını, onun həmin evdə yaşamadığını, özünə məxsus evinin olduğunu, ailəsi və uşaqları ilə birlikdə özlərinə məxsus evdə yaşadıqlarını, ona görədə Hekayətin həmin evdə yaşamasına onun tərəfindən heç bir mane yaradılmadığını, həmçinin iddiaçının anası Sevil, keçmiş əri Məhəmməd və münasibətləri kəskin olduğu uşaqları ilə birlikdə bir evdə yaşamaqlarının mümkün olmayacağını, onlar arasında mübahisənin bitməsi üçün iddiaçıya iddiadan imtina etməsi üçün anasının təklif etdiyi 2000 manat kompensasiyanın üzərinə öz vəsaitindən əlavə 500 manat olmaqla, ümumilikdə 2500 manat kompensasiya təklif etdiyini, qəbul edərsə bu mübahisənin bitirmək istədiyini, qəbul etməzsə məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı əlavə olaraq izahatında cavabdehlərin kompensasiya təkliflərini qəbul etmədiyini, ona pul lazım olmadığını, yalnız əziyyət çəkib tikib-qurduğu evdən yaşayış və istifadə hüququ tələb etdiyini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehlərin izahatlarına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli, AZ-İ № 402440 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah 14 iyul 2023-cü il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 72 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bağırova” soyadı verilmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası X4, anası İddiaçıdır. - Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(110)-44/2023 saylı qətnaməsinin məzmunundan görünür ki, X4 və İddiaçı arasındakı Şərur rayon Yaycı İƏDN-də bağlanmış xx.xx.1997-ci il tarixli 01 saylı nikah pozulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 03/319 nömrəli məktubundan görünür ki, Şərur rayon Gümüşlü kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh2 və X7 adına Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı 1995-ci il tarixdə el adət-ənənələrinə uyğun olaraq cavabdeh X4 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, iddiaçı keçmiş qayınatası X12 tərəfindən Şərur rayon Gümüşlü kəndində hazırkı mübahisə predmeti olan yaşayış evinə qeyd-şərtsiz gəlin köçürülməklə orada yaşamış və həmin evdə onlarla bərabər birgə yaşamaqla təsərrüfatı birgə idarə etmiş, həmin yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək ixtiyarına malik olmuşdur. Eyni zamanda məhkəmə baxışı iclasında iştirak edə cavabdehlər də bu faktı təsdiq etmişlər. Həmçinin iddiaçının uşaqları da Şərur rayon Gümüşlü kəndində yerləşən mübahisəli fərdi yaşayış evində yaşadığı dövrdə doğulmuşlar. Haliyədə iddiaçının keçmiş mərhum qatınatası X12 rəhmətə getsədə, hazırkı mübahisə predmeti olan yaşayış sahəsində Cavabdeh2, iddiaçının keçmiş əri və iki uşağı yaşayırlar. Həmçinin həmin yaşayış evi dövlət qeydiyyatına alınmasada, onun yerləşdiyi torpaq sahəsinin iddiaçının keçmiş qayınatası mərhum X7 mülkiyyətində olması məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin izahatları öz təstiqini tapmaqdadır. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunaraq İddiaçı mərhum qayınatası X8 məxsus Şərur rayon Gümüşlü kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilməli, Cavabdeh2 tərəfindən İddiaçı mərhum qayınatası X8 məxsus Şərur rayon Gümüşlü kəndində yerləşən yaşayış sahəsindən istifadəyə yaradılmış maneələr ardan qaldırılmalı, Cavabdeh1 münasibətdə isə iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd olunur ki, iddiaçı iddia tələbində Cavabdeh1 da cavabdeh qismində işə cəlb etsə də, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ümumiyyətlə mübahisə predmeti olan yaşayış sahəsində yaşamır, həmin yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur, iddiaçının həmin yaşayış sahəsindən istifadə etməsinə heç bir mane yaratmamaqdadır. Onun Şərur rayon Gümüşlü kəndinə özünə məxsus yaşayış evi mövcuddur və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqdadır. Ona görədə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olmadığından həmin hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdehlərinn etrafedici izahatları ilə müəyyən olunmuşdur ki, Şərur rayon Gümüşlü kəndinə X8 məxsus fərdi yaşayış evi mövcuddur. Məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evi dövlət qeydiyyatından keçməsədə, mərhum X12 həmin evə sərəncam hüququ əldə etməsədə onun həmin yaşayış evinə sahiblik və istifadə hüquqları mövcud olmuşdur. Sahiblik və istifadə hüquququ da öz növbəsində mülkiyyət hüququnun digər iki elementini özündə etiva etmiş olur ki, buna görə də bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edirki, iddia tələbi üzrə İddiaçı iddia tələbindəki “yaşayış və istifadə hüququnun tanınması” tələbi məhkəmə tərəfindən “yaşayış sahəsindən istifadə hüququ”kimi qəbul olunur və bu cür başa düşülməsinin düzgün olması qənaətinə gəlir. Məhkəmə mübahisənin həlli ilə bağlı hansı maddi hüquq normasının tədbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1dək yarandığından mübahisənin həlli zamanı 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tədbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu il oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.”Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer uzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer uzrə qeydiyyata alınmalıdır; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mulkiyyətci kimi icarə və kirayə muqaviləsi uzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil muəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mərhum qayınatası X8 məxsus Şərur rayon Gümüşlü kəndində yerləşən yaşayış sahəsindən istifadə hüququ verilsin. Cavabdeh2 tərəfindən İddiaçı mərhum qayınatası X8 məxsus Şərur rayon Gümüşlü kəndində yerləşən yaşayış sahəsindən istifadəyə yaradılmış maneələr ardan qaldırılsın. İddia digər hissədə rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar