Məhkəmə qərarları › İş №2(110)-975/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-975/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-975/2024 31.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur Rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək 1933-cü il təvəllüdlü atası X3 xx.xx.1989-cu il tarixdə ölməsi faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi atası X3 xx.xx.1989-cu il tarixdə vəfat etdiyini və Şərur rayon Şəhriyar kənd qəbristanlığında dəfn edildiyini, lakin həmin vaxt atası X3 ölüm haqqında şəhadətnaməsinin alınmadığını, Şərur rayon Şəhriyar kəndində mərhum anası X2 ölümündən sonra qalmış əmlakın özü tərəfindən qəbul edilməsi ilə bağlı atasının ölüm haqqında şəhadətnaməsini tapa bilmədiyindən ölüm akt qeydinən çıxarış almaq üçün Şərur Rayon Nikah Evinə müraciət etdiyini, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2024-cü il tarixli, 159 saylı arayışda “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində xx.xx.2024-cü il tarixədək daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə X3 ölüm haqqında akt qeydinin aşkar edilmədiyininin göstərildiyini, 3-16-5/8-15-449 saylı məktubda ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməyin tövsiyyə olunduğunu bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etmiş, əlavə olaraq üzərindən uzun müddət keçdiyi üçün atasının ölüm haqqında tibbi şəhadətnaməsini əldə edə bilmədiyini, buna görə də qeydiyyat orqanı tərəfindən ona imtina məktubu verildiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şərur Rayon Nikah Evinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında və verilən suallara cavabında mərhum Əliyev Aydını uşaqlıqdan tanıdığını, onun hansı səbəbdən öldüyünü bilməsə də, təxminən 1989-cu ildə dünyasını dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında və verilən suallara cavabında mərhum Əliyev Aydının onun həmkəndlisi olduğunu, ona görə də onu əvvəldən tanıdığını, onun 1989-cu ildə dünyasını dəyişdiyini, lakin ölüm səbəbini bilmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 159 saylı arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sistemində xx.xx.2024-cü il tarixədək daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-449/2024 saylı məktubdan görünür ki, X3 ölümü haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi təqdim edilmədiyindən ölüm şəhadətnəmsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur rayon Şəhriyar kənd İƏDN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 263 nömrəli arayışdan görünür ki, X6 xx.xx.1989-cu il tarixdə vəfat edib və Şərur rayon Şəhriyar kənd qəbristanlığında dəfn edilib. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, mərhum X6 adı qeyd edilən məzar daşının üzərində 1933-1989 tarixləri qeyd olunmuşdur. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı yazılı sübutlar və şahid ifadələri ilə müəyyən olundu ki, X6 xx.xx.1989-cu il tarixdə vəfat edib və Şərur rayon Şəhriyar kənd qəbristanlığında dəfn edilib. Onun ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı ölüm şəhadətnaməsi verməkdən imtina etmişdir. Ərizəçinin hazırda mirasın qəbulu ilə bağlı X3 ölüm şəhadətmasinə ehtiyacı olduğundan və onu başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1933-cü ildə doğulmuş X3 xx.xx.1989-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1933-cü ildə doğulmuş X3 xx.xx.1989-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar