Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-111/2025 24.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 12 nömrəli binanın şimal hissəsindəki 113,0 kv.metr boş torpaq sahəsində zəbt olunmuş torpaq sahəsinin boşaldılması və inşa olunmuş yüngül konstruksiyadan ibarət tikililərin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildə onun xüsusi mülkiyyətində olmuş, Gəncə şəhəri, Nizami küçəsində Səhiyyə İdarəsinin həyətinin cənubşərq hissəsində yerləşmiş və ticarət obyekti kimi fəaliyyətdə olan qeyri-yaşayış sahəsi o dövrdəki İcra Hakimiyyətinin başçısının şifahi göstərişi əsasında dağıdılmış, əvəzində ona, Gəncə şəhəri Kəpəz rayon İcra hakimiyyəti başçısının 798 saylı, 16 may 2014-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75ci maddəsinin 4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti haqqında” əsasnamənin 6.8-ci bəndinə uyğun olaraq Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 12 nömrəli binanın şimal hissəsindəki 113.0 kv metr boş torpaq sahəsində, birinci mərtəbədə ticarət obyektindən ibarət, iki mərtəbəli yaşayış evinin inşa edilməsi üçün sərəncam verilmişdir. Bununla əlaqədar olaraq Gəncə şəhəri İcra hakimiyyəti Memarlıq və Tikinti şöbəsindən eskiz-layihə ona təqdim edilmiş və Dövlət Yanğın Xidməti X3 Yanğın Nəzarəti İdarəsindən müsbət rəy alınmışdır. Hazırda cavabdeh, Cavabdeh adında birisi ona verilmiş ərazi vahidini hissə-hissə zəbt etməkdədir və ərazinin giriş hissəsinə “butka” yerləşdirməklə, arxa hissəsində ona aid olan torpaq sahəsində yüngül konstruksiyalı tikililər inşa etmişdir. Dəfələrlə etibarnamə ilə nümayəndəsi olan qardaşı Nümayəndə1 tərəfindən onun şəriki kimi özünü təqdim edən X1 bildirilmişdir ki, qanunazidd hərəkətlərdən çəkinsinlər, lakin X2 və onunla şərikliyini bildirən və poçt qəsəbəsində yaşayan cavabdeh qismində təqdim etdiyi Orxan etibarnamə əsasında onu təmsil edən qardaşı Nümayəndə1 qarşı ədəbsiz və hətta qoçu kimi davranmışdır. Qeyd etdiyi məsələnin qanunvericilik çərçivəsini aşmaması üçün etibarnamə ilə nümayəndəsi olan qardaşı Nümayəndə1 27 noyabr 2023-cü il tarixdə rəsmi ərizə ilə Gəncə şəhər İcra hakimiyyətinə müraciət etmiş, lakin bu işə məsul şəxslərin hərəkət və ya hərəkətsizliklərinin nəticəsi olaraq məsələ daha da qəlizləşməkdə davam etmişdir. Barələrində söz açdığı şəxslər şəhid ailəsi kimi özlərini təqdim edərək hamı üçün müqəddəs hesab edilən şəhidlərin adlarından istifadə etməklə heç cür qəbul edilməz davranışlar sərgiləyirlər. Hansı ki, istər vətəndaşlar, istərsə də dövlət şəhidlərin ruhuna və onların ailələrinə, eləcə də qazilərə sayğı ilə yanaşır və bunun nəticəsi olaraq barəsində qeyd etdiyi X2 və bacısı Nazlı xanım işlə təmin olunmuşlar. Qeyd etdiyi məsələnin qanunauyğun və sivil qaydada həll olunması üçün sözügedən şəxslərə onun tərəfindən, bir neçə şəhid ailələri müraciət etsələr belə, onlar heç nəyə məhəl qoymamaqla “Dövlət mənəm” (“Dövlət mənəm” sözünün müəllifi Cavabdehdir) deməklə, təkəbbür və saymamazlıqlarını davam etdirməkdədirlər. Məsələnin sivil və qanunauyğun şəkildə həll olunması üçün o, Gəncə Şəhəri İcra hakimiyyəti başçısına, Gəncə şəhəri Baş Polis İdarəsinin rəisinə və digər instansiyalara ərizə ilə müraciət etməli olmuşdur. Xahişinin nəticəsi olaraq o, Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət olunmuş və şikayətinin mahiyyətinə dair ilkin olaraq onu razı salacaq söhbətlər aparılsa da belə, rəsmiyyətdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” çıxarılmış və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə uyğun şəkildə cəzalandırılması qənaətinə gəlinmişdir. Bununla da qeyd etdiyi təfərrüatların baş verməsi sübut olunmuş, iş mülki xarakterli olduğundan məhkəməyə müraciətini zəruri etmişdir. Vətənin bütövlüyü uğrunda şəhid və ya qazi olmuş hər bir şəxs ən yüksək hörmət və ehtirama layiqdir. Lakin bu kimi haldan sui-istifadə etməklə bu müqəddəsliyi biznes maraqlarına qurban vermək heç cürə anlaşılan deyildir və cəmiyyətdə mənəvi dəyərlərin formalaşdırılması istiqamətində ikrah doğuran səbəblərə səbəbdir. Qanuni mülkiyyətində olan və obyekt kimi fəaliyyət göstərən obyektinin qanunsuz şəkildə dağıdılması onu həm qanuni mülkiyyətindən məhrum etmiş, həmçinin uzun illər ərzində iqtisadi maraqlarını məhv etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Gəncə şəhər İcra hakimiyyətini tərəf kimi məhkəməyə cəlb etməklə, iddiaçının dağıdılmış mülkiyyətinin əvəzində şəhərin uyğun bölgəsindən uyğun torpaq sahəsinin ayrılması vəzifəsinin onun üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, göstərmişdir ki, məhkəmə proseslərinin gedişatında müəyyən edilmişdir ki, 2014-cü ildə iddiaçının xüsusi mülkiyyətində olmuş və ticarət obyekti kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahəsi icra hakimiyyətinin qanunsuz göstərişi əsasında dağıdılmış və əvəzində Gəncə şəhəri Kəpəz rayon İcra hakimiyyəti başçısının 798 saylı 16 may 2014-cü il tarixli Sərəncamına əsasən hazırda cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin boşaldılmasına dair iddia tələbinin əsasını təşkil edən torpaq sahəsi təhsil müəssisəsinin ərazisinə daxildir. Yəni, Gəncə şəhər icra hakimiyyəti həm iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunsuz olaraq dağıtmaqla iddiaçıya həm mənəvi, həmçinin maddi zərər yetirmiş, eləcə də təhsil müəssisəsinin balansında olan torpaq sahəsi barəsində sərəncam imzalamaqla səlahiyyət çərçivəsini aşaraq ikinci dəfə iddiaçıya zərər yetirməklə “Azərbaycan Respublikası hüquqi dövlətdir” kimi təsbit edilən konstitusion hüquqa sayğısız yanaşmışdır. Gəncə şəhər icra hakimiyyəti dövlətinin qanunlarına etinasız yanaşmışdır. Bu halda iddiaçının qanuni mülkiyyətində olan və obyekt kimi fəaliyyət göstərən obyektin icra hakimiyyəti tərəfindən qanunsuz şəkildə dağıdılması iddiaçını həm qanuni mülkiyyətindən məhrum etmiş və həmçinin uzun illər ərzində iqtisadi maraqlarını məhv etmişdir. Dağıdılmış mülkiyyətin əvəzində kompensasiya kimi verilmiş torpaq sahəsinə bu şəkildə qəsd olunması və səlahiyyətli orqan kimi Gəncə şəhər İcra Hakimiyyətinin bu məsələdə loyallıq göstərməsi mülki qanunvericilik sistemi ilə qorunan maraqların üzərindən xətt çəkilməsi demək olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsini xahiş edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən obyekt sökülmüş, onun əvəzində Gəncə şəhər İcra hakimiyyəti tərəfindən sərəncamla Gəncə şəhəri, Heydər Əliyev prospekti, 30 nömrəli məktəbin qarşısında torpaq sahəsi ayrılmışdır. Tikinti aparmaq istəsə də, ailəsində onkoloji xəstə olduğundan başı ona qarışmış, tikinti işləri apara bilməmişdir. 2022-ci ilin fevral ayından isə Orxan və Rəhim adlı şəxslər tərəfindən həmin əraziyə “butka” qoyulmuş, həmin vaxt həyat yoldaşının onkoloji xəstə olması ilə əlaqədar Bakıda olmuş, qardaşı, həmçinin nümayəndəsi Musa Rəhim və Orxanla danışıqlar aparmışdır. Rəhim həmin obyektlə əlaqəsinin olmadığını bildirsə də, Orxan, yəni cavabdeh cavabında “yaxşı edirəm”, “Dövlət mənəm” ifadələrini işlədərək obyekti daha da genişləndirmişdir. Rəsmi qaydada polis orqanlarına müraciət etsə də, nəticə ala bilməmiş, sonda məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, iddiaçının qardaşıdır, tələb qardaşı Cavidə ayrılmış torpaq sahəsinin boşaldılmasıdır. Mübahisəli sahə iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin əvəzində İcra hakimiyyəti tərəfindən ona ayrılmış, bu barədə müvafiq sərəncam verilmişdir. Cavabdeh həmin torpaq sahəsini zəbt etmiş, orada əvvəlcə plastik məmulatdan hazırlanmış şüşəli butka qoyulmuşdur. Cavabdeh sonradan dəmirdən sütunlar basdıraraq yüngül konstruksiyalı tikililər inşa etmişdir. Ekspertiza zamanı həmin ərazinin 32 nömrəli məktəbə aid olduğu müəyyən edilmişdir. Təhsil müəssisəsinin əsl iddiaçı kimi işə cəlb olunması mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, şəhid anasıdır, sözügedən torpaq sahəsinə dair Gəncə şəhər İcra hakimiyyəti tərəfindən verilmiş hüquqmüəyyənedici sənədləri mövcuddur. Cavabdeh onun nəvəsidir, cavabdeh həmin balaca “butka”da peraşki və şirniyyat məhsulları satır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 3-48-DA-4F/2-Q-1001//8/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısının “şəhərsalma norma və qaydalarını pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” 16 may 2014-cü il tarixli, 798 nömrəli sərəncamı”) Azərbaycan Respublikası Gəncə Şəhər Kəpəz Rayon İcra hakimiyyəti başçısının “şəhərsalma norma və qaydalarını pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” 16 may 2014-cü il tarixli, 798 nömrəli sərəncamına və ona əlavə olunmuş sənədlərə əsasən “Şəhərsalma norma və qaydalarını pozmaqla inşa edilmiş obyektin yerinin dəyişdirilməsi haqqında” Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli, 183 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, Gəncə şəhəri, Nizami küçəsində yerləşən Səhiyyə İdarəsinin həyətinin cənubşərq hissəsində şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş mağazanın ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq Heydər Əliyev prospektində yerləşən 12 nömrəli yaşayış binasının şimal hissəsindəki 113,0 kv.m. boş torpaq sahəsində razılaşdırılmış layihə sənədləri əsasında birinci mərtəbəsi ticarət obyektindən ibarət iki mərtəbəli yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. İş materiallarına əlavə edilmiş, ünvan 4 ünvanda, istifadədə olan 0,00629 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 49,3 m2 olan ticarət təyinatlı qeyri-yaşayış binası İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********63-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2010cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh dağıdılmış əmlakının kompensasiyası olaraq ona ayrılmış Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən 12 nömrəli binanın şimal hissəsindəki 113,0 kv.metr torpaq sahəsinin bir qismini zəbt edərək orada yüngül konstruksiyadan ibarət tikililər inşa etmiş və beləliklə, sahibliyinə ayrılmış olan torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin qeyd edilən müddəası tələb edir ki, hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsin məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən inşa edilmiş tikililərin sonuncunun hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə dair maneənin aradan qaldırılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Məcəllənin 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Tələbinin əsası kimi iddiaçının istinad etdiyi halların mövcud olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb olunan bir sıra suallara cavab verilməsi zərurəti yarandığından, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə tikinti-texniki ekspertizasının 10/952 nömrəli, xx.xx.2025ci il tarixli ekspert rəyində 1-ci sual üzrə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-735/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh tərəfindən quraşdırılmış qurğunun yerləşdiyi 28.0 kv.m torpaq sahəsinin 24.0 kv.m hissəsi, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) torpaq sahəsi ilə üst-üstə düşür. 2-ci sual üzrə göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-735/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) 113.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmiş və eyni zamanda həmin torpaq sahəsinə dair məlumatlarda 32 nömrəli məktəb qeyd olunmuşdur. 3-cü sual üzrə göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-735/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh Orxan Elşad oğlu tərəfindən quraşdırılmış qurğunun yerləşdiyi 28.0 kv.m torpaq sahəsinin 24.0 kv.m hissəsi, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis mülahizəsi, yerquruluşu sxemi və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Mütəxəssis mülahizəsində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən quraşdırılmış qurğunun yerləşdiyi 28.0 kv.m torpaq sahəsinin 24.0 kv.m hissəsi, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) torpaq sahəsi ilə üst-üstə düşür. Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) 113.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmiş və eyni zamanda həmin torpaq sahəsinə dair məlumatlarda 32 nömrəli məktəb qeyd olunmuşdur. Cavabdeh Orxan Elşad oğlu tərəfindən quraşdırılmış qurğunun yerləşdiyi 28.0 kv.m torpaq sahəsinin 24.0 kv.m hissəsi, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə əsasən Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) 113.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında, dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, digər təyinatlı torpaq sahəsi olaraq göstərilmiş və eyni zamanda həmin torpaq sahəsinə dair məlumatlarda 32 nömrəli məktəb qeyd olunmuşdur. cavabdeh Orxan Elşad oğlu tərəfindən quraşdırılmış qurğunun yerləşdiyi 28.0 kv.m torpaq sahəsinin 24.0 kv.m hissəsi, Gəncə şəhərinin baş memarı Ə.Rüstəmli tərəfindən təsdiq edilmiş eskiz layihədə göstərilən (9.5x11.9) torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, cavabdehin zəbt etdiyi iddia edilən torpaq sahəsi iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində deyil. Məhkəmə iclasında iddiaçıya onun əsl iddiaçı ilə əvəz edilməsi təklif edilsə də, o, bunun mümkün olmadığını bildirmişdir. MPM-in 54.1 və 54.2-ci maddələrinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Şərh edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia buna subyektiv hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddiaçı tərəfindən iddiaçı əsl iddiaçı ilə əvəz edilmədiyindən iddia tələbi təmin ediməməlidir. Məhkəmə, Gəncə şəhər İcra hakimiyyətini tərəf kimi məhkəməyə cəlb etməklə, iddiaçının dağıdılmış mülkiyyətinin əvəzində şəhərin uyğun bölgəsindən uyğun torpaq sahəsinin ayrılması vəzifəsinin onun üzərinə qoyulması barədə iddiaçının nümayəndəsinin məhkəmə baxışındakı mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmənin hazırlıq iclasında belə tələb irəli sümədiyindən onun qeyd edilən tələbinə hazırda qiymət vermək mümkün deyil. Buna baxmayaraq, məhkəmə izah edir ki, iddiaçı bu barədə ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə ödənilməli 70 manat dövlət rüsumu iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməli, həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatlarının xərci olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-111/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-111/2025
24.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver