Məhkəmə qərarları › İş №2(125)-4629/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4629/2024

27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4629/2024 27.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X7 xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikası Krım Muxtar Respublikası Simferopol şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsi, Ağamalıoğlu küçəsi, ev 27A-da doğulduğu tarixdən bu günədək yaşamaqla faktiki cəhətdən qəbul etmişdir. Atasının birinci növbə vərəsəsi olaraq yalnız odur. X2 xx.xx.2012-ci ildə vəfat etmişdir. Atası ilə anasının nikahları pozulmuşdur. X1 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının birinci növbə vərəsəsi olaraq 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə miras əmlakla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İmtina qərarında göstərilir ki, ölüm haqqında şəhadətnamə xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası, Krım Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departmanetinin Simferopol şəhəri ölümün qeydiyyatı şöbəsi tərəfindən verildiyi üçün Azərbaycan Respublikası tərəfindən həmin sənəd tanınmır. Ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1472 saylı imtina məktubunda ölümün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması üçün ölüm haqqında tibbi şəhadətnamə təqdim edilməsi qeyd edilmiş, X7 tibbi şəhadətnaməsi olmadığına görə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Halhazırda qeyd olunan səndlərin təqdim edilməsinin qeyri-mümkünlüyü, hətta təqdim olunsa belə həmin sənədin Azərbaycan Respublikası tərəfindən tanınması hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia qaldırmasını zəruri etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq ərizəçinin atası X7 xx.xx.2017-ci il tarixdə döyüşdə vəfat etdiyini göstərərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Tanınmamış Krım Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departmanetinin Simferopol şəhər Ölümün qeydiyyatı şöbəsi tərəfindən verilmiş İ-AƏ 632220 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 21 iyun 2017-ci il tarixdə vəfat etmiş, öldüyü yer Simferopol şəhəri, Krım Respublikası, Rusiya Federasiyası olaraq göstərilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, miras qoyan X7 adına qalmış miras əmlaka dair vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İ-JQ 324785 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 nikahları xx.xx.1975-ci il tarixdə Azərbaycan SSR Kirovabad şəhər ZAQS şöbəsində 1405 nömrə ilə qeydə alınmışdır. İ-JQ 388130 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X4 nikahları xx.xx.1983-cü ildə Kəpəz rayon ZAQS şöbəsində pozulmuşdur. AZ-İ 565920 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə ölmüşdür. İİİ-JQ 470414 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş Ərizəçi ata qrafasında X10, ana qrafasında isə X3 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1472 nömrəli məktubdan görünür ki, X7 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması səbəbindən ölümün qeydə alınması mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin atası X10 xx.xx.2017-ci il tarixdə tanınmamış Krım Respublikası Simferopol şəhərində ölmüş, bu barədə tanınmamış Krım Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departmanetinin Simferopol şəhəri Ölümün qeydiyyatı şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Ərizəçi mərhum atası X6 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin notariat ofisi tərəfindən Ərizəçi təqdim etdiyi ölüm haqqında şəhadətnamə Rusiya Federasiyasi tərəfindən işğal edilmiş Krım Respublikası Simferopol şəhəri ərazisində fəaliyyət göstərən orqan tərəfindən verildiyi üçün həmin sənəd qeyri-qanuni və etibarsız sayılmaqla miras qoyan X6 miras qalmış əmlaka dair vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi atası X7 ölüm faktını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün atasından qalmış mirası qəbul edə bilməmiş və məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatı və təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, ərizəçinin atası X10 xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikası Simferopol şəhərində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X7 xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikası Simferopol şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar