Məhkəmə qərarları › İş №2(125)-1716/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1716/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1716/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1964-cü il təvəllüdlü X2 xx.xx.2022-ci ildə Ukrayna Respublikasında ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası, xx.xx.1964-cü il təvəllüdlü X3 2016-cı ildən Ukrayna Respublikasında yaşayıb işləmişdir. xx.xx.2022-ci il tarixdə atası Ukrayna Respublikasında ürək çatışmazlığından (infarkt) vəfat etmişdir. Ukrayna Respublikasında müharibə getdiyi üçün o, atasını dəfn etmək və ölüm haqqında şəhadətnamə almaq üçün Ukrayna Respublikasına gedə bilməmişdir. Qeyd etmək istəyir ki, o, atasından qalmış miras əmlakın adına keçməsi ilə bağlı müraciət etmək istəyir. Lakin atasının ölümü haqqında şəhadətnamə olmadığından hüquqlarını həyata keçirə bilmir. O, atası X2 ölümünün qeydə alınaraq, ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ona imtina məktubu vermişdir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə Ərizəçi iştirak etmiş və mərhum atasının xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasında öldüyünü təsdiq edən sübut növü kimi Ukrayna Respublikası Ədliyyə Nazirliyi Kremençuq şəhər VVAQ Şöbəsi tərəfindən verilən 04 yanvar 2025-ci il tarixli məktubu məhkəməyə təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1964-cü ildə doğulmuş X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun ölümü Ukrayna Respublikası Ədliyyə Nazirliyi Kremençuq şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2294 sayla qeydə alınmışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Ərizəçi mərhum atası X2 xx.xx.2022-ci ildə Ukrayna Respublikasında ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bunu həmin sənədləri başqa qaydada əldə edə bilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə göstərir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 Respublikasında ölmüş və bu barədə müvafiq dövlət qurumu tərərfindən ölüm haqqında akt qeydi tərtib edilmişdir. Göründüyü kimi, X2 ölümü başqa dövlətin ərazisində fəaliyyət göstərən müvafiq qurum tərəfindən qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətda X2 xx.xx.2022-ci ildə Ukrayna Respublikasında ölümünün qeyd edilməsinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin müəyyən etdiyi qaydalara görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar