Məhkəmə qərarları › İş №2(125)-2187/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2187/2024

14.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2187/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə ümumi övladları olan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 80 manat alimentin artırılaraq 2024-cü ilin fevral ayından etibarən 200 manat olması haqqında Gəncə 1 saylı X2 Anar İnqilab oğlu ilə bağladıqları xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə o, 2016-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladları vardır. Lakin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladı Tunarın onun yanında saxlanması və uşağın saxlanması üçün 80 manat alimentin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən artıq 11 il keçdiyi üçün və bu miqdarda aliment uşağın saxlanması üçün kifayət etmədiyi üçün o, qanunvericiliyə əsasən əvvəlcə mediasiya təklifi göndərmiş və Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator təyin edilmiş və mediasiya sessiyasının keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. Onlar mediasiya prosesində iştirak etmişlər. Mediasiya prosesi nəticəsində cavabdeh 200 manat aliment ödəməyə razılaşmışdır. Beləliklə o birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 80 manat alimentin artırılaraq 2024-cü ilin fevral ayından etibarən 200 manat olması haqda xx.xx.2024-cü il tarixdə mediasiyada Barışıq Sazişi bağlamışlar. Lakin, Barışıq Sazişinin bağlanmasından 10 gündən artıq keçməsinə baxmayaraq qarşı tərəf sazişi icra etmir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanmış 13 fevral 2024-cü tarixli, MŞG/1/MT007/2024-000234 nömrəli barışıq sazişinə əsasən nikahları pozulduqdan sonra təyin edilmiş 80 (səksən) manat məbləğində alimentin 2024-cü ilin fevral ayından etibarən artırılaraq ayda 200 (iki yüz) manat məbləğində olması və Maraqlı şəxs işlədiyi müəssisə tərəfindən aldığı əmək haqqından ona məxsus karta hər ay 200 manat pulun köçürülməsini öz öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və barışıq sazişinin şərtlərini pozmuşdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, Ərizəçi ilə arasında bağlanmış 13 fevral 2024-cü tarixli, MŞG/1/MT007/2024-000234 nömrəli barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş: AZ-İV seriyalı, 269948 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 yanvar 2016-cı il tarixdə doğulmuşdur. Atası – Maraqlı şəxs, anası – Ərizəçidır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4243/2018 nömrəli, 21 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Maraqlı şəxs ilə X3 arasında Gəncə şəhəri “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 30 iyun 2015-ci il tarixdə, 1707 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək anası X3 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq, (tutularaq) X4 ödənilməsi qət edilmişdir. 13 fevral 2024-cü tarixli, MŞG/1/MT007/2024-000234 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında 01 fevral 2019cu il tarixli Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 33 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikahları pozulduqdan sonra təyin edilmiş 80 (səksən) manat məbləğində alimentin 2024-cü ilin fevral ayından etibarən artırılaraq ayda 200 (iki yüz) manat məbləğində olması barədə razılığa gəlmişlər. Tərəflər razılaşmışlar ki, Maraqlı şəxs işlədiyi müəssisə tərəfindən aldığı əmək haqqından Ərizəçi məxsus karta hər ay 200 (iki yüz) manat pulun köçürülməsini təmin edəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 13 fevral 2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflər birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında 01 fevral 2019cu il tarixli Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən 33 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən nikahları pozulduqdan sonra təyin olunmuş 80 (səksən) manat məbləğində alimentin 2024-cü ilin fevral ayından etibarən artırılaraq ayda 200 (iki yüz) manat məbləğində olması barədə razılığa gəlmişlər.

2. Tərəflər razılaşmışlar ki, Maraqlı şəxs işlədiyi müəssisə tərəfindən aldığı əmək haqqından Ərizəçi məxsus karta hər ay 200 (iki yüz) manat pulun köçürülməsini təmin edəcəkdir. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar