Məhkəmə qərarları › İş №2(125)-1867/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1867/2025

14.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1867/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan siyahıda göstərilən daşınar əmlakların, olmadığı halda nağd şəkildə dəyəri 4673 manat məbləğində pulun, mediasiyaya görə ödənilmiş 55 manat, "xxxx" MMC-yə ödədiyi 100 manat və dövlət rüsumu kimi ödənilmiş 66,73 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 2024cü ilin aprel ayında nikah bağlanmışdır. Sonradan ailə münasibətləri dağılmış və o, ailəsinin yaşadığı evə qayıtmışdır. Samux Rayon Məhkəməsinin çıxardığı qətnamə ilə rəsmi qaydada nikahları pozulmuşdur. Cavabdehlə nikah bağladıqdan sonra nikaha daxil olmamışdan əvvəl əldə etdiyi müəyyən daşınar əmlakı, o cümlədən qızıl-zinət əşyalarını özü ilə cavabdehin ailəsi ilə yaşadığı evə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd qadın üçün jaket,1 ədəd qadın üçün yun parçadan yubka, 1 ədəd qadın üçün ağ-qara rəngli komplekt pijama, 2 ədəd qadın üçün idman ayaqqabısı, 3 ədəd qadın üçün ev çəkələyi,1 ədəd kətan materialdan qara rəngli qadın üçün kofta,1 ədəd qadın üçün mavi rəngli cins şalvar,1 ədəd saç qurudulması üçün fen, 1 ədəd saç üçün daraqlı fen, 2 ədəd qadın üçün kofta, 1 ədəd “Samsung Galaxy AS4” markalı mobil telefon, 5 ədəd qadın üçün komplekt alt paltarı, 1 ədəd ziyafət üçün don,1 ədəd qadın üçün idman şalvarı, Rusiya istehsalı 8 qr. çəkidə 583 əyyarlı qızıl sep, Rusiya istehsalı 6 qr. çəkidə 583 əyyarlı qızıl qolbağı, Rusiya istehsalı 4 qr.çəkidə 583 əyyarlı brilliant qaşlı qızıl nişan üzüyü, Rusiya istehsalı 5 qr. çəkidə 583 əyyarlı qızıl üzük, Rusiya istehsalı 6 qr. çəkidə 583 əyyarlı qızıl sırğa; cəmi 4673 manat. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, 2024-cü ilin avqust ayında mebellərini cavabdehin evindən çıxarmışdır. Həmin vaxt boşanmaq fikirləri olmamış, kirayəyə çıxmaq adı ilə mebelleri evdən çıxarmışdırlar. Cavabdeh də ona zəng edib onunla kirayədə qalacağını demiş, paltarlarının öz evlərindən götürülməsini istəmişdir. Mebellərlə birlikdə cavabdehin paltarları, həmçinin də özünün ata evindən gətirdiyi paltarları cavabdehin evindən çıxarıb ata evinə gətirmişdirlər. Mebellər çıxarılan zaman cavabdehin qonşuları şahid olmuş, özünün anası, bibisi, bibisinin yoldaşı da iştirak etmişdir. Tələb etdiyi əşyaları həmin vaxt şkafda olmamışdır, onun adamları ancaq özünün ata evindən gətirdiyi paltarlarını yığıb gətirmiş, digər paltarlarını tələb etməmişdirlər. Cavabdehin ailəsi onun nikah haqqında şəhadətnaməsini belə götürmüş, şəxsiyyət vəsiqəsini yatağın altından tapıb gətirmişdirlər. Bundan sonra cavabdehin fikri dəyişmiş, kirayəyə çıxmaq istəməmiş, boşanacağını demişdir. Buna görə də bibisinin yoldaşı Məhərrəm cavabdehin paltarlarını özünə geri qaytarmışdır. Qızılları həmişə qayınanasında olmuşdur. Toy günündən sonra qayınanası istədiyinə görə qızıllarını ona vermişdir. Bir dəfə iyunun 28-i «Min bir gecə» şənlik evinə toya getdikləri vaxt qızılları qayınanasından alıb taxmış, toydan qayıtdıqdan sonra qayınanası yenə “Ver mən saxlayım, itirərərsən.” dediyi üçün qızıllarını ona vermişdir. Bu hadisədən sonra təxminən iyulun 13-ü atası evinə qonaq kimi getmişdir. Həmin vaxt özü ilə heç nə aparmamışdır, anası xəstə olmuş, ona qulluq etmək üçün getmiş, ata evində də bacısının paltarlarını geyinmişdir. Cavabdehin dedikləri isə ziddiyyətlidir, ona göndərdiyi məktubda toydan qayıtdıqları vaxt onun atası evinə gəldiyini və qızıllarını orda qoyduğunu göstərmiş, nikahın pozulması üçün məhkəmə müraciət etdiyi iddia ərizəsində isə mebellər çıxarılan zaman qızılların da götürüldüyünü demişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, avqust ayında mebellərlə birlikdə paltarlarını da evdən götürmüşdürlər. Hətta onun da paltarlarını aparmış, daha sonra iddiaçının bibisi ilə bibisinin yoldaşı Məhərrəm onun paltarlarını gətirib vermişdir. İyunun 28-i birlikdə «Min bir gecə» şənlik evinə toya getmiş, iddiaçı qızıllarını da taxmışdır. Qızıllar həmişə onun öz otağında şkafın içində olmuşdur, evdən hazırlaşıb çıxmışdırlar. İddiaçının bibisi oğlunun toyu olmuşdur. Toydan çıxandan sonra iddiaçı atasıgildə qalmaq istəmiş, 2 gün sonra öz evlərinə gəldikdə qızıllar üstündə olmamışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, mebellər çıxarılan vaxt iddiaçının nənəsi, anası, bibisi, dayısı arvadı da orada olmuşdur. Videosunu çəkmiş, hamı videoda düşmüşdür. Şkafların içini onların özləri boşaltmışdır. Usta boş şkafları sökmüş, maşına daşıyıb evdən çıxarmışdırlar. Əvvəlcə boşanmaq fikirləri olmamışdır, iddiaçının atası qızı sərbəstlik istədiyi üçün kirayəyə çıxmalarını demişdir. İddiaçının bütün paltarlarını özləri almışdır, iddiaçı heç gəlin gələndə özü ilə paltar gətirməmişdir. Qardaşı Bəxtiyarın da paltarlarını aparmış, sonra geri qaytarmışdırlar. İyunun 28-i birlikdə qardaşı Bəxtiyarla birlikdə toya getmiş, iddiaçı toyun səhərisi günü qayıdıb gəlmişdir. Sonuncu dəfə iddiaçı atası evinə qonaq getdikdən sonra isə qayıdıb gəlməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X3 ifadəsində göstərdi ki, tərəfləri tanımır. Usta işləyir. Mebel əşyalarını söküb, maşına yığıb qızın ata evinə gətirmişdirlər. Mebellərin içi boş olmuşdur. Onlar həmişə vaxtları getməsin deyə müştəriyə əvvəlcədən mebelləri boşaltmalarını demişdirlər. Həmin vaxt mebellərdən başqa heç nə görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X4 ifadəsində göstərdi ki, qonşu kimi tərəflərin toylarında iştirak etmişdir. Cavabdehi də toyda tanımışdır. İddiaçının atası kömək üçün çağırmış, mebelləri maşına daşımağa kömək etmişdir. Divan, kreslo, lüstür, stol və s. ancaq mebel əşyaları olmuş, başqa heç nə görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dinlənilmiş X1 ifadəsində göstərdi ki, iddiaçının atası Abbasov Fizuli qaynıdır. Mebellər sökülmüş, maşına daşımışdırlar. Həmin vaxt Əsmərin valideynləri olmamışdır. Mebelləri və qutularda olan qab-qacaqları yığıb gətirmişdirlər. Bundan 5-6 gün sonra Bəxtiyarın paltarlarını aparıb özünə qaytarmışdır. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edimiş:- "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ƏQ-008/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, xx.xx.2025-cü il tarixə olan real bazar dəyəri:- 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr. çəkidə olan qızıl boyunbağının dəyəri 750 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr. çəkidə olan qızıl qolbağının dəyəri 650 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr. çəkidə olan brilliant qaşlı nişan üzüyünün dəyəri 900 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr. çəkidə olan qızıl üzüyün dəyəri 600 manat və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr. çəkidə olan qızıl sırğanın dəyəri 650 manat olmaqla cəmi 3550 manat, 14 sayda və adda geyim əşyalarının cəmi dəyəri 1123 manat olmaqla, ümumilikdə 4673 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli, GST ******* nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə qızıl-zinət və geyim əşyalarının qiymətləndirilməsi xidmətinə görə 100 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞS/1/2025-0003 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 11:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını, şahid ifadələrini və işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarının mövcud olması və iddiaçıya məxsus olması cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. İddiaçı iddia etmişdir ki, ona məxsus qızıllarını sonuncu dəfə qohumlarının toyundan qayıdanda əlindən alaraq cavabdehin anası özündə saxlamışdır. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onunla qohumlarının toy mərasiminə gedərkən qızılları üzərinə taxmış və toydan qayıdarkən onların yaşadığı evə deyil, iddiaçı öz atasının einə gedərək qızıllar onun özündə qalmışdır. Cavabdeh iddiaçı ilə toya gedərkən onların yaşadıqları evdən birbaşa toya getdiklərini və iddiaçının da qızılları məhz onların yaşadığı evdə üzərinə taxdığını və toydan qayıdarkən iddiaçının atası evinə qayıtdığını göstərmişdir. Cavabdehin iddiaçıya ünvanladığı müraciətdən görünür ki, cavabdeh müraciətində iddiaçının «Min bir gecə» şənlik evinə qohumlarının toyuna gedərkən iddiaçının qızılları atası evində taxdığını və qayıdanda da iddiaçının atası evində qoyaraq yaşadıqları evə qayıtdıqlarını göstərmişdir. Bununla belə cavabdeh nikahın pozulması tələbinə dair Samux Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində iddiaçının valideynlərinin iddiaçıya məxsus cehiz əşyalarını və bütün qızıl-zinət əşyalarının iddiaçının atası evinə daşıdıqlarını göstərmişdir. Göründüyü kimi, cavabdeh iddia tələbinə qarşı etirazını iddiaçının toydan qayıdarkən atası evinə getməsi və qızılların da iddiaçıda qalması ilə əlaqələndirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırarkən iddia ərizəsində iddiaçıya məxsus qızıl-zinət əşyalarının onun valideynləri tərəfindən cehiz əşyaları ilə birlikdə aparıldığını, iddiaçı ilə yazışmasında (iddiaçıya ünvanladığı məktubda) isə toya gedərkən iddiaçının qızılları atası evində taxdığını və toydan qayıdarkən isə iddiaçının qızılları atası evinə qoyaraq qayıtdıqlarını göstərmişdir. Məhkəmə cavabdehin göstərdiyi dəlilləri işin müəyyən olunmuş hallarına uyğun hesab etmir və hesab edir ki, iddia tələbi qızıl-zinət əşyalarının qaytarılması hissəsində təmin edilməlidir. İddia tələbinin geyim əşyalarının qaytarılmasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı izahatında mebellərlə birlikdə cavabdehin paltarları, həmçinin də özünün ata evindən gətirdiyi paltarları cavabdehin evindən çıxarıb ata evinə gətirdiklərini, sonradan isə kirayədə yaşamaları ilə bağlı razılaşmaları baş tutmadığından cavabdehə məxsus geyim paltarlarının onun qohumları tərəfindən geri qaytarıldığını göstərmişdir. İddiaçının vəsatəti ilə dindirilmiş şahid də iddiaçıya məxsus mebellərin atası evinə aparıldığı vaxtdan 5-6 gün sonra onun vasitəsilə cavabdehə məxsus geyim paltarlarının geri qaytarıldığını göstərmişdir. Bununla belə iddiaçının kirayədə yaşamaq məqsədi ilə əmlaklarını həmin evdən çıxarmasını, qalan paltarlarını isə orada saxlamasını həqiqətə uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Göründüyü kimi, iddiaçının iddia etdiyi qızıl-zinət əşyaları iddiaçıya hədiyyə olunmaqla iddiaçının əmlakıdır və iddiaçının iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr.çəkidə 750 manat dəyərində olan qızıl boyunbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr. çəkidə 650 manat dəyərində olan qızıl qolbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr. çəkidə 900 manat dəyəri olan brilliant qaşlı nişan üzüyü, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr. çəkidə 600 manat dəyərində olan qızıl üzük və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr. çəkidə 650 manat dəyəri olan qızıl sırğa, onlar olmadığı təqdirdə dəyəri olan 3550 (üç min beş yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat mediasiya xərci, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 55,50 manat dövlət rüsumu və qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat pul cavabdehə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 8 qr.çəkidə 750 manat dəyərində olan qızıl boyunbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyərində olan qızıl qolbağı, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 4 qr.çəkidə 900 manat dəyəri olan brilliant qaşlı nişan üzüyü, 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 5 qr.çəkidə 600 manat dəyərində olan qızıl üzük və 1 ədəd Rusiya istehsalı olan 583 əyyarlı 6 qr.çəkidə 650 manat dəyəri olan qızıl sırğa, onlar olmadığı təqdirdə dəyəri olan 3550 (üç min beş yüz əlli) manat, 55,50 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və qiymətləndirmə ilə bağlı ödənilmiş 100 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar