Məhkəmə qərarları › İş №2(125)-2136/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2136/2025

04.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2136/2025 04.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulmasına dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, Maraqlı şəxs ilə 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olsa da nikahlarını 2014-cü il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 adlı 2 uşaqları vardır. Onlar arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6714/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatında bir sıra məsələlərə dair onların aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 60 manat cəmi 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması ilə bağlı razılığa gəlmişlər. Hazırda Maraqlı şəxs barışıq sazişini icra etməkdən boyun qaçırır. Buna görə də qeyd edilən barışıq sazişinin icraya yönəldilməsində zərurət yaranmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə görə məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İV seriyalı 332906 nömrəli və AZ-İV seriyalı 551819 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə və X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, birgə nikahdan xx.xx.2014cü il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 60 manat cəmi 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə ödənilməsinə dair razılıq əldə olunmuşdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 6714/2023 nömrəli qətnamənin surətindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi qanuna zidd deyildir və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞG/MT033/2023-04144 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi xeyrinə ödənilməsinə dair razılıq əldə olunmuşdur». Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar