Məhkəmə qərarları › İş №2(125)-176/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-176/2023

31.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-176/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz maneəsinin aradan qaldırılması və qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 400.0 kv.m torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evindən, “B” literli əl damından və “İ” literli talvar tikilisindən ibarət fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneənin aradan qaldırılmasına, ona vurulmuş 1.500 manat məbləğində zərərin əvəzinin ödənilməsinə və Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən evi müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan, tikinti normalarına uyğun olmadan qanunsuz inşa edildiyindən, həmin tikililərin onun vəsaiti hesabına sökülməsinə və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixli 4Ə-1-13 nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mülkə dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013cü il tarixli, RX seriyalı ******* nömrəli, ********** saylı Çıxarış verilmişdir. Həmin yaşayış evi 400.0 kv.m. torpaq sahəsində yerləşir, sahəsi 24.3 kv.m., 29.6 kv.m., 19.8 kv.m. və 20.3 kv.m dörd yaşayış otağından, sahəsi 15.6 kv.m mətbəxdən, sahəsi 4.1 kv.m. və 3.9 kv.m. hamamdan, sahəsi 3.1 kv.m. ayaq yolundan, sahəsi 4.7 kv.m. dəhlizdən, sahəsi 32.0 kv.m. xoldan, sanəsi 5.0 kv.m. açıq eyvandan və sahəsi 23.2 kv.m. zirzəmidən ibarət “A” literli fərdi yaşayış evindən, sahəsi 44.3 kv.m. əl damından ibarət “B” literli tikili və sahəsi 71.8 kv. m. talvardan ibarət “T” literli tikilidən ibarətdir. Mülkiyyətində olan, Cavabdeh tərəfindən müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan qanunsuz inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi tərəfə baxan hissəsində nəm çəkdiyini müəyyən etdikdən sonra o, səbəbini müəyyən etmək məqsədi ilə evinin arxasında qonşuluqda yaşayan cavabdehə baxan hissədə xırda təmir işləri aparmaq məqsədi ilə qanunsuz tikililəri sökməsinə dair qonşu Cavabdeh müraciət etmişdir. Cavabdeh ona məxsus evi inşa etdirdiyi qanunsuz tikililərlə tam blokadaya almış və onun jolobunun suyunun ona məxsus evin himinə axmasının qarşısını almaq üçün evin cavabdehə baxan hissəsinə divarboyu 1.0 metr enində sement betondan qurşaq salınmasına maneəçilik edir. Qarşılaşdığı məsələnin həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə dəfələrlə cavabdehə müraciətinə reaksiya verilmədiyindən aidiyyatı üzrə Dövlət orqanına, Gəncə şəhər İH-nə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə şəhər İH Memarlıq və Tikinti şöbəsi tərəfindən ərizəsi yerində araşdırılaraq evin tikintisi zamanı ara məsafəsinin gözlənilmədiyi bildirilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən inşa edilmiş 1 mərtəbəli, zirzəmili fərdi yaşayış evi layihələndirilməmiş, inşası Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-ci maddəsinin tələblərinə uyğun aparılmamışdır. Qeyd etdikləri Gəncə şəhər İH Memarlıq və Tikinti şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli 06 saylı arayışı ilə öz təsdiqqini tapmışdır. Odur ki, onun mülkiyətində olan, ünvan 5 ünvanda 400.0 kv.m, torpaq sahəsində yerləşən “A” İiterli birdi yaşayış evindən, “B” literli əl damından və “P” İiterli talvar tikilisindən ibarət fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneəsinin aradan qaldırılmasına, ona vurulmuş 1.500 manat məbləğində zərərin əvəzinin ödənilməsinə və Cavabdeh tərəfindən ünvan 6 ünvanda yerləşən evi müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan, tikinti normalarına uyğun olmadan qanunsuz inşa edildiyindən həmin tikililərin onun vəsaiti hesabına sökülməsinə və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun mərhum qardaşının həyat yoldaşı olmuşdur. Lakin təəssüf ki, qardaşı rəhmətə gedəndən sonra onunla ailəsi arasında narazılıqlar yaranmışdır. O, ailəsinə qarşı, xüsusən də, ağsaqqal atası ilə ağbirçək anasına qarşı hörmətsizliklər etməkdən əl çəkməmişdir. Bu xoşagəlməz hərəkətləri ilə o, polis nəfəri olmuş və xidməti vəzifəsini yerinə yetirərkən faicəvi şəkildə həlak olmuş rəhmətlik qardaşının əziz xatirəsinə də, hörmətsizlik edir. Tez-tez atasından və ondan əsassız şikayətlər etməklə həm hüquq mühafizə orqanlarının, həm də məhkəmənin vaxtını alır, bu yolla onlara əziyyət vermək istəyir. Əslində isə onlara maddi və mənəvi zərər vuran iddiaçı Mehriban özüdür. Valideynlərinin mülkiyyətinə vurduğu zərərə görə atası məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia ərizəsində özü etiraf edir ki, onun öz jolobunun yağış suyu onun evinin bünövrəsinə axır. Məsələ burasındadır ki, iddiaçı öz jolobundakı kiçicik bir axıntının qarşısını almaq üçün öz evinin damından bircə şiferi çıxarmaqla bu nasazlığı təmir etdirə bilər. Lakin o, bu nasazlığı qəsdən təmir etdirmir. Ailəsi ilə apardığı intriqa səbəbilə o, məhz həyətlərinə soxulmaq, ağbirçək anası ilə, ağsaqqal atasına əsəb sarsıntısı yaşatmaq, onlara psixoloji diskomfort yaratmaq niyyətindədir. Yazıb ki, guya ona 1500 manat zərər vurmuşlar. Belə bir absurd iddia tələbini irəli sürərkən iddiaçı hansı hüquqi sənədə istinad etmişdir? Mümkün deyil ki, hansısa mütəxəssis və ekspert bu məbləğdə zərər dəyməsini müəyyən etsin, çünki belə bir zərər yoxdur. Və hətta zərər mövcuddursa da, o zərər məhz iddiaçının özünün təqsiri ucbatından yaranıb, nə onun, nə də ki, valideynlərinin cavabdeh olmasından söhbət belə gedə bilməz. İddia tələbi tamamilə əsassızdır və yanlış, məntiqsiz mülahizələrə söykənir. İddiaçı ərizəsində yazır ki, guya o, qanunsuz inşa etdirdiyim tikililərlə iddiaçya məxsus evi tam blokadaya almış və onun öz jolobunun yağış suyunun evinin himinə axmasının qarşısını almaq üçün divarboyu 1.0 metr enində sement betondan qurşaq salınmasına guya o, maneəçilik edir. Əvvəla ki, bu ev ona məxsus deyil və buradakı hansısa tikililərin sökülməsini, həm də, onun vəsaiti hesabına sökülməsini, o tikililərə görə guya iddiaçıya ziyan vurulmasını, ev sahibi başqa şəxslər olduğu halda və ümumiyyətlə bərkitmə-betonlama və bu tip əsaslı təmir işlərinə icazə verməli dövlət orqanı kənarda qala-qala guya onun hansısa beton qurşaq salınmasına icazə verməməyi və buna görə maneənin aradan qaldırılmasının məhz ondan tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Əksinə iddiaçı bayırdan keçən digər bir jolobundan axan yağış suyunu qəsdən valideynlərinə məxsus olan, darvazanı saxlayan barının dibinə axıdır. Bu suyun uzun müddətdir ki, valideynlərinə məxsus evin barısının dibinə axmasına görə hazırda qəzalı vəziyyət yaranıb. Buna görə də, atası iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olub. Hazırki iş üzrə iddiaçı olan Mehriban isə həmin iddiaya görə əvəz çıxmaq üçün ona qarşı bu əsassız, uydurma və qanuni əsasa söykənməyən iddianı irəli sürmüşdür. Halbuki öz yolobunu hər iki yerdən özü çox rahat şəkildə düzəltdirə bilərdi və bununla da, mübahisə yaranmazdı. Odur ki, yuxarıda sadalananlara əsasən iddiaçının bu uydurma və qərəzli iddiasına qarşı qətiyyətlə etiraz edir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin xx.xx.2013-cü il tarixli, RX ******* qeydiyyat nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 13 dekabr 2021-ci il tarixli 10/5119 nömrəli rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşıyış evinə baxış keçirilməsi mümkün (iddiaçı fərdi yaşayış evinə daxil olmaq icazə verməmiş və bildirmişdir ki, yaşayış evində olan qüsurlar aradan qaldırılmışdır.) olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamış, qərardadın 2-ci sualı üzrə -ünvan 8 ünvanın cavabdehə məxsus (tövlə) tikilisinin inşa olunmasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından, tövlə tikilisinin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3776 nömrəli rəyindən görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq bir tərəfdən giriş-çıxış yolu ilə, üç tərəfdən isə qonşu sahəlrlə əhatə olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşən B literli əl damı tikilisinin daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin qüsurlar olan divarına bitişik cavabdeh tərəfindən hər hansı tikili inşa edilmədiyini, əl damının dam hissəsinə vurulmuş metal şiferlərin üzərində sınıqların və əyilmələrin olduğunu, eyni zamanda su novlarının birləşmə yerlərində qüsurlar olduğunu nəzərə alaraq, B literli əl damının daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin divarlarında əmələ gəlmiş həmin qüsurlar metal şiferlərin üzərində yaranmış sınıqlardan yağış sularının axması nəticəsində yarana bilər. Həmçinin qeyd olunur ki, əl damının divarında yaranmış çatların texniki səbəbi tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. İddiaçı məxsus Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 4-cü döngə ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş B literli əl damı tikilisinin çatlar olan divarında yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 637,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, DƏDRX-nin xx.xx.2013-cü il tarixli, RX ******* qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İddiaçı cavabdehin ünvan 6 ünvanda müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan, tikinti normalarına uyğun olmadan qanunsuz ev inşa etdiyini, evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin qanunsuz maneə yaratdığını, ona 1.500 manat məbləğində zərər vurulduğnu qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə, cavabdehlərin etirazlarına və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub–olmaması, yəni iddiaçının mübahisəli fərdi yaşayış evinin üzərində mülkiyyət və ya əşya hüququnun mövcudluğu, sahiblik hüququnun pozulması və tələb hüququnun yaranması, qeyd edilən hallar mövcud olduğu halda, cavabdehlərin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007–ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008–ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub– olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin ünvan 6 ünvanda yerləşən evinin müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan, tikinti normalarına uyğun olmadan qanunsuz inşa edildiyindən həmin tikililərin onun vəsaiti hesabına sökülməsi hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddiaçı həmin tikililərin müvafiq icazə sənədi, təsdiq edilmiş layihəsi olmadan, tikinti normalarına uyğun olmadan qanunsuz inşa edildiyini qeyd etsə də, həmin tikililərin onun hansı hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə iddia qaldırmağa subyektiv hüququ yoxdur və həmin hissədə iddia tələbi təmin edilməməlidir. İddia tələbinin fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneənin aradan qaldırılmasına, ona vurulmuş 1.500 manat məbləğində zərərin əvəzinin ödənilməsinə hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə qonşudur və qonşiuq münasibətlərindən yaranan tələblərlə iddia qaldırma haqlıdır. Yəni həmin hissədə iddiaçının iddia qaldırmağa subyektiv hüququ vardır. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, yuxarıda qeyd edildiyi kimi, cavabdehin etirazları nəzərə alınmaqla iddianın həmin hissədə hazırki vəziyyətdə əsaslı olub–olmaması məsələləridir. Ona görə də məhkəmə yoxlanılmalı olan ikinci məsələ ilə bağlı qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneənin mövcud olub-olması və iddiaçıya cavabdeh tərəfindən zərər vurulub-vurulmaması məsələsinin təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Məhkəmə ilkin olaraq iddiaçıya maddi zərər vurulması ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 13 dekabr 2021-ci il tarixli 10/5119 nömrəli rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşıyış evinə baxış keçirilməsi mümkün (iddiaçı fərdi yaşayış evinə daxil olmaq icazə verməmiş və bildirmişdir ki, yaşayış evində olan qüsurlar aradan qaldırılmışdır.) olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3776 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşən B literli əl damı tikilisinin daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin qüsurlar olan divarına bitişik cavabdeh tərəfindən hər hansı tikili inşa edilmədiyini, əl damının dam hissəsinə vurulmuş metal şiferlərin üzərində sınıqların və əyilmələrin olduğunu, eyni zamanda su novlarının birləşmə yerlərində qüsurlar olduğunu nəzərə alaraq, B literli əl damının daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin divarlarında əmələ gəlmiş həmin qüsurlar metal şiferlərin üzərində yaranmış sınıqlardan yağış sularının axması nəticəsində yarana bilər. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddiaçı tərəfindən ona cavabdeh tərəfindən maddi zərərin vurulmasını təsdiqləyəcək sübutlar təqdim edilməmiş, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizaları zamanı da, iddiaçıya cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiqləyəcək hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneənin aradan qaldırılması ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3776 nömrəli rəyindən görünür ki, mübahisəli torpaq sahəsi faktiki olaraq bir tərəfdən giriş-çıxış yolu ilə, üç tərəfdən isə qonşu sahələrlə əhatə olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsinin üzərində yerləşən B literli əl damı tikilisinin daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin qüsurlar olan divarına bitişik cavabdeh tərəfindən hər hansı tikili inşa edilmədiyini, əl damının dam hissəsinə vurulmuş metal şiferlərin üzərində sınıqların və əyilmələrin olduğunu, eyni zamanda su novlarının birləşmə yerlərində qüsurlar olduğunu nəzərə alaraq, B literli əl damının daxilində inşa edilmiş sanitar qovşağı tikilisinin divarlarında əmələ gəlmiş həmin qüsurlar metal şiferlərin üzərində yaranmış sınıqlardan yağış sularının axması nəticəsində yarana bilər. Göründüyü ki, iddiaçıya məxsus tikililərdə təmir işlərinin aparılmasına ehtiyac vardır və iddiaçıya məxsus torpaq sahəsi üç tərəfdən qonşu sahələri ilə əhatə olunmuşdur. Azərbaycan Respublikası MM-nin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Həmin məcəllənin 29.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi evin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdehin yaratdığı qanunsuz maneənin aradan qaldırılması hissəsində əsaslı olduğundan təmin edilməli və Cavabdeh iddiaçıya məxsus evin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. İddia qismən təmin edildiyindən ödənilmiş 10 manat dölət rüsumunun 4 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ünvan 1 ünvanda yerləşən 400.0 kv.m torpaq sahəsində yerləşən “A” literli fərdi yaşayış evindən, “B” literli əl damından və “İ” literli talvar tikilisindən ibarət fərdi yaşayış evinin nəm çəkməsinin qarşısının alınması məqsədi ilə görüləcək təmir işlərinə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar