Məhkəmə qərarları › İş №2(125)-2482/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2482/2022

25.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2482/2022 25.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi Əli oğlunun iştirakı ilə, Ərizəçi Əli oğlunun “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Əli oğlu ərizə ilə məhkəməyə müraciət edərək X3 15 sentyabr 2022-ci il tarixdə ölməsinin qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X3 15 sentyabr 2022ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 sentyabr 2022-ci il tarixində atası X7 evin həyətində təsərrüfat işləri gördüyü zaman öz ehtiyatsızlığından yaşadığı evin zirzəmisinin qarşısında yıxılaraq baş nahiyəsindən xəsarət alması nəticəsində ölmüşdür. Həmin gün atasının yıxılması və xəsarət alması barədə ona 13:00 radələrində məlumat verilmişdir. Bu məlumatı aldıqdan sonra dərhal yaşadıqları evə gedib atasını X5 Mərkəzinə aparmış, X1 atasının artıq öldüyü bildirilmişdir. Baş verən hadisə barədə Gəncə şəhər Prokurorluğunun 25 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətini iddia ərizəsinə əlavə etmişdir. Atasının ölümündən sonra ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək üçün Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxsinin Gəncə şəhər Səhiyyə İdarəsi Nizami ASM-yə və Gəncə şəhər Qeydiyyat Şöbəsinə yazılı qaydada müraciət etmiş, Gəncə şəhər Səhiyyə İdarəsi Nizami ASM tərəfindən tibbi ekspertizanın rəyinin olmaması əsas gətirilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat Şöbəsi X3 ölüm faktı qeydə almamışdır. X3 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi atasından qalan miras əmlakın əldə edilməsi üçün zəruridir. Hazırda isə fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamənin təqdim edilməsindən Gəncə şəhər Səhiyyə İdarəsi Nizami ASM 07 oktyabr 2022-ci il tarixli 82 nömrəli məktubu ilə imtina etmişdir. Bu hal isə mirasın açıla bilməsi üçün yeganə sənəd kimi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə ilə müəyyən edilə bilər. Ölüm faktı Gəncə şəhər Prokurorluğunun 25 sentyabr 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da öz əksini tapmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onun atası, X7 isə onun mərhum babasıdır. Onlar babası ilə eyni evdə yaşamışlar. O, yaşadığı evin həyətinə çıxan zaman babasının zirzəminin qarşısında yıxılmış vəziyyətdə olduğunu və başından xəsarət aldığını görmüş, dərhal təcili tibbi yardım çağırmış, daha sonra bu barədə atasına məlumat vermişdir. Təcili tibbi yadım maşını gec gəldiyindən babasını atasının avtomobili ilə X5 Mərkəzinə aparmışlar. Xəstəxanada onlara babasının artıq vəfat etdiyi bildirilmişdir. Babası 15 sentyabr 2022-ci il tarixdə vəfat etmiş, 16 sentyabr 2022-ci ildə babası Xəlili doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi Əli oğlunun X3 15 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən Yasin Məmmədlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X7 15 sentyabr 2022-ci il tarixdə yaşadığı evin həyətində təsərrüfat işləri gördüyü zaman öz ehtiyatsızlığından evin zirzəmisinə yıxılaraq baş nahiyəsindən xəsarət alması nəticəsində ölməsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı 07 oktyabr 2022-ci il tarixli, 05/Q-2157/15 nömrəli məktubundan görünür ki, ölümün qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olunmaması nəzərə alınaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün yaşadıqları ərazi üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Nizami ASM-nin ərizəçiyə ünvanladığı 07 oktyabr 2022-ci il tarixli, 82 nömrəli məktubundan görünür ki, X4 yıxılaraq ölməsi haqqında Nizami ASM tərəfindən tibbi ekspertizanın rəyinin olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verilə bilmir. İş materiallarına əlavə edilmiş Qazax rayonu Aslanbəyli Bələdiyyəsinin 15 noyabr 2022-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X7 ərizəçinin atasıdır. X7 15 sentyabr 2022-ci ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt şahidin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadəsi ilə, eləcə də Gəncə şəhər prokurorluğunun müstəntiqinin qərarı və Qazax rayonu Aslanbəyli bələdiyyəsinin arayışı ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X.Yusiflinin ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə ərizənin təmin edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.1935-ci il tarixdə Qazax rayonunda doğulmuş X4 15 sentyabr 2022-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar