Məhkəmə qərarları › İş №2(125)-4040/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4040/2023

15.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4040/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında 17 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, cavabdeh Maraqlı şəxs ilə el adəti ilə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından 27 mart 2015-ci il tarixdə X5 və 10 oktyabr 2020-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdurlar. Onların xasiyyətləri uyğun gəlmədiyinə görə, o ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. 17 fevral 2023-cü il tarixdə onlar mediasiya prosesində bir sıra məsələlər barədə razılığa gəlmişlər. Sözügedən barışıq sazişinə əsasən cavabdeh birgə nikahlarından anadan olmuş Hüseyn və Turan adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimenti ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra o, nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2(125)-2009/2023 nömrəli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Nikah pozulan zaman onların ailə münasibətlərindən irəli gələn bütün məsələlər mediasiyada öz həllini tapdığından, onların məhkəmə qətnaməsi ilə yalnız nikahları pozulmuşdur. Cavabdeh mediasiya prosesində üzərinə öhdəlik götürərək barışıq sazişi imzalasa da, hazırda barışıq sazişinin şərtlərinə əməl etmir və aliment ödəməkdən imtina edir. Buna görə də, o həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Bu səbəbdən, o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə görə məhkəməyə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, AZ-İİİ və AZ-İV seriyalı, 527670 və 506497 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 27 mart 2015-ci il tarixdə, X7 isə 10 oktyabr 2020-ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə olan Ərizəçi və Maraqlı şəxs arasında 17 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 1. Tərəflər arasında 12 iyul 2014-cü il tarixli Gəncə ASAN Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 925144 nömrə ilə qeyd edilmiş nikah akt qeydinin pozulmasına vaxt verilmədən hər iki tərəf tam razılığa gəldiklərini bildirdilər və öz imzaları ilə təsdiq etdilər; 2. İkinci tərəf Maraqlı şəxs 10 oktyabr 2020-ci il təvəllüdlü X7 və 27 mart 2015-ci il təvəllüdlü X3 birinci tərəf Ərizəçi himayəsinə verilməsinə etiraz etmir; 3. Birinci tərəf Ərizəçi 27 mart 2015-ci il təvəllüdlü X3 və 10 oktyabr 2020-ci il təvəllüdlü X4 ikinci tərəf Maraqlı şəxs ilə istənilən vaxt ünsiyyətdə olmasına razılıq verdi; 4. İkinci tərəf Maraqlı şəxs 27 mart 2015-ci il təvəllüdlü X3 və 10 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün birinci tərəfə Ərizəçi aliment öhdəliyindən imtina edir; 5. Tərəflər razılığa gəldilər ki, hər ayın 22 tarixində birinci tərəfin Ərizəçi "xxxx" ASC hesabına müvafiq olaraq 27 mart 2015-ci il təvəllüdlü X3 və 10 oktyabr 2020-ci il təvəllüdlü X2 üçün ikinci tərəf Maraqlı şəxs hər ay stabil olaraq hər uşaq üçün 300 manat, cəmi 600 manat ödəməyə öhdəlik götürür; 8. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-2009/2023-cü il nömrəli, 13 aprel 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 12 iyul 2014-cü il tarixdə Gəncə «ASAN» Xidmət Mərkəzinin qeydiyyat şöbəsində 1362 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355- 26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 17 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və barışıq sazişinin həmin hissəsi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 17 fevral 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə 03 may 2023-cü il tarixdə müraciət etdiyinə görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 17 fevral 2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: «Tərəflər razılığa gəldilər ki, hər ayın 22 (iyirmi ikisi) tarixində birinci tərəfin - Ərizəçi "xxxx" ASC hesabına müvafiq olaraq 27 mart 2015-ci il təvəllüdlü X3 və 10 oktyabr 2020-ci il təvəllüdlü X2 üçün ikinci tərəf - Maraqlı şəxs hər ay stabil olaraq hər uşaq üçün 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat ödəməyə öhdəlik götürür». Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar