Məhkəmə qərarları › İş №2(125)-146/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-146/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-146/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun avtomobilinə vurduğu 915 manat məbləğdə olan maddi ziyanın tam şəkildə alınıb ona ödənilməsi barədə və digər Cavabdeh1 ona vurduğu ziyana görə çəkdiyi 2000 manat mənəvi ziyanın və 5250 manat əldən çıxmış faydanın ondan alınaraq ona ödənilməsi barədə və ödədiyi 102 manat məbləğdə dövlət rüsumunun müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə yaşayır. X4 markalı **-BF-*** nömrə dövlət nişanlı avtomobili vardır. O, xx.xx.2021-ci il tarixdə Gəncə şəhərindən hərəkət edərkən, cavabdeh X1 onun avtomobilini idarə etdiyi “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət nömrə nişanlı avtobus ilə vurdu və onun idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Onun idarə etdiyi “Mersedes Benz” markalı **- BF-*** dövlət nömrə nişanlı avtomobilinə vurulmuş ziyanla bağlı o, mütəxəssis rəyi almış və həmin qiymətləndirmə rəyində avtomobilə vurulmuş ziyan 915 manat məbləğdə müəyyən edilmişdir. Həmçinin cavabdeh Günay sığorta şirkətini ona görə cavabdeh qoymuşdur ki, Cavabdeh1 maşını cavabdeh Günay sığortada icbari sığorta olunmuşdur və həmin icbari sığortanın pulunu da həmin sığorta şirkəti ona ödəməli idi, lakin ödəmədiyinə görə həmin sığorta şirkətini də cavabdeh qoymuşdur. Hesab edir ki, icbari sığorta vurulmuş maddi ziyanı ödəməlidir və ona dəymiş mənəvi ziyanı və əldən çıxmış faydanı isə digər Cavabdeh1 ödəməlidir. Cavabdeh1 günahkar olması və təqsirli bilinməsi Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsi 327.1-ci maddəsi ilə sübuta yetirilmişdir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsinə əsasən ptorokol yazılmış, qərar verilmiş və həmin şəxs cərimə olunmuşdur. Həmçinin bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur və Göygöl Gəncə şəhər arasında işləyir. 2021-ci ilin noyabr ayından bu günədək avtomobilini təmir etdirə bilmədiyinə görə işləyə bilməmişdir və hər gün evə 20-30 manat qazanc apardığı halda həmin qazancdan məhrum olmuşdur. O, həmçinin mən bu aylar ərzində mənəvi istirab və əzab çəkmişdir, mənəvi ziyanını isə 2000 manat qiymətləndirir. Hesab edir ki, 5250 manat əldən çıxmış fayda və 2000 manat mənəvi ziyanı Cavabdeh1 ona ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, hadisə nəticəsində ona dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilməmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, "xxxx" ASC-yə məxsus olan “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edərkən iddiaçıya məxsus “Mersedes Benz” markalı **-BF-*** nömrə dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2021-ci il tarixdə saat 13:25 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Nizami küçəsinin kəsişməsində toqquşmuşdur və nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Cavabdeh1 həmçinin bildirdi ki, barəsində qəbul edilmiş inzibati təhbeh vermə haqqında qərarı mübahisələndirməmişdir. Cavabdeh1 iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Gəncə avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə cəmi dəyəri 545 manat olmaqla qabaq sol qanad, qabaq sol fara, buferin sürməsi, faranın kipriyi, padkrilnik, krişkanın rezini, sol pavarotnik və təkər dəyişdirilməli; cəmi dəyəri 370 manat olmaqla buferin təmiri, dəmirçi və rəngsaz işi görülməlidir;, dəymiş ziyan cəmi 915 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* saylı X2 protokolun surətindən görünür ki, Cavabdeh1 “Hyundai County” avtobus markalı **-TA-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən İXM-nin 327.1-ci və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh1 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan AC 128633 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, cəmi dəyəri 80 manat olmaqla ön sol fara və ön sol salaska dəyişdirilməli, cəmi dəyəri 180 manat olmaqla armaturçu, dəmirçi və rəngsaz işi görülməlidir, dəymiş ziyan cəmi 260 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, PGU********** nömrəli “İcbari sığorta müqaviləsinə dair” məlumatın surətindən görünür ki, "xxxx" ASC-yə məxsus “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixədək "xxxx" ASC tərəfindən tərəfindən əmlaka vurulan 5000 manat zərər görə sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1183 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Gəncə avtomotoservis və Ticarət” müəssisəsinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 558 manat müəyyən edilir; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu buraxılışlı “Mersedes Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 350 manat müəyyən edilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı məxsus “Mersedes Benz” markalı **-BF-*** nömrə dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-yə məxsus olan və yol vərəqəsi əsasında Cavabdeh1 tərəfindən idarə olunan “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixdə saat 13:25 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Nizami küçəsinin kəsişməsində toqquşmuş və nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Baş vermiş hadisəyə görə Cavabdeh1 təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hadisəni “Hyundai County” Avtobus markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmasına baxmayaraq, hadisə zamanı dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, sığorta hadisəsi zamanı avtomobilinə dəymiş maddi ziyanın, mənəvi ziyanın və əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun: 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 21.1-ci maddəsinə əsasən bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: - hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; - sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; - sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; - sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; - bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi zamanı təqsiri olan Cavabdeh1 mülki məsuliyyəti icbari sığorta müqaviləsi əsasında sığorta olunduğundan və icbari sığorta müqaviləsi üzrə sığorta ödənişi verilməməsinin əsasını yaradan heç bir hal müəyyən edilmədiyindən hadisə zamanı İddiaçı avtomobilinə dəymiş zərər cavabdeh "xxxx" ASC tərəfindən ödənilməli idi. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törədilmiş olsa da, onun mülki məsuliyyəti icbari qaydada sığorta olunduğundan o, iddiaçının avtomobilinə dəymiş zərərə görə mülki məsuliyyətə cəlb edilə bilməz. Odur ki, iddiaçının avtomobilinə dəymiş zərərin əvəzi yalnız cavabdeh "xxxx" ASCdən alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş qüsur aktına əsasən qeyd edilən avtomobildə dəyişdirilməli hissələrin və görülməli işlərin siyahısına xüsusi bilik tətbiq edilərək verilmiş ekspert rəyinə əsasən iddiaçıya dəymiş ziyanın məbləği 558 manat müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş, fotoşəkillər və dəymiş zərərin hesablanmasına dair aktın müqayisəsindən aşkar görünür ki, aktda göstərilən siyahı ziyanın aradan qaldırılması üçün dəyişdirilməli hissələri tam əks etdirmir, həmin sübutlar arasında xüsusi bilik tətbiq edilməsinə zərurət olmayan uyğunsuzluq mövcüddur. Beləliklə, cavabdeh "xxxx" ASC-dən dəymiş ziyanın əvəzi olaraq 558 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə dəymiş mənəvi zərərə görə və əldən çıxmış faydaya görə pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı baş vermiş hadisə ilə əlaqədar mənəvi zərərə məruz qalmasını və (ya) avtomobilinə zərər dəyməsi nəticəsində faydanın əldən çıxmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdeh "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 558 (beş yüz əlli səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar