Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4713/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanan xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00349 saylı barışıq sazişinin (şərtləri göstərilməklə) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, izahatında göstərdi ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2021-ci ildə Sara adlı uşaqları anadan olmuşdur. Aralarında bağlanmış barışıq sazişinə əsasən onun uşaqları Sara ilə istənilən vaxt görüşməsi, ünsiyyət saxlaması təsbit olunmuşdur. Buna baxmayaraq qarşı tərəf barışıq sazişinin şərtlərinə əməl etməmiş, artıq 3 aydır ki, uşağı ona göstərməmişdir. Özü Bakıda yaşayır, uşağı görmək üçün Gəncə şəhərinə gəlib-getmişdir. Bir dəfə uşağı saat 10-da evə gətirmiş, bundan sonra qarşı tərəf ona “Get məhkəməyə müraciət et.” demişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, ərizəçinin uşaqla görüşünə həmişə icazə vermiş, sadəcə uşağı evə gec gətirməməsini demişdir. Uşağı öyrətmişdirlər ki, “ana pisdir.” Uşaq evə gəldikdə buna görə ağlamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ağayeva X1 Elvin Adil oğlunun qızı X2 ilə istədiyi vaxt görüşməyə, ünsiyyət saxlamağa, onu gündüz saatlarında şəhərdə gəzdirməyə mane olmayacağını öhdəsinə götürmüşdür. Ərizəçi aliment pulunun 200 manatdan 220 manat olmasına həmin 220 manat aliment pulunu vaxtı-vaxtında ödəyəcəyinə bunun müqabilində isə qızı ilə istənilən vaxt görüşməsinə gəzdirməsinə Maraqlı şəxs özü tərəfindən və onun valideynləri tərəfindən maneçilik törədilməməsinə Maraqlı şəxs üzərinə öhdəlik götürmüşdür. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Ağayeva X1 Elvin Adil oğlunun qızı X2 ilə istədiyi vaxt görüşməyə, ünsiyyət saxlamağa, onu gündüz saatlarında şəhərdə gəzdirməyə mane olmayacağına, Ərizəçi aliment pulunun 200 manatdan 220 manat olmasına həmin 220 manat aliment pulunu vaxtı-vaxtında ödəyəcəyinə bunun müqabilində isə qızı ilə istənilən vaxt görüşməsinə, gəzdirməsinə Maraqlı şəxs özü tərəfindən və onun valideynləri tərəfindən maneçilik törədilməməsinə Maraqlı şəxs üzərinə öhdəlik götürməsi barədə Gəncə 2 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-4713/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4713/2024
09.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver