Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3894/2023 16.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil X8, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə mərhum X5nun adına fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq verilmiş 400,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yarımçıq tikili olan evə evin sənədləşdirilməsi üçün cavabdeh Hacıyeva (Qocayevva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamı ilə mərhum X5nun adına Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün 400,0 kv.m torpaq sahəsi ayrılaraq yerində ölçülüb təhvil verilmişdir. X5 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin torpaq sahəsi və torpaq sahəsində yarımçıq tikilmiş ev qalmışdır. O mərhum atasının hüquq varisdir. Atasından miras əmlak qalmış “Volqa” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomaşını ölümündən sonra digər vərəsələrin, qardaşı X6, bacıları X2, X3, X4 və qardaşı X7 razılıqları ilə idarə etmiş və sonra isə 2018-ci ilin iyun ayında satmışdır. Miras onun tərəfindən faktiki olaraq qəbul edilərək, əmlaka sahiblik və ondan istifadə etmişdir. Birinci növbəli vərəsi kimi o həmin torpaq sahəsinə və evə dair reyestrdən çıxarış alınması üçün 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmişdir. Cavabdeh Hacıyeva (Qocayeva) Jalə Şahin qızı qardaşı X1 arvadıdır. O, atasının ölümündən istifadə edib varisləri həmin torpaq sahəsinə buraxmadığından və qardaşı ilə cavabdehin aralarında mübahisə olduğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri yanında DƏDRX-nin X17 3 saylı Gəncə Ərazi idarəsinin əməkdaşları həmin torpaq və fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmadığı səbəbindən sənəd verməmişlər. Belə hesab edir ki, onun hüquqları pozulmuşdur. Daşınmaz əmlak olan torpağı və evi mərhum atasının adına cavabdeh Hacıyeva (Qocayeva) Jalə Şahin qızının təqsiri üzündən sənədləşdirə bilmir ki, qanunvericiliyə əsasən payları müəyyən olunsun. Hacıyeva (Qocayevva) Jalə Şahin qızı evi kilidləyib və onu da evə, torpaq sahəsinə buraxmır. Bildiyinə görə Bakı şəhərində işləyir və orada faktiki yaşayır. Odur ki, Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 205 nömrəli 08 fevral 2018-ci il tarixli sərəncamı ilə mərhum atam X9 adına fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Gəc zavodunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq verilmiş 400,0 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yarımçıq tikili olan evə evin sənədləşdirilməsi üçün cavabdeh Hacıyeva (Qocayevva) Jalə Şahin qızı tərəfindən törədilmiş maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil X12 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli evə dair mərhum qaynatası ona etibarnamə vermişdir. O, hazırda həmin evdə yaşamır və iddiaçıya, yaxud reyestr xidmətinin əməkdaşlarına evin sənədləşdirilməsi bağlı heç bir maneə törətməmişdir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı ərizəsində atasının adına müvafiq hüquqmüəyyənedici sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri yanında DƏDRX-nin X17 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etdiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı ərizəsində atasının adına müvafiq hüquqmüəyyənedici sənədlərin alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri yanında DƏDRX-nin X17 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etməli, həmin orqanın imtinasını aldıqdan sonra məhkəmədə iddia qaldırmalı olduğu halda, birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara müvafiq olaraq, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3894/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3894/2023
16.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver