Məhkəmə qərarları › İş №2(125)-1342/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1342/2024

02.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1342/2024 02.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə və iddia predmeti brəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin Cavabdeh MTK– nın üzərinə qoyulmasına, həmin mənzilin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-965/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin ərizəsi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1342/2024 nömrəli qərardadına əsasən qeyd olunan qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 oktyabr 2019-cu il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa olunan 1 girişli, 13 mərtəbəli yaşayış evinin giriş A blokunda, 11 -ci mərtəbədə yerləşən, ümumi sahəsi 155,4 kv.m olan, 4 otaqdan ibarət A 11-3 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlayaraq, kooperativin üzvü olmuşdur. Həmin binanın inşa edilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən verilən 171 saylı, 22 avqust 2022-ci il tarixli sərəncamda göstərilir ki, binanın tikintisi Nizami rayonu ərazisinə düşür və tikinti təşkilatı torpağa dair Nizami rayon Bələdiyyəsi ilə müqavilə imzalamalıdır. Həmçinin həmin binanın tikintisi ilə məşğul olan "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsi Nizami rayonudur. 18 oktyabr 2019-cu il tarixli müqavilədə Cavabdeh MTK “Kooperativ”, İddiaçı isə “Payçı” adlandırılmışdır. Müqavilənin “2.2” bəndində göstərilmişdir ki, mənzilin ümumi dəyəri, yəni pay haqqının tam məbləği 132090 manat təşkil edir. Müqavilənin “2.3” bəndində göstərilmişdir ki, mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri “Payçı” tərəfindən tam ödənildikdə, “Kooperativ” “Payçı”ya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışı) təqdim etməlidir. Müqavilənin “3.1” bəndində göstərilmişdir ki, “Kooperativ” tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə mənzili “Payçı”ya təqdim etməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq mənzilin sahəsinin dəyərini tam ödəmişdir və ona Cavabdeh MTK tərəfindən maliyyə arayışı verilmişdir. Həmin 04 saylı, 18 oktyabr 2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh MTK tərəfindən (VÖEN **********) Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa olunmuş 1 bloklu, 13 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,4 kv.m təşkil edən mənzilin dəyəri tam həcmdə ödənilmişdir, İddiaçı CavabdehMTK-ya borcu yoxdur. Göstərilənlərə baxmayaraq 2022-ci ilin yanvar ayında xəbərdar olmuşdur ki, onun mənzili başqa şəxsə satılmışdır. Belə ki, mənzilə baxış zamanı müəyyən etmişdir ki, həmin mənzildə üçüncü şəxs tərəfindən təmir işləri aparılır. Dərhal buna etiraz etmiş və təmir işlərinin dayandırılmasını, onun mənzilinin ona təhvil verilməsini tələb etmişdir. Lakin, göstərilənlərə baxmayaraq onun qanuni tələbi icra edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək izahatında göstərdi ki, mənzil qanunsuz olaraq bir neçə nəfərə satılmışdır. Halbu ki, mənzil birinci dəfə iddiaçıya satılmış və iddiaçı mənzilin dəyərini tam ödədiyi hlda 2021-ci ildə MTK-nın sədri dəyişdikdən sonra mənzil başqa şəxsə satılmışdır. Müvəqqəti təminat tədbiri ilə bağlı mənzildə təmir işlərinin aparılması dayandırılmış, qiyabi qətnamənin çıxarılması ərəfəsində icra məmurları tərəfindən mənzil əsl sahibi olan iddiaçıya təhvil verilmişdir. Bununla belə həmin mənzil ikinci dəfə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə satılsa belə keçən məhkəmə proseslərində bir dəfə də olsun iştirak etməmiş və maraqlanmamışdır. Ona görə də hesab edirlər ki, iddiaları təm əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddiaçı ilə Cavabdeh keçmiş sədri arasında bağlanmış müqavilənin formal olaraq bağlanmasını ehtimal etdiklərinə görə iddianı qəbul etmədiklərini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Mustafayev Elnur Ağavəkil oğlu ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, A11-3/007 nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, kooperativ Gəncə şəhəri, keçmiş X7 küçəsi (indiki Heydər Əliyev prospekti) 147 saylı ünvanda inşa olunan 1 girişli, 13 mərtəbəli yaşayış evinin giriş A blokunda, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,4 m² olan 4 otaqdan ibarət A11- 3 saylı mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdələrinə götürmüşdürlər. Həmçinin payçı almış olduğu 4 otaqlı, ümumi sahəsi eyvanla birlikdə 155,4 m² olan mənzilin sahəsinin hər m²-i üçün 850 manat olmaqla, cəmi 132090 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MTK tərəfindən Gəncə şəhəri, keçmiş X7 küçəsi (indiki Heydər Əliyev prospekti) 147 saylı ünvanda inşa olunmuş 1 bloklu, 13 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,4 m² təşkil edən mənzilin dəyəri tam həcmdə ödənilmişdir, alıcı İddiaçı Cavabdeh MTK-ya borcu yoxdur. Ş.İ.Xətai prospektində yerləşən 147 saylı binanın cənubi-şərq tərəfindəki ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında Gəncə şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 171 nömrəli sərəncamın surətindən görünür ki, Ş.İ.Xətai prospektində yerləşən 147 saylı binanın cənubi-şərq tərəfindəki ərazidə bir bloklu, 12 mərtəbəli yaşayış binasının tikintisi üçün 0,12 ha torpaq sahəsi "xxxx" MMC-nə təhkim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, CS-29 saylı arayışdan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 171 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı əsasında "xxxx" MMC tərəfindən tikintisi başlanılmış, sonradan isə müqavilə ilə Cavabdeh MTK-ya ötürülmüş bir bloklu, 13 mərtəbəli yaşayış binası Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində olmaqla Nizami rayonu ərazisinə düşür. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri X3 ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, A11-3/056 nömrəli müqavilənin surətindən görünür ki, kooperativ ünvan 2 ünvanda inşa olunan 1 girişli, 13 mərtəbəli yaşayış evinin giriş A blokunda, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 155,7 m² olan 4 otaqdan ibarət A11-03 saylı mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdələrinə götürmüşdürlər. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi Cavabdeh Mənzil Tikinti Kooperativi ilə iddiaçı (payçı) arasında mübahisəli mənzilin iddiaçıya (paçıya) verilməsi iddiaçının (payçının) isə əvəzində mənzilin müəyyən edilmiş məbləğdə dəyərinin ödənilməsi barədə aralarında müqavilə bağlanmış, iddiaçı pay haqqını tam ödəyərək mübahisəli mənzili əldə etmişdir. Cavabdeh tərəf iddia tələbinə qarşı etirazlarının əsası kimi qeyd olunan müqavilənin formal olaraq bağlanması etimalının olması ilə əsaslandırsalar da, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bununla yanaşı cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclaslarında iştirak etməmiş, mübahisəli mənzilə dair onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını, etiraz və dəlillərini hərtərəfli və tam araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, həmin mənzil İddiaçı təhvil verilməlidir. İddia tələbinin mənzilin sahiblik və istifadəsinə verilməsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin mənzil iddiaçıya təhvil verildiyi andan artıq onun istifadəsində və sahibliyinə keçdiyi üçün həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X7 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m olan, 4 otaqlı, A11- 3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi Cavabdeh MTK–nın üzərinə qoyulsun, həmin mənzil İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar