Məhkəmə qərarları › İş №2(125)-363/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-363/2025

18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-363/2025 18.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuş X4 xx.xx.1976-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, mərhum X5 ilə nikahlarını xx.xx.1969-cu il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahlarından 1973-cü il tarixdə X8, 1975-ci il tarixdə anadan olmuş X9, 1978-ci il tarixdə anadan olmuş X6 və 1979-cu il tarixdə anadan olmuş X10 adlı 4 uşaqları anadan olmuşdur. Belə ki, xx.xx.1975-ci il tarixdə Gəncə şəhəri Dəmiryol xəstəxanasında anadan olmuş X9 anadangəlmə “ürək çatışmazlığından» əziyyət çəkmişdir. O, həmin uşağı 1 aylıq olan zaman Sumqayıt şəhərinə həkimə aparmış, daha sonra isə Gəncə şəhərində Quriya adlı həkimə aparmışdır. Həmin həkim uşağın müalicəsinin olmadığını və ömrünün az olduğunu bildirmişdir. X9 anadangəlmə ürək qüsurunun olması səbəbilə 5 aylıq olarkən xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində ölmüş və Sumqayıt şəhər qəbirstanlığına dəfn edilmişdir. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan 2003-cü il tarixdə vəfat etmiş mərhum əri X3 məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzilə dair sənədləşmə işləri apararkən mərhum qızının razılığı tələb olunmuşdur. Bundan sonra o, Sumqayıt “ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinə və Maraqlı şəxsnə müraciət edərək, X4 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi Vəli adlı şəxslə nikaha girmiş və həmin şəxslərin birgə nikahlarından 4 uşaq anadan olmuşdur. Onlardan ikisi qadın, ikisi isə kişi cinsi olmuşdur. Uşaqların adı Afət, Rüfət, İsmayıl və Lalə olmuşdur. Lalə anadan olduğu vaxtdan «ürək çatışmazlığından» əziyyət çəkmiş, 5 ay yaşadıqdan sonra vəfat etmişdir. Hətta onun xatırlamasına görə Gəncə şəhərində Qurya adı ilə məşhur olan uşaq nervipotoloqu müayinə etmiş, Laləyə iynə vuraraq, Sumqayıt şəhərinə çatdırılması üçün lazım olduğunu demişdir. Lalə Sumqayıt şəhərinə çatdıqda vəfat etmişdir. Lalə 1975-ci ildə anadan olmuş 5 ay yaşadıqdan sonra 1976-cı ildə vəfat etmişdir. O, Lalənin nəşini görməsə də anasından və bacısından Lalənin vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçi Vəli adlı şəxslə nikaha girmiş və həmin şəxslərin birgə nikahlarından Afət, Rüfət, İsmayıl və Lalə adlı 4 uşaqları anadan olmuşdur.Lalə 5 aylıq olarkən ürək çatışmazlığından vəfat etmişdir. Lalənin dodaqları daim göy rəngdə olmuşdur. Hətta Ərizəçi qızı Afət öz qızına Lalənin adını qoymuşdur. Lalə Qurya adlı uşaq nervipotoloqunun müayinəsindən sonra Sumqayıt şəhərinə aparılmış və Sumqayıt şəhərində vəfat etmişdir. Həmin ərəfələrdə o, tələbə olmuş, Texniki universitetdə təhsil almış və bacısı X2 ailəsi ilə birlikdə yaşadığı mənzildə onlarla yaşamışdır. İş materiallarında olan AЗ seriyalı 144832 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ilə Ərizəçi arasında olan nikah xx.xx.1969-cu il tarixdə 1396 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan İV-ЖГ seriyalı, 282919 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X4 atası X5, anası isə Ərizəçidır. İş materiallarında olan AZ-İ seriyalı 015469 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2163 nömrəli məktubun surətindən görünür ki, X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-174/2-185591/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il tarixdə anadan olmuş X4 Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlnamış hər hansı müraciəti aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57/2-38485/24 nömrəli məktubundan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X9 Azərbaycan Respublikası DİN-nin “Portal-Axtarış» sistemi üzrə yoxlanılmış, şəxsiyyətini təsdiq edən sənədə dair heç bir məlumat əldə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13- 12/2-300271/24 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X9 barəsində cinayət təqibi, məhkunluğu və axarısa elan olunması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Bundan başqa L.V.İsmayılovanın ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İşdə olan Gəncə şəhər X21 ambulator stansionar tibbi kartından xx.xx.2025-ci il tarixli, 5584/695 nömrəli çıxarışından görünür ki, 1946-cı il təvəllüdlü Ərizəçi xx.xx.1975-ci il tarixdə stansionara daxil olmuş,diri qız uşağı doğmuş və xx.xx.1975-ci il tarixdə stansionardan çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş X4 xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar