Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4418/2025 21.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə aralarında mediasiya prosesində 23 yanvar 2025-ci il tarixdə bağlanmış sazişin təsdiq olunmasına, faktiki nikahlarından olan 25 sentyabr 2013-cü il tarixdə anadan olmuş lanverdiyev Ramal Rafiq oğlunun və 11 aprel 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə 500 (beş yüz) manat alimenti ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Ərizəçi 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 25 sentyabr 2013-cü ildə X6, 11 aprel 2015-ci ildə X5 anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah münasibətlərinə son qoymuşdur. Hazırda faktiki olaraq ayrı yaşayırlar. Bu səbəbdən mediasiyaya alimentin ödənilməsi tələbi ilə bağlı müraciət etmişdir. 23 yanvar 2025-ci il tarixdə onlar mediasiya prosesində bir sıra məsələlər barədə razılığa gəlmişlər. Sözügedən barışıq sazişinə əsasən cavabdeh 2025-ci ilin fevral ayında uşaqların saxlanılması üçün 250 (iki yüz əlli) manat alimenti ona ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh mediasiya prosesində üzərinə öhdəlik götürərək barışıq sazişi imzalasa da, hazırda barışıq sazişinin şərtlərinə əməl etmir. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmir, demək olar ki, alimentin məbləğini verməkdən imtina edir. Bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2025-ci il tarixli barışıq sazişinin sərtlərindən görünür ki, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə ümumi razılığa gəlmişlər, işə məhkəmə qaydasında baxılmasını və məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmirlər. Ata - Cavabdeh 25 sentyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 11 aprel 2015-ci il tarixdə anadan olmuş X4 anası - Ərizəçi himayəsinə verilməsinə razıdır. Ata - Cavabdeh, 25 sentyabr 2013-cü il tarixdə anadan olmuş X6 və 11 aprel 2015-ci il tarixdə anadan olmuş X5 ilə ana - Ərizəçi razılığı əsasında hər həftənin şənbə və bazar günləri səhər saat 11:00-dan axşam saat 17-dək ünsiyyətdə olmasına və görüşməsinə dair razılıq əldə etmişlər və bu barədə onlar öz üzərlərinə öhdəlik götürmüşlər. Ərizəçi və Cavabdeh yuxarıda qeyd olunan mübahisələr üzrə heç bir tələbləri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1 -ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə göstərir ki, iddiaçının məhkəməyə təqdim etdiyi 23 yanvar 2025-ci il tarixli barışıq sazişi tədqiq edildikdə, müəyyən olunur ki, tərəflər arasında bağlanmış həmin barışıq sazişində tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanması üçün aliment ödəməyə borclu olan valideyndən aliment alınması barədə barışıq sazişi şərti yoxdur. Ona görə də məhkəmə belə qərara gəlir ki, mövcud olmayan barışıq sazışi şərti məhkəmə qaydasında təsdiq edilə bilməz və ərizəçinin barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi barədə” ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4418/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4418/2025
21.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver