Məhkəmə qərarları › İş №2(125)-2510/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2510/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2510/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan paylarının müəyyən olunması və payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş 2003-cü il buraxılışı olan “Volksvagen Polo” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə dair payının müəyyən edilməsinə, həmin payın onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə el adəti ilə evlənib ailə qurmuşdur, xx.xx.2010-cu il tarixdə isə nikahları rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ilə ər-arvad münasibətləri pozulduğu üçün xx.xx.2023-cü il tarixli, 2(125)-876/2023 saylı Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Cavabdeh ilə nikahda olan müddətdə 2003-cü il buraxılışı “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil almışdırlar və həmin avtomobil Cavabdeh mülkiyyətinə qeydə alınmışdır. O, dəfələrlə həmin avtomobili birgə nikah dövründə əldə etdikləri üçün cavabdehdən əmlakın bölünməsini tələb etmişdir, lakin Cavabdeh avtomobilin bölünməsindən imtina etmişdir. Hazırda həmin avtomobili etibarnaməyə əsasən cavabdehin atası X12 idarə edir. Bununla bağlı o, Gəncə 1 saylı Mediyasiya Təşkilatına müraciət etmiş, mediasiya prosesində cavabdehin atası iştirak etmiş və o da avtomobilin bölünməsindən imtina etmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmin avtomobil onların birgə nikah dövründə əldə olunmuş və həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılmalıdır. Ona görə də həmin avtomobilin 1\2 hissəsi Cavabdeh, 1/2 hissəsi isə ona bölünməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə nikahları pozulmuşdur. Birgə nikahlarından 2 oğlu vardır. Uşaqları onun himayəsindədir. Onların saxlanılması üçün kəsilmiş alimenti ödəmədiyinə görə cavabdehə məxsus “Volkswagen Polo” markalı avtomobilin üzərinə həbs də qoyulmuşdur. Aliment borcunu ödəyəndən sonra həbs götürülmüşdür. Cavabdeh 2018-ci ildən bəri Rusiyaya getmiş, ər-arvad münasibətləri pozulmuşdur. Rusiyada başqa qadınlarla yaşamışdır. Ailələrinin dağılmasının səbəbi də cavabdehin ona Natalya adlı qadınla xəyanət etməsi olmuşdur. Pandemiya ilə əlaqədar karantin rejimi elan edildiyi vaxt da cavabdeh gəlməmişdir. Hazırda Natalya adlı qadın Rusiyada evini sataraq buraya gəlmişdir. Sözügedən avtomobilin birgə nikahları dövründə əldə edildiyini və həmin avtomobil üzərində onun da payı olduğunu bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, tərəflər rəsmi nikada olsalar da, ər-arvad münasibətləri uzun illər bundan əvvəl, 2016-cı ildən etibarən pozulmuş, onlar birgə təsərrüfat idarə etməmişdirlər. Belə ki, iddiaçı xx.xx.2022-ci ildə də nikahlarının pozulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən avtomobil isə 2023-cü ilin may ayında alınmışdır. Belə olduğu halda iddiaçının tələbi əsassızdır. Cavabdeh 2016-cı ildən etibarən Rusiya Federasiyasında yaşamağa başlamış, rus vətəndaşı olan Natalya adlı qadınla faktiki nikah münasibətlərində olmuş və onların birgə münasibətlərindən xx.xx.2019-cu ildə Muhəmməd Əli adlı uşaqları anadan olmuşdur. İddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Cavabdeh üst qonşusudur. 2017-ci ildən etibarən qonşudurlar. Natalya ilə ailə münasibətində olmuşdur. Cavabdeh demək olar ki, gecə də, gündüz də orada olmuşdur. Qonşu kimi həmişə münasibətləri olmuşdur. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Cavabdeh yaxın adamının dostudur. Onun Natalya ilə birlikdə yaşadığı Gəncə şəhəri, 5-ci mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən evin mülkiyyətçisidir. Onlar 2017-ci ildən 2022-ci ilə qədər həmin evdə yaşamışdırlar. Başqasının vasitəsilə evi onlara vermişdir. Kirayəyə verməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Cavabdeh oğludur. İddiaçı maşının üzərində həbs qoydurmuş, pul verib maşını həbsdən çıxarmışdır. 2017-2018-ci ildən etibarən oğlu ilə İddiaçı arasında ailə münasibətləri kəsilmişdir. Oğlu Natalya ilə Rusiyada yaşamış, daha sonra 2017- 2018-ci ildə Gəncə şəhərinə gəlmişdirlər. X1 adlı 5 yaşında 1 oğlu vardır. Bura gələndən sonra oğlunun İddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Cavabdeh qonşusudur. Əvvəllər həmin ünvanda oğlu yaşamış, artıq 1 il olar ki, özü həmin ünvanda yaşamaqdadır. Əvvəllər oğlunun yanına gələn vaxt Cavabdeh rus qadınla yaşadığını görmüşdür. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-327/2024 nömrəli məktubdan görünür ki, “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı yolu ilə X9 adına qeydiyyata alınmışdır. Sözügedən avtomobilin üzərinə xx.xx.2024-cü il tarixdə Afət Mayılovanın adına qeydiyyata alınarkən **-FB-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)-1345/2023 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 876/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh məxsus “Volksvagen Polo” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-876/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 08 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə anadan olmuş X2 və xx.xx.2010-cu ildə anadan olmuş X5 İddiaçı yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Gəncə Avtoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 məxsus “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin bu günkü bazar qiyməti 8000 manat civarında müəyyən edilmişdir. Vİİİ-MYU 872243 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş X18 Rüfətoviçin ata qrafasında Cavabdeh, ana qrafasında isə X6 kimi qeyd olunmuşdur. Vİİİ-MYU 877699 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 uşağı Muhəmməd Əlinin atası kimi tanınmışdır. İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-38-2/33-1890/24 nömrəli məktubdan görünür ki, Cavabdeh 2016,2017 və 2021-ci illərdə müxtəlif aylarda dövlət sərhədindən hərəkəti qeydə alınmış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə girişi qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-00438 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisələndirilən avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmuşdur, tərəflər özləri də həmin avtomobilin birgə nikah dövründə əldə olunmasını mübahisələndirməmişdir. Lakin cavabdeh tərəf sözügedən əmlakın tərəflərin birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, tərəflər arasında olan ər-arvad münasibətlərinin avtomobilin əldə edildiyi vaxtdan uzun müddət əvvəl kəsilməsini və tərəflərin birgə təsərrüfat aparmamasını əsas gətirərək, iddiaya etiraz etmiş, etirazının əsası kimi cavabdehin 2016-cı ildən etibarən Rusiya Federasiyasına getməsini, orada X6 ilə faktiki ailə münasibətlərində olmasını və birgə münasibətlərindən xx.xx.2019-cu ildə Muhəmməd Əli adlı uşaqlarının anadan olmasını, həmçinin xx.xx.2022-ci ildə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini göstərmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıbaparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, hazırkı iddia predmeti olan “Volkswagen Polo” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil əldə edildiyi vaxt tərəflər rəsmi nikah münasibətlərində olsalar da, onlar arasındakı ailə münasibətlərinə xitam verilmiş və onlar birgə təsərrüfat aparmamışdırlar. Buna görə də sözügedən əmlak ər-arvadın ümumi əmlakının dairəsinə daxil edilə bilməz. İddiaçı özü də nikahın pozulması ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdehlə aralarındakı nikah münasibətlərinin faktiki olaraq kəsildiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan paylarının müəyyən olunması və payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakdan paylarının müəyyən olunması və payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar