Məhkəmə qərarları › İş №2(125)-2521/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2521/2023

11.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2521/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Maraqlı şəxs ilə birgə nikahdan olan uşaqlarının xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay maaşının 50% həcmində alimentin ödənilməsinə dair xx.xx.2021-ci il tarixli barışıq sazişi imzalamışlar və Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona hər ay cavabdehin maaşın 50% həcmində alimenti ödəməyi öhdəsinə götürmüşdür. O, barışıq sazişi ilə üzərinə götürdüyü aliment öhdəliyini icra etmir. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh ona aliment verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin təsdiqlənərək icraya yönəldilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs ərizə təqdim edərək bildirmişdir ki, aralarında barışıq sazişi olmuş və 3 uşağın saxlanması üçün əmək haqqının 50% həcmində alimenti ödəməyi öhdəsinə götürmüşdür. Hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs nikahlarının pozulması, Maraqlı şəxs istənilən vaxt Ərizəçi evində və ya tərəflərin hər ikisinin iştirakı ilə uşaqları ilə digər yerlərdə də görüşmələri, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün nəzərdə tutulan alimentin Maraqlı şəxs əmək haqqının 50% məbləğində təyin edilməsi barədə razılaşmışlar. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar isə hal-hazıradək ərizəçinin himayəsindədir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2021-ci il tarixli M 00045 reyestr nömrəli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay üç uşağa görə Maraqlı şəxs əmək haqqının 50% məbləğində alimentin tutularaq Ərizəçi verilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında xx.xx.2021-ci il tarixdə bağlanmış, Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay üç uşağa görə Maraqlı şəxs əmək haqqının 50% məbləğində alimentin tutularaq Ərizəçi verilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar