Məhkəmə qərarları › İş №2(125)-2425/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2425/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2425/2025 06.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri - 1966-cı il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi (ölməsi) faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə 1966-cı il təvəllüdlü X9 ərizəçinin əridir. Belə ki, onlar xx.xx.1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, həyat yoldaşı X9 1966-cı il tarixində anadan olmuşdur. X9 xx.xx.2014-cü il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayon Dəymədağlı kənd qəbirsanlığında dəfn olunmuşdur. Baş qarışıqlığından mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər, hazırda bir çox sənədlərin hazırlanmasında ondan həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün o, sənədlərini hazırlaya bilmir. Mərhum həyat yoldaşı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, X9 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunun Dəymədağıldı kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur. Mərhum ərinin valideynləri vəfat etmişdir. Hazırda zəruri hüquqi sənədlərin hazırlanması üçün qeyd olunan hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi onun qayınanası, X1 isə ərizəçinin əri olmaqla, onun qayınatasıdır. 2013-cü ildə ərizəçi və X1nun oğlu X7 ilə rəsmi nikaha daxil olmuşdur, həmin vaxt X1 sağ olmuşdur. 3-4 ildir ki, nikahları pozulmuşdur. X1 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda ölmüş, həmin rayonda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, X1 qardaşı, ərizəçi isə onun mərhum qardaşının həyat yoldaşıdır. Mərhum qardaşı xx.xx.1966-cı ildə doğulmuşdur, ailədə 9 övlad – 4 bacı və 5 qardaş olmuşlar. Ailənin ən balaca övladıdır. Hazırda özü, qardaşı Vidadi, bacıları Səbilə və Zəminə sağdır. Mərhum qardaşı uzun sürən xəstəlikdən sonra xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda ölmüşdür, həmin vaxt valideynləri sağ olsa da, xəstə olduqları üçün baş qarışıqlığından ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Atası qardaşı X4 ölümündən bir neçə ay sonra, xx.xx.2014-cü ildə, anası isə 4 il bundan qabaq ölmüşdür. Mərhum qardaşı X6 Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən qəbiristanlıqda dəfn etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. Bacısı ilə X1 1989-cu ildə evlənmişlər. 2014-cü ilin fevral ayının 14-də bacısının həyat yoldaşı X2 rayonunda vəfat etmiş, həmin rayonda dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 1966-cı il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Bərdə rayonunda ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Şirvanlı kənd İƏD-si üzrə icra nümayəndəsi və onun müavini tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 116 nömrəli arayışa görə Dəymədağıldı kənd sakini X9 xx.xx.2014-cü ildə vəfat etmiş və Dəymədağıldı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15- 153/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, mərhum vətəndaşın (əri – X9) ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan başqa, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum əri X4 qəbir daşının çəkilmiş fotoşəkilini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X9 həqiqətən xx.xx.1989-cu il tarixdə X11 ilə Maraqlı şəxs kitabında qeyd olunmuş nikahı bağlamışlar, nikah bağlandıqdan sonra ərin soyadı İbişov, arvadın soyadı İbişova qeyd edilmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli, 18-1-28/2- 524/2025 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, 1966-cı il təvəllüdlü X4 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə və s.) aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi 02 iyun 2003-cü ildən ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 1966-cı il təvəllüdlü X9 ərizəçinin uşağıdır və o, 14 fevral 2014-cü il tarixdə Bərdə rayonunda ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə əmlakına sərəncam vermək hüququnun həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1966-cı il təvəllüdlü X4 14 fevral 2014-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar