Məhkəmə qərarları › İş №2(110)-89/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-89/2021

24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-89/2021 24.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Famil oğluna qarşı əmlak tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Şərur rayon Düdəngə kəndində ümumi sahəsi 1079 m2 həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş 4 otaqlı ümumi sahəsi 168 m2 olan fərdi yaşayış evindən ona düşən ½ payın müəyyən olunmasını, toyunda ona hədiyyə olaraq alınmış qızıl-zinət və cehizlik əşyalarının, yaxud dəyərinin, iddia ərizəsində sadaladığı əmlakların isə birgə nikah dövründə qazanılmış əmlak olduğundan naturada və yaxud dəyərinin yarısını alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi cehizlik əşyalar və hədiyyələri cavabdehlə razılaşıb götürdüyündən və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarını isə birgə nikah dövründə əldə etdiyi üçün məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək birgə nikah dövründə əldə edilmiş torpağa ½ payın müəyyən olunması, qızıl-zinət əşyalarına - dəyəri 800 manat olan 1 ədəd qızıl bilərzik, dəyəri 550 manat olan 1 ədəd qızıl sırğa və üzük dəstinin, dəyəri 200 manat olan 1 ədəd qızıl təkqaşlı üzüyə ½ payının müəyyən olunması və ona çatan paya görə pul kompensasiyasının ödənilməsi, iddia ərizəsində göstərdiyi birgə nikah dövründə əldə etdikləri əmlaklara ½ payın müəyyən olunması, ona çatan payın naturada ayrılması, bu mümkün olmadıqda isə ona çatan paya görə pul kompensasiyasının ödənilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir və ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi, cavabdehlə 20.08.2003-cü il tarixdə nikaha daxil olduqlarını, xasiyyətlərinin uyğun gəlmədiyindən aralarındakı nikah Şərur Rayon Məhkəməsinin 14.07.2020-ci i tarixli 2(110)-159/2020 nömrəli qətnaməsi ilə pozulduğunu, toyunda ona qızıl-zinət əşyalarının və cehizlik əşyaları hədiyyə olaraq alındığını, həmçinin birgə nikahda olduqları müddətdə müxtəlif əmlaklar əldə etdiklərini, iddia ərizəsində sadaladığı qızıl-zinət əşyalarını, cehiz və hədiyyəlik əşyalarının verilməsini və birgə nikah dövründə əldə edilmiş əmlaka ½ pay müəyyən edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsindəki sadaladığı halları təsdiqlədiyini, birgə nikah dövründə torpaq aldıqlarını, torpağın üzərində ev tikdiklərini, lakin evi sənədləşdirmədiklərini, 2003-cü ildə Türkiyə Respublikasına getdiklərini, 2009-cu ilə qədər orada yaşadıqlarını və birlikdə işlədiklərini, orada yaşadıqları müddətdə cavabdehlə birlikdə ona qızıl bilərzik, sırğa-üzük dəsti, tək qaşlı üzük aldıqlarını, qayıtdıqdan sonra münasibətlərinin pisləşdiyini, boşanma ilə bağlı məhkəməyə 2020-ci ilin yanvar ayı müraciət etdiyini, 3 ay barışıq müddətində uşaqlar ilə birlikdə cavabdehlə eyni evdə yaşadıqlarını, nikahları pozulandan 20-25 gün qabaq, yəni iyun ayının ortaları İlkinin onu təhdid etdiyini, psixi cəhətdən ona təsir etdiyi üçün evdən tez zamanda paltarlarını götürüb çıxdığını, evdən gedən zaman cavabdeh hərbçi olduğundan işdə olduğunu, uşaqları ilə birlikdə anasıgilə getdiyini, evdən çıxdığı zaman həmin qızılların orada qaldığını, qızılların otaqda şkafın siyirməsində olduğunu, ondan sonra 2020-ci ilin iyul ayında, boşanmadan bir neçə gün sonra evə gedib özünə aid olan əyin paltarlarını götürdüyünü, qızılları götürmədiyini, toyunda hədiyyə olaraq alınmış qızıl-zinət əşyalarını birgə nikah dövründə satıb evin təmir işlərinə xərclədiklərini, nikah pozulduqdan sonra evində olan heç bir əşyanı götürmədiyini, iddia ərizəsində sadaladığı əşyaların hal-hazırda cavabdehin yaşadığı evdə olduğunu, Naxçıvan şəhərində işlədiyini, orada kirayədə yaşadığını, heç bir əşyasının olmadığını, təqdim etdiyi şəkilləri 2008-ci ildə Türkiyə Respublikasında çəkdirdiklərini, həmin qızılları istifadə etmədiyini, ona görə də onunla bağlı əlavə hər hansı bir sübutunun olmadığını, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli 54 №-li rəyi ilə razı olmadığını, belə ki, ekspertizanın keçirilməsindən xəbərinin olmadığını, iştirakının təmin olunmadığını, siyahıya alınmış əmlakların bəzilərinin ekspertizaya təqdim edilmədiyini, bəzilərinə isə ümumiyyətlə ekspert tərəfindən münasibət bildirilmədiyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli 125 №-li rəyi ilə razı olduğunu, lakin ekspert rəyində sadalanan 1 ədəd böyük çuğun tavanı, 6 ədəd xrustal limon qabını, 2 böyük, 2 kiçik qənddanı və 2 ədəd xrustal salfetka qabını cehiz əşyalarını götürən vaxtı götürdüyünü, 1 ədəd quyu motorunu və 1 ədəd quyu çəni isə ekspertə təqdim edilmədiyini, həmin əşyaların dəyərini iddia ərizəsində göstərdiyi miqdarda təyin edilməsini xahiş edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında iddiaçının dediklərini təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Famil oğlu sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə baxış iclaslarında verdiyi izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, birgə nikah dövründə torpaq aldıqlarını, torpağın üzərində ev tikdiklərini, lakin evi sənədləşdirmədiklərini, evləndikdən bir neçə ilə sonra, yəni 2003-cü ildə Türkiyə Respublikasına işləməyə getdiklərini, toyda hədiyyə olaraq 1 üzük, 1 ədəd sep, 1 ədəd sırğa-üzük dəsti iddiaçıya hədiyyə olaraq alındığını, hamısının onun istifadəsində olduğunu, orda olan zaman Vüsalənin özünün dediyi kimi, toyda aldığı qızılları satıb xərclədiklərini, Vüsaləyə qızıl almadığını, gördüklərini soruşanda isə bujiteriya olduğunu bildirdiyini, 2009-cu ildə Türkiyədən qayıtdıqlarını, əvvəl Gəmiqaya şirkətində, 2014-cü ildən isə silahlı qüvvələrdə xidmətə başladığını, həmişə səhər saat 8-də evdən çıxıb axşam 8-də evə gəldiyini, Vüsalənin nə zaman qızıl alması barədə məlumatının olmadığını, iddiaçı xəbərsiz qızıl alıbdırsa da, hamısını özü ilə apardığını, Vüsalənin Avon firmasının mallarını satdığından çoxlu bujiteriya aldığını, hərbçi olduğundan heç vaxt maraqlanmadığını, iddiaçının təqdim etdiyi şəkillərdəki zinət əşyalarının böyük ehtimalla qızıl olmadığını, qızıl suyuna batırılmış bujuteriyalar olduğunu, iddiaçının sadaladığı əşyaların siyahısının şişirdildiyini, həmin əşyaların bəzilərinin yaşadığı evdə qaldığını, iddiaçının sadaladığı cehiz əşyalarının alınmasından 20 il keçdiyini, həmin əşyaların sıradan çıxdığını, birgə nikah dövründə isə onların yerinə başqa əşyalar aldıqlarını, boşanma ərəfəsində olan zaman iddiaçının evə gəlib özünə lazım olan əşyaların hamısı götürdüyünü, o evdən çıxıb gedəndə işdə olduğunu, ona heç kim mane olmadığını, iyul ayının 14-də nikahları pozulduqdan sonra təxminən iyul ayının 25-də iddiaçının iki qızı ilə birlikdə evə gəldiklərini, iddiaçı evdə özünə aid olan şəxsi hər şeyi götürdüyünü, evdə olan əşyaların da siyahıya alındığını, həmin əşyaların da ədalətli şəkildə bölünməsini xahiş etdiyini, Vüsaləyə aralarında razılığa gəlib əşyaları bölməyi təklif etdiyini, lakin iddiaçının razılığa gəlmədiyini bildirərək iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 izahatında zinət əşyalarının qızıl olub-olmamasının iş materiallarındakı şəkillərə baxaraq müəyyən olunmasının həqiqəti əks etdirməyə biləcəyini, şəkildəki zinət əşyalarının qızıl olacağı təqdirdə qolbağın satış dəyərinin minimum 800 manat, təkqaş üzüyün qiymətinin minimum 230-250 manat, üzük və sırğa dəstinin qiymətinin isə minimum 550 (300+250) manat olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 08.10.2009-cu il tarixli ******* nömrəli çıxarışdan görünür ki, 0.1079 ha torpaq sahəsi ********** reyestr nömrəsi ilə Cavabdeh Famil oğlunun mülkiyyətindədir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli 2(110)- 159/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Famil oğlu ilə İddiaçı arasındakı 20.08.2003-cü il tarixli 19 nömrəli nikahın pozulması qət olunmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(110)- 89/2021 nömrəli qərardadın surətindən görünür ki, iddia ərizəsində sadalanan əmlaklar siyahıya alınmış və həmin əmlaklar üzərində sərəncam vermək hüququ Cavabdeh Famil oğluna qadağan edilmişdir. Ekspert rəyi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2021-ci il tarixli 54 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Şərur Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(110)-89/2021 nömrəli qərardadında adları qeyd olunan məişət əşyalarının istismar müddətindən aslı olaraq ümumi dəyəri 3760 manatdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli 125 nömrəli rəyindən görünür ki, təqdim olunmuş Şərur Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 2(110)-89/2021 nömrəli qərardadda adları qeyd olunan məişət əşyalarının istismar müddətindən aslı olaraq ümumi dəyəri 835 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 20.08.2003-cü il tarixdə nikaha daxil olublar. Şərur Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli 2(110)- 159/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Birgə nikah dövründə tərəflər daşınar və daşınmaz əmlaklar əldə etmişdirlər. Şərur Rayon Məhkəməsinin qərardadı ilə daşınar əmlaklar siyahıya alınmış və onların dəyərinin müəyyən olunması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyləri üzrə 3760 manat və 835 manat olmaqla, ümumulikdə 4595 manat məbləğində əmlakların dəyəri müəyyən edilmişdir. Cehiz və hədiyyəlik əşyalara münasibətdə isə iddiaçı cavabdehlə məhkəmədənkənar qaydada razılaşmışdırlar. Cavabdeh iddiaçı ilə razılığa gəlmək istəsə də iddiaçı razı olmamışdır. Beləliklə, birgə nikah dövründə əldə edilmiş 0.1079 ha torpaq sahəsi və ekspert rəyləri ilə müəyyən edilmiş əmlakın ümumi dəyəri olan 4595 manat pula, birgə nikah dövründə əldə olunan qızılın ümumi dəyəri olaraq müəyyən edilmiş 1550 manat pula, siyahıya alınmış, lakin cavabdeh tərəfindən ekspertə təqdim edilməyən, məbləği iddia ərizəsində göstərilən çən və quyu motoru üçün 240 manat pula ½ pay müəyyən edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.2-ci və 36.3-cü maddəsinə görə ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin məcəllənin 37.2-ci maddəsinə görə isə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birgə nikah dövründə əldə edilmiş torpağa payları bərabər qaydada müəyyən olunmalı, ½ (ikidə bir) hissə Cavabdeh Famil oğlunun mülkiyyətində saxlanılmaqla ½ (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən olunmalı, birgə nikah dövründə əldə edilmiş əmlakların ümumi dəyəri olan 6385 manat pulun ½ -i Cavabdeh Famil oğlundan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənmiş 250 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş torpağa payları bərabər qaydada müəyyən olunmalı, ½ (ikidə bir) hissə Cavabdeh Famil oğlunun mülkiyyətində saxlanılmaqla ½ (ikidə bir) hissəsinə İddiaçı payı müəyyən olunmalı, birgə nikah dövründə əldə edilmiş əmlakların ümumi dəyəri olan 6385 manat pulun ½ -i Cavabdeh Famil oğlundan alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh Famil oğlundan məhkəmə xərci olaraq 30 manat dövlət rüsumu və iddiaçı tərəfindən vəkilə ödənmiş 250 manat pul vəsaiti alınıb Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar