Məhkəmə qərarları › İş №2(125)-490/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-490/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-490/2022 27.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi. iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı dövlət meşə fonduna vurulmuş zərərin əvəzi qismində 173 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı dövlət meşə fonduna vurulmuş zərərin əvəzi qismində 173 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.M.Qarayev iddia tələbini müdafiə edərək, bildirdi ki, X6 X3 meşəbəyliyinin 10 saylı meşə dolayısında Samux rayonu, Qaraağaclı qəsəbə sakini X2 şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X6 Təsərrüfatı Mərkəzinin əməkdaşları 30 mart 2021-ci il tarixdə birgə araşdırma aparmışlar. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəmkir RMTM ilə «Fidan» şirkəti arasında 15 il müddətinə meşə fondu torpaqlarından 50 hektar torpaq sahəsinin aqrobağ məqsədi ilə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Verilmiş məlumat əsasında qeyd olunan əraziyə baxış keçirilərkən ərazidə müxtəlif cinslərdən olan meyvə ağaclarının əkildiyi, əkin işləri aparılan sahədə Gəncə şəhər sakini Cavabdeh tərəfindən heç bir icazə sənədi olmadan qanunsuz olaraq, köküstə yaş halda yulğun cinsindən 5,50 m3 olan 52 ədəd yulğun kolunun kök boğazından kəsilərək məhv edildiyi və 29 ədəd yulğun kolunun zədələndiyi aşkar edilmişdir. Cavabdeh tərəfindən 52 ədəd kol ağacları kəsilərək kütlələrinin aparıldığı aşkar edildiyinə görə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin şəxs barəsində akt, dəymiş ziyana görə qiymətləndirmə cədvəli və inzibati protokol tərtib edilmişdir. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı və «Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» 2004-cü il 30 sentyabr tarixli 145 saylı qərarlarına dəyişikliklər edilməsi haqqında 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarla təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən Dövlət meşə fonduna 213 manat 70 qəpik məbləğində ziyan vurmuşdur. Cavabdeh dövlət meşə fonduna vurduğu 213 manat 70 qəpik məbləğində zərərin 40 manat hissəsini könüllü olaraq ödəmiş, qalan 173 manat 70 qəpik məbləğində hissəsini isə ödəməkdən imtina etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sonda iddiaçının nümayəndəsi E.M.Qarayev iddianın təmin edilməsi, dövlət meşə fonduna vurulmuş zərərin əvəzi qismində 173 manat 70 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 mart 2021-ci il tarixli, 66032 nömrəli aktın surətindən görünür ki, Şəmkir RMTM tərəfindən «Fidan» şirkətinə meşə fondu torpaqlarının aqrobağ məqsədi ilə 15 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsində Gəncə şəhər sakini Cavabdeh heç bir icazə sənədi olmadan qanunsuz olaraq, köküstə yaş halda yulğun cinsindən 5,50 m3 olan 52 ədəd yulğun kolunun kök boğazından kəsilərək məhv edildiyi və 29 ədəd yulğun kolunun zədələndiyi müəyyən edilmişdir. Cavabdeh həmin aktda göstərilən xüsusatların həqiqiliyini öz imzası ilə təsdiq etmişdir. İşdə olan X6 X3 meşəbəyliyinin 10 saylı meşə dolayısı ərazisində 30 mart 2021-ci il tarixdə vətəndaş Cavabdeh tərəfindən meşə qanunvericiliyinin pozulmasına görə dəymiş ziyanın hesablanması cədvəlinin surətindən görünür ki, Cavabdeh tərəfindən meşə fonduna ümumilikdə 213 manat 70 qəpik məbləğində ziyan vurulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh Şəmkir RMTM tərəfindən «Fidan» şirkətinə meşə fondu torpaqlarının aqrobağ məqsədi ilə 15 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsində heç bir icazə sənədi olmadan qanunsuz olaraq, köküstə yaş halda yulğun cinsindən 5,50 m3 olan 52 ədəd yulğun kolunun kök boğazından kəsərək məhv etdiyini və 29 ədəd yulğun kolunu zədələdiyini etiraf etmişdir. İşdə olan 30 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 700 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində meşə fonduna 213 manat 70 qəpik məbləğində zərər vurulmuş, həmin zərərin 40 manat məbləğində hissəsi Cavabdeh tərəfindən könüllü olaraq ödənilsə də, 173 manat 70 qəpik məbləğində hissəsi hazırki tarixədək ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli 145 saylı Qərarının 2-ci bəndinə görə «Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş «Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları»nda işlik oduncağa (qabıqsız) görə altı yüksəldici əmsal və oduna (qabıqla) görə on yüksəldici əmsal tətbiq edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, meşə fonduna vurulmuş zərərin əvəzi qismində 173 manat 70 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin xeyrinə meşə fonduna vurulmuş zərərin əvəzi qismində 173 (bir yüz yetmiş üç) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq, dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar