Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-400/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin və Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinin 2/3 hissəsində iddiaçının payının müəyyən edilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin və Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinin 2/3 hissəsində iddiaçının payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Cavabdeh1 ilə 2010-cu ildə nikaha girmiş və nikahlarını 22 avqust 2011-ci ildə qeydə aldırmışlar. Onların birgə nikahlarından 04 oktyabr 2011-ci ildə anadan olmuş X8, 20 sentyabr 2013-cü ildə anadan olmuş X11 adlı 2 uşaq vardır. Lakin sonradan X9 ilə onun arasında olan münasibətlər pisləşmiş və o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1la onun birgə nikahı dövründə onlar Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiq olunmuş 14 mart 2021-ci il tarixli, 4Ə-90 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini almışlar. Həmin torpaq sahəsini aldıqdan sonra onun üzərində ev tikdirmişlər və hazırda da həmin evdə yaşayırlar. Lakin həmin torpaq sahəsinə mülkiyyət hüququ cavabdehin adına qeydiyyata alındığına görə birgə nikah dövründə əldə edilmiş əmlak kimi sözügedən əmlaka onun da payı müəyyən olunmalıdır. Bundan başqa, onunla Cavabdeh1 birgə nikahı dövründə onlar «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil də əldə etmişlər. Lakin nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlaklara payın müəyyən edilməsi üçün mediasiya prosesinə başladıqdan dərhal sonra Cavabdeh1 onun xəbəri olmadan həmin avtomobili 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən guya anası Cavabdeh2 satmışdır. Buna baxmayaraq, hazırda qeyd olunan avtomobil Cavabdeh1 istifadəsindədir. Buna görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və birgə nikah dövründə əldə olunmuş əmlak kimi avtomobilə də onun payı müəyyən olunmalıdır. O, Cavabdeh1la birgə nikah dövründə daim Rusiya Federasiyasına gedib, orada müxtəlif işlərdə işləmiş və onun əldə etdiyi qazanc ailə büdcəsinə daxil olmuşdur. Bundan başqa, onun valideynləri də onların maddi təminatlarının yaxşılaşdırılması üçün daim Rusiya Federasiyasından müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə poçt və bank hesabları vasitəsi ilə pul vəsaiti göndərmişlər. Birgə nikah dövründə Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinin alınmasında Cavabdeh1 valideynlərinin heç bir maddi yardımı olmamışdır. Buna görə də iddia təmin edilməli, onunla Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin və Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinin 2/3 hissəsində iddiaçının payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçının nümayəndəsi Vəkil1 İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, o və İddiaçı ilə nikahlarını 22 avqust 2011-ci ildə qeydə aldırmışlar. Birgə nikah dövründə o və bəzi vaxtlar İddiaçı müxtəlif işlərdə işləsələr də, onların qazancları yüksək olmamış, öz maddi təminatlarını çətinliklə ödəmişlər. Belə ki, o, Gəncə Telekomunikasiya İdarəsində işləyib, minimum əmək haqqı səviyyəsində məvacib almışdır. Birgə nikah dövründə o, müxtəlif vaxtlarda ayrı-ayrı avtomobillər əldə etmiş və maddi imkanı olmadığı vaxtlarda həmin avtomobilləri satıb, daha ucuz qiymətə olan avtomobil almış, bəzi hallarda isə ümumiyyətlə avtomobil almamışdır. Sonuncu dəfə isə 2022-ci ilin may ayının sonlarında da onun maddi imkanı olmadığı üçün o, özünə məxsus olan birgə nikah dövründə əldə edilmiş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmişdir. Lakin həmin avtomobil saz vəziyyətdə olduğuna görə onun anası Cavabdeh2 onu özü almaq qərarına gəlmiş və 01 iyun 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin avtomobili o anasına satmışdır. Bu zaman İddiaçı razılığı alınmamışdır. Həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini o, İddiaçı ilə birgə nikah dövründə valideynlərinin ona verdiyi pul vəsaiti hesabına əldə etmişdir. Belə ki, onun atası X6 23 fevral 2021-ci il tarixdə öz mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 13 saylı evin 11 saylı mənzilini 38.500 manat məbləğinə satmış və əldə edilmiş həmin pul vəsaitini fərdi yaşayış evi almaq üçün ona vermişdir. Bundan 19 gün sonra, yəni 14 mart 2021-ci il tarixdə isə o, həmin pul vəsaiti hesabına üzərində fərdi yaşayış evi olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini 38.000 manat məbləğinə almışdır. Onun atası X3 Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini əvvəlcə öz adına alıb, daha sonra bağışlama əsasında ona bağışlamamasının səbəbi, 2 dəfə notariat qaydasında müqavilə bağlamadan və 2 dəfə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadan, yalnız 1 dəfə müqavilə bağlamaqla rəsmiləşdirmənin tamamlanması istəyi olmuşdur. Əks halda əlavə dövlət rüsumları və xidmət haqları ödənilməli, izafi vaxt itkisinə yol verilməli idi. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil2 Cavabdeh1 izahatını müdafiə edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə iddianı qəbul etməyərək, bildirdi ki, onun oğlu Cavabdeh1 ilə İddiaçı bir müddət əvvəl birgə nikaha girmiş və nikaha girdikdən sonra Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin onun əri X3 mülkiyyətində olan 11 saylı mənzilində yaşamağa başlamışlar. Həmin ev hündürmərtəbəli binanın tərkib hissəsi və rütubətli, həmçinin yaşayış sahəsi dar olduğuna görə Cavabdeh1 yeni mənzilə ehtiyacı yaranmışdır. Lakin Cavabdeh1 fərdi yaşayış evi almağa maddi imkanı olmadığına görə X6 23 fevral 2021-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin 11 saylı mənzilini satmış və mənzilin satılmasından əldə olunan 38.500 manat məbləğində pul vəsaitini Cavabdeh1 vermişdir. Cavabdeh1 isə atasının ona verdiyi vəsait hesabına üzərində fərdi yaşayış evi olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini 38.000 manat məbləğinə almışdır. Bundan başqa, onun oğlu Cavabdeh1 maddi imkanı olmadığına görə özünün mülkiyyətində olan «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili ona satmışdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri, iddiaçının və Cavabdeh1 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, İddiaçı onun dayısı qızıdır. İddiaçı 11-12 il bundan əvvəl Cavabdeh1 ilə nikaha girmiş və həmin şəxslər birlikdə yaşamışlar. Onun İddiaçı və Cavabdeh1 ilə münasibətləri yaxşı olmuşdur. Buna görə də o, İddiaçı əri ilə birlikdə ev almaq üçün pul yığdıqlarını bilmişdir. İddiaçı ayrıayrı vaxtlarda Rusiya Federasiyasına gedib, orada müxtəlif işlərdə çalışmış, Cavabdeh1 isə telekomunikasiya qovşağında işləmişdir. Onda olan məlumata görə Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən və üzərində fərdi yaşayış evi olan torpaq sahəsini İddiaçı və Cavabdeh1 46.000 manat məbləğinə almışlar. O, İddiaçı Rusiya Federasiyasında hansı işdə işləməsindən və hansı məbləğdə əmək haqqı almasından məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, İddiaçı onun ərinin bacısı qızıdır. İddiaçı ayrı-ayrı vaxtlarda Rusiya Federasiyasında yaşayaraq orada, Cavabdeh1 isə Gəncə şəhərində yerləşən telekomunikasiya qovşağında işləmişdir. Həmçinin İddiaçı valideynləri də Rusiya Federasiyasından ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti göndərməklə İddiaçı və Cavabdeh1 maddi yardım etmişlər. Qeyd olunan vəsaitlər hesabına İddiaçı və Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində fərdi yaşayış evi almışlar. Buna qədər isə həmin şəxslər Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən mənzilində yaşamışlar. O, İddiaçı Rusiya Federasiyasında hansı işdə işləməsini və hansı məbləğdə əmək haqqı almasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Cavabdeh1 onun dostudur. Buna görə də o, daim Cavabdeh1 ilə ünsiyyətdə olmuş və onlar öz çətinliklərini birlikdə həll etməyə çalışmışlar. Qeyd olunan səbəbdən də o, Cavabdeh1 haqqında çox şey bilmişdir. Cavabdeh1 İddiaçı ilə nikaha girdikdən sonra valideynlərinə məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evdə yaşamağa başlamışlar. Hətta o, özü də həmin mənzilə getmiş və dəfələrlə Cavabdeh1 ilə İddiaçı qonağı olmuşdur. Lakin həmin mənzil dar və rütubətli olduğuna görə Cavabdeh1 mənzil şəraitinin yaxşı olmamasından gileylənmiş, yeni mənzil almaq istəsə də, buna maddi imkanının olmadığını bildirmişdir. Nəhayət Cavabdeh1 valideynləri Cavabdeh1 yeni mənzil almaq üçün Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli binadakı mənzillərini satmaq qərarına gəlmiş və 2021-ci ilin fevral ayında həmin mənzili 38.500 manat məbləğinə satmışlar. Cavabdeh1 valideynləri yeni mənzil almaq üçün əvvəlki mənzilin satışından əldə olunmuş vəsaiti Cavabdeh1 vermiş və sonuncu üzərində fərdi yaşayış evi olan Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsində yerləşən torpaq sahəsini 38.000 manat məbləğinə almışdır. Cavabdeh1 yeni aldığı fərdi yaşayış evinə əşyaların daşınmasına o özü də köməklik etmişdir. Həmçinin o, Cavabdeh1 və sonuncunun arvadı İddiaçı Rusiya Federasiyasına getmələrindən də xəbərdar olmuş, Cavabdeh1 Rusiya Federasiyasında olarkən telefon danışığı zamanı Cavabdeh1 maddi vəziyyətinin yaxşı olmadığını və tezliklə Azərbaycan Respublikasına qayıdacağını bildirmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra isə Məhərrəmov X19 telekomunikasiya İdarəsində işləmiş və minimum əmək haqqına yaxın məbləğdə əmək haqqı almışdır. Cavabdeh1 maddi vəziyyəti yalnız özünün və ailəsinin maddi xərclərini ödəməyə kifayət etdiyinə görə, o, Cavabdeh1 əlavə pul vəsaitini yığa biləcəyinə inanmır. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Cavabdeh1 və İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli binada yerləşən mənzildə yaşayarkən onunla qonşu olmuşlar. Cavabdeh1 və İddiaçı yaşadıqları həmin mənzil Cavabdeh1 valideynlərinə məxsus olmuşdur. Lakin sonradan həmin şəxslər başqa bir yerdə fərdi yaşayış evi almaq üçün onun yaşadığı evin qonşuluğundakı həmin mənzili satmışlar. O, istər Cavabdeh1, istərsə də İddiaçı ilə söhbət edərkən, həmin şəxslər özləri bu barədə ona məlumat vermişlər. İşdə olan 14 mart 2021-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,025 hektar olan torpaq sahəsini 5.000 manata X4 almışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh1 adına verilmiş çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ 09 aprel 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır. İşdə olan 23 fevral 2021-ci il tarixli AZ-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin 11 saylı mənzilini 38.500 manata X1. İş materiallarında olan AZ-İİ seriyalı 046456 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı nikahlarını 22 avqust 2011ci ildə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan 17 iyun 2022-ci il tarixli, MŞG/1-02480 nömrəli mediasiya arayışının surətindən görünür ki, İddiaçı və Cavabdeh1 17 iyun 2022-ci il tarixdə ailə mübahisəsi ilə əlaqədar ilkin mediasiya sesiyasında iştirak etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Baş X30 İdarəsinin Gəncə RQİTBŞ-nin 15 iyun 2022-ci il tarixli, 3133606-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyata alınmışdır. 01 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 nikahlarını 22 avqust 2011-ci ildə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə aldırmışlar. Tərəflər birgə nikah dövründə, yəni 07 fevral 2020ci il tarixdə «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin valideynlərinin Cavabdeh1 verdiyi vəsait hesabına 14 mart 2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsi əldə etmişlər. Cavabdeh1 İddiaçı ilə münasibətlərinin pisləşməsindən sonra 01 iyun 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin avtomobili öz anası Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-avadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. «G.Həsənzadənin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli Qərarında da göstərilmişdir ki, əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olubolmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyır. Mülki işin məhkəmədə araşdırılması zamanı Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsinin iddiaçı ilə birgə nikahda olduğu dövrdə, yəni 14 mart 2021-ci il tarixdə əldə olunmasına baxmayaraq, həmin əmlakın birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınmasını qəbul etməmiş və həmin əmlakın əvvəllər valideynlərinin mülkiyyətində olmuş Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin 11 saylı mənzilin satılması nəticəsində əldə olunan vəsaitin ona hədiyyə olunması hesabına alındığını bildirmişdir. Məhkəmə tədqiqi zamanı şahid qismində dindirilmiş X17 və X18 isə öz ifadələrində Cavabdeh1 yeni mənzil almaq üçün sonuncunun valideynlərinin öz mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin 11 saylı mənzilini satdığını və həmin mənzilin satışından əldə olunmuş vəsait hesabına Cavabdeh1 üzərində mənzil olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsi aldığını bildirmişlər. Bundan başqa, iş materiallarının müqayisəli araşdırması zamanı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən 33 nömrəli evin 11 saylı mənzilinin satılmasına dair alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunduğu 23 fevral 2021-ci il tarixdən 19 gün sonra - 14 mart 2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən, ümumi sahəsi 0,025 hektar olan torpaq sahəsini aldığı müəyyən edilmişdir. Həmçinin «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş və mülki işə əlavə edilmiş çıxarışda Cavabdeh1 Gəncə Telekommunikasiya İdarəsində marketinq üzrə mütəxəssis vəzifəsində işləməklə 330 manat məbləğində əmək haqqı aldığı qeyd olunmuşdur. İddiaçının özünün də izahatında göstərdiyi kimi tərəflərin birgə nikahından doğulmuş 2 uşaqlarının da olduğu nəzərə alınarsa, Cavabdeh1 ailə tərkibi ümumilikdə 4 nəfərdən ibarət olmuş, Cavabdeh1 əmək haqqı yalnız həmin ailə üzvlərinin maddi xərclərinin ödənilməsinə sərf olunmuşdur. Digər tərəfdən məhkəmə iclasında iddiaçının öz vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində Cavabdeh1 üzərində fərdi yaşayış evi olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən 0,025 hektar torpaq sahəsini əsl həqiqətdə 46.000 manat məbləğinə, cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X17 isə öz ifadəsində həmin torpaq sahəsini 38.000 manat məbləğinə aldığını göstərmişdir. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından göründüyü kimi cavabdeh X10 üzərində fərdi yaşayış evi olan Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən torpaq sahəsini İddiaçı ilə birgə nikah dövründə əldə olunmuş vəsait hesabına deyil, məhz valideynlərinin ona verdiyi vəsait hesabına əldə etmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin əmlak İddiaçı ilə Cavabdeh1 birgə nikahda olduğu vaxtda əldə olunsa da, onların birgə mülkiyyəti hesab edilməklə ona dair tərəflərin paylarının müəyyən olunması qanuna uyğun deyildir. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak onların birgə mülkiyyəti hesab olunur. Lakin birgə nikah dövründə əldə etmə formal mülahizələr əsasında yalnız hərfi mənada vaxt baxımından ər-arvadın nikahda olduğu dövrlə deyil, onların birgə səyləri hesabına əmlakın əldə edilməsi kimi nəzərdən keçirilməlidir. Yəni tərəflərin birgə nikahda olduğu vaxtda hər hansı əmlakın əldə edilməsi sadə yanaşma ilə həmin əmlakın tərəflərin birgə mülkiyyətinə daxil olması kimi anlaşılmamalı, hərtərəfli və tam araşdırma aparmaqla ağlabatan mühakimə əsasında yoxlanılmalıdır. Məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair» 23 iyul 2021-ci il tarixli, «G.Həsənzadənin şikayəti üzrə» 20 aprel 2015-ci il tarixli, eləcə də digər qərarlarında formalaşdırdığı qeyd olunan hüquqi mövqe də bunu tələb edir. Bundan başqa, məhkəmə iddiaçının öz iddia tələbinin əsasını təsdiq edən hal kimi məhkəməyə təqdim etdiyi sübutlara münasibət bildirərək, hesab edir ki, həmin sübutlar iddianın təmin olunması üçün əsas deyildir. Belə ki, İddiaçı məhkəməyə Cavabdeh1la birgə nikah dövründə özünün əmək fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə etməsini təsdiq edən sübut qismində TK-İİ seriyalı ******* nömrəli əmək kitabçasının surətini təqdim etsə də, həmin qazancın, eləcə də ailənin ümumi qazancının hansı məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 və X24 öz ifadələrində yalnız İddiaçı və Cavabdeh1 əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə etdiklərini bildirsələr də, iddiaçının özünün Rusiya Federasiyasında hansı işlə məşğul olduğundan və gəlirinin hansı məbləğdə olmasından xəbərsiz olduqlarını göstərmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcələnin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edlir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə ziddi olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. «B.Qasımovun şikayəti üzrə» 2019-cu il 9 dekabr və «N.Əsədovanın şikayəti üzrə» 2021-ci il 12 aprel tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə, yəni 07 fevral 2020-ci il tarixdə «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilmiş və tərəflər arasında münasibətlərinin pisləşməsindən sonra 01 iyun 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin avtomobili Cavabdeh1 anası Cavabdeh2 satılmışdır. Göründüyü kimi 01 iyun 2022ci il tarixdə bağlanmış əqd yalnız görüntü üçün bağlanmış və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlakının bölünməsinin qarşısını almaq məqsədi daşımışdır. Bundan başqa, iddiaçı «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qeyri-bərabər bölünməsini mənzilin onun xüsusi mülkiyyətində olması ilə əsaslandırmışdır. Yuxarıda sadalanan qanunun normasından da göründüyü kimi, payların hansı halda bərabər bölünmədiyi qanunvericilikdə konkret göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əsas gətirmədən birgə nikah dövründəki əmlaka dair payların qeyribərabər bölünməsini tələb etməsini əsaslı hesab edə bilməz. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin avtomobilin ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunmuş «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və həmin avtomobilin ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 01 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. «Opel» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsinə Cavabdeh1, ½ (ikidə bir) hissəsinə İddiaçı payları müəyyən edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-400/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-400/2022
10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver