Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-34/2022 19.01.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək övladı X3 1999-cu ildə Kəngərli rayon Xok kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, onun qızı X8 1999-cu ildə rəhmətə getmişdir. Birgə mülkiyyətdə olan torpağın sənədləşmə işlərin aparan zaman Gülxarın ölüm haqqında şəhadətnaməsi olmadığı aşkar olunnuş, həmin şəhadətnamənin alınması üçün məhkəmədən kənar orqanlara müraciət etmiş, lakin Maraqlı şəxsndən ona bu sənədi yalnız məhkəmə yolu ilə əldə edəcəyi bildirilmişdir. Bu sənədin olmaması birgə mülkiyyətdə olan evin sənədləşmə işlərini həyata keçirməyə maneçilik törədir. Nəzərə çatdırır ki, qızı X3 ölüm faktını təsdiq edən qəbiristanlıqdan arayış da mövcuddur. Bu faktı məhkəmədə şahidlər də təsdiq edə bilərlər. Göstərilənlərə əsasən məhkəmədən övladı X3 1999-cu ildə Kəngərli rayon Xok kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmədə dindirilən ərizəçi ərizəyə uyğun izahat verərək 1984-cü ildə Gülxar adında bir qızının doğulduğunu, uşağın anadangəlmə “daun sindromu” xəstəsi olduğunu, 1999-cu ilə qədər yaşadığını, 25 yanvar 1999-cu ildə vəfat etdiyini, lakin ona ölüm haqında şəhadətnamə alınmadığını, islahat vaxtı-1998-ci ildə onlara birgə mülkiyyət kimi torpaq sahəsi verildiyini, həmin torpaq şəhadətnaməsində Gülxarın da adının olduğunu, hazırda həmin torpaq sahəsini qardaşına bağışlamaq istədiyini, lakin Gülxarın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün həmin torpaq sahəsini sənədləşdirə bilmədiklərini, ona görə də Gülxarın ölüm faktının müəyyən olunmasının lazım olduğunu göstərərək mərhum qızı - X3 25 yanvar 1999-cu il tarixdə Şərur rayon Xok kəndində “daun sindromu” xəstəliyindən ölməsinin qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə ilə təmsil olunmamış və bu barədə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Kəngərli rayon Xok kəndində yaşadığını, ərizəçinin bacısı olduğunu və könüllü ifadə verdiyini, qardaşı İbrahimin 1984cü ildə bir qızlarının olduğunu, adını Gülxar qoyduqlarını, qız doğulandan anadangəlmə şil-əlil olduğunu, xəstə olduğundan daimi onu müalicə etdirdiklərini, lakin heç bir xeyrinin olmadığını, 1999-cu ilin qış aylarında, dəqiq olaraq yanvarın 25-də vəfat etdiyini və Xok kənd qəbiristanlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Kəngərli rayon Xok kəndində yaşadığını, Ərizəçi ilə həmkəndli olduğunu, İbrahimlə yaxşı münasibətlərinin olduğunu, İbrahimin 1984-cü ildə Gülxar adlı bir qızının doğulduğunu, qızın anadangəlmə xəstə olduğunu, özü hərəkət edə və danışa bilmədiyini, həmişə onu əlil arabasında gəzdirdiklərini, İbrahimgilin Gülxarı uzun müddət müalicə etdiklərini, lakin heç bir xeyrinin olmadığını, 1999-cu ilin yanvarın 25-də vəfat etdiyini və Xok kənd qəbiristanlığında dəfn olunduğunu, özünün yas mərasimində yaxından iştirak etdiyini göstərdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 22 noyabr 2021-ci il tarixli 505 nömrəli arayışına əsasən X3 ölüm akt qeydi tapılmamışdır. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Xok kənd İƏDÜN-nin 15 noyabr 2021-ci il tarixli 770 nömrəli arayışına əsasən mərhum X1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Kəngərli Rayon İH Xok Kənd İƏDÜN-nin 15 noyabr 2021-ci il tarixli 771 nömrəli arayışına əsasən Cəfərov X5 rayon Xok kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs 22 noyabr 2021-ci il tarixli 02/219 nömrəli məktubuna əsasən X4 ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan Kəngərli Rayon Mərkəzi X9 şəxsi tərəfindən Xok kənd həkim ambulatoriyası üzrə verilmiş 20 noyabr 2021-ci il tarixli 2 nömrəli arayışa əsasən Xok kənd həkim ambulatoriyası tərəfindən mərhum 1984-cü il təvəllüdlü X3 vəfatı haqqında heç bir sənəd alınmamışdır. İş materiallarında olan X-JQ 307398 nömrəli doğum haqqında şəhatnamənin surətinə əsasən X8 10.07.1984-cü il tarixdə Xok kəndində doğulmuşdur. Atası Ərizəçidur. İş materiallarında olan JN-140A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli qərarı ilə Ərizəçi ailə üzvləri ilə birlikdə 0.60 ha torpaq sahəsi verilmişdir. Ailə üzvlərinin siyahısında “X8” da qeyd edilmişdir. İş materiallarında olan fotoşəkildə X3 qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X8 1983-1999” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddısinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 25 yanvar 1999-cu il tarixdə Şərur rayon Xok kəndində “daun sindromu” xəstəliyindən vəfat etmiş və Xok kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi birgə mülkiyyətdə olan torpaq sahəsini sənədləşdirmək istədiyindən və bunun üçün də qızı Gülxarın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, Maraqlı şəxsndə X3 ölüm akt qeydi tapılmadığından qızının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Xok kənd sakini olmuş 1984-cü il təvəllüdlü X3 25 yanvar 1999-cu il tarixdə Şərur rayon Xok kəndində “daun sindromu” xəstəliyindən ölməsinin qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Xok kənd sakini, 1984-cü il təvəllüdlü X3 25 yanvar 1999-cu il tarixdə Şərur rayon Xok kəndində “daun sindromu” xəstəliyindən ölməsinin qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-34/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-34/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver