Məhkəmə qərarları › İş №2(125)-4995/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4995/2025

15.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4995/2025 15.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib, xx.xx.2024-cü il tarixində onunla Maraqlı şəxs arasında imzalanan və mediasiya reyestrində MŞG/MT033/2024-00371 nömrəsi ilə bağlanmış “Barışıq Sazişinin” 2.1-ci bəndi Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edildiyi üçün birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 33.1 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçi Maraqlı şəxs adından onun adına keçirilməsi haqqında “Barışıq Sazişinin” təsdiq edilməsinə dair ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin mahiyyəti: Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə aralarında olan əmlak bölgüsünə razılıq verərək, birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 33.1 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçi Maraqlı şəxs adından Ərizəçi adına keçirilməsi və birgə nikah dövründə Ərizəçi adına "xxxx" KB-nin Gəncə filialından rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 saylı kredit müqaviləsinin Ərizəçi öhdəliyində saxlanması barədə xx.xx.2024-cü il tarixində Gəncə şəhərində fəaliyyət göstərən, mediasiya reyestrində MŞG/MT033/2024-00371 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 təsdiq etdiyi “Barışıq Sazişi” imzalanmışdır. Hal-hazırda Maraqlı şəxs yuxarıda qeyd olunan “Barışıq sazişi” üzrə öhdəliyini icra etmir və icra etməkdən imtina edir. Qüvvədə olan AR MPM-nin tələblərinə görə məhkəmə xüsusi icraat qaydasında "Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlərə baxır. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ev almaq üçün kredit götürmüş, Maraqlı şəxs isə boşandıqdan sonra krediti ödəməsini, beləliklə də evin ona qalmasını bildirmişdir. Maraqlı şəxslə xx.xx.2024-cü il tarixli, MŞG/MTO33/2024-00371 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişin şərtinə görə o krediti ödəməli, Zülfiyyə isə öz payını ona bağışlamalı idi. O, sazişdə qeyd edilən krediti tamamilə ödəmişdir. Lakin, saziş bağlanan andan indiyənə qədər maraqlı şəxs tərəfindən barışıq sazişi icra edilməmişdir. Artıq hesab edir ki, maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməlidir. Odur ki, ərizənin təmin edilməsini, qeyd edilən barışıq sazişinin birinci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəyə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********46-05101-093003 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 33,10 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Maraqlı şəxs mülkiyyətindədir. - AZ-İ seriyalı, 487575 nömrəli, 13 sentyabr 2024-cü il tarixli, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs nikahı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1920 saylı qətnaməsinə pozulmuşdur. Nikaha 14 iyun 2024cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 21 iyun 2024-cü il tarixdə 351 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Rüstəmov” soyadı verilmişdir. - xx.xx.2024-cü il tarixli, MŞG/MTO33/2024-00371 nömrəli Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış Barışıq Sazişindən görünür ki, Maraqlı şəxs və Ərizəçi birgə nikah dövründə alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33.10 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçisi Maraqlı şəxs adından Ərizəçi adına keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. Birgə nikah dövründə Ərizəçi adına "xxxx" KB-nin Gəncə filialından rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 saylı kredit müqaviləsinin Ərizəçi öhdəliyində saxlanılmasına dair və kredit öhdəliyi bitənədək ödənişlərin Ərizəçi tərəfindən icra edilməsi barədə tərəflər razılığa gəlmişlər. Hal-hazırda Maraqlı şəxs və Ərizəçi xx.xx.2024-cü ildə keçirilən TMS-i zamanı heç bir digər şərt və tələb irəli sürməmişlər. - Maraqlı şəxs hazırki ərizəyə etirazından görünür ki, guya o, “Barışıq Sazişinin” 2.1-ci bəndinin (ünvan 4 ünvanında yerləşən 33.1 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçi Maraqlı şəxs adından Ərizəçi adına keçirilməsinə dair) könüllü icrasından imtina etmişdir. Bildirmək istəyir ki, bu əsaslandırma tamamilə yalandır. Belə ki, o, yuxarıda qeyd olunan “Barışıq Sazişi”-nin öz üzərinə düşən öhdəliyinin yerinə yetirilməsi üçün lazım olan tədbirləri görmüşdür. Bu tədbirlərin onun tərəfindən görüldüyünü nəzərə çatdırmaq üçün qeyd edir ki, xx.xx.2024-cü il tarixdə “Barışıq Sazişin”-dən 6 gün sonra qeyd olunan mənzillə bağlı Ərizəçi adına notarial etibarnamə vermişdir. Lakin, ərizəçi bu müddət ərzində laqeydlik göstərərək mənzili öz adına keçirməmişdir. Təxminən iki ay əvvəl ərizəçi onunla telefon əlaqəsi saxlayaraq mənzilin üzərində həbs olmasının məlum olduğunu demişdir. O, həmin həbsin hansı əsasla qoyulmasının araşdırılması üçün Bakı şəhəri Pirallahı rayon Məhkəməsi, Asan xidmət, Daşınmaz Əmlakın 1 saylı Bakı Ərazi İdarəsi təşkilatları arasında növbələrdə əziyyət çəkərək məsələni araşdırmışdır. Həbsin hansı idarə tərəfindən qoyulması məlum olduqdan sonra xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın 1 saylı Ərazi İdarəsinə qeyd olunan mənzil üzərində mövcud olan məhdudiyyətin ləğv olunması üçün rəsmi müraciət etmişdir. Bütün bunları o, qeyd olunan “Barışıq Sazişinin” üzərinə düşən tələbinin yerinə yetirməli olması ilə yanaşı, Ərizəçi ayrılmasına baxmayaraq onun övladlarının atası olması səbəbindən, onun Gəncə şəhərində işləməsi və Bakıya getməsinin çətin olması səbəbindən (o, hazırda Bakıda yaşayır) və ən əsasda iyirmi ilə yaxın bir ailə olmaları səbəbindən ona kömək və hörmət olaraq etmişdir. Həmçinin bildirmək istəyir ki, təəssüflər olsun ki, ərizəçi onun bu saflıq və sadəlövlüyündən istifadə edərək “Barışıq Sazişinin” imzalanmasında onu aldatmışdır. Belə ki, “Barışıq Sazişinin”nin predmeti olan mənzili onlar birgə nikah dövründə alarkən ödədiyi pulun 10624,06 (on min altı yüz iyirmi dörd manat altı qəpik) manatı ona mərhum anasından vərəsəlik qaydasında verilən puldur. Mediasiya prosesində Ərizəçi həmin pulun ona qaytaracağını bildirsə də “Barışıq Sazişin” -də bu barədə qeyd aparılmamışdır. Həmin vaxtdan bu günədək 1 ildən artıq vaxt keçməsinə baxmayaraq Ərizəçi həmin pulu ona ödəməmişdir. Müxtəlif bəhanələr gətirərək heç bir ödəniş etmir. Bu səbəbdən o, ayın əvvəlində Gəncə şəhərinə gedərək İlqardan xahiş etmişdir ki, anasından ona vərəsəliklə qalan pulu ödəsin. Çünki hazırda maddi cəhətdən çox çətinlik çəkir, Bakı şəhərində kirayədə qalır, iki uşaq onun himayəsindədir, onların hazırlıq pulları, geyimi, qidası xeyli vəsait tələb edir. Bütün bu xərcləri tək maaşı ilə çatdıra bilmir. Bütün bunlardan əlavə olaraq ərizəçi ilə arasında olan başqa bir “Barışıq Sazişində” nəzərdə tutulan 300 manat aliment pulunu da ərizəçi ödəmir. O, İlqardan tələb etmişdir ki, bu uşaqlar hər ikisinin övladıdır və onların qayğısı hər ikisinin borcudur. Lakin Ərizəçi ayda 2500-3000 manat maaş almasına rəğmən, ona bildirmişdir ki, uşaqlara heç bir maddi köməklik göstərməyəcək çünki uşaqlar onun tərəfindədir və onunla qalırlar. Öz həyatını qurması üçün onun özünün pula daha çox ehtiyacı var. Anasından qalan pulu ödəməyə isə imkanı yoxdur. Bununla da o, aldanıldığını anlamış və İlqarın adına verdiyi etibarnaməni ləğv etmişdir. Çünki, əmin olmuşdur ki, mənzil onun adına keçdikdən sonra ərizəçi ona pul verməyəcək. Əlavə olaraq qeyd etmək istəyir ki, xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib olunmuşdur. Ona görə ki, o, həmin “Barışıq Sazişin”n mediasiya təşkilatında deyil, Ərizəçi psixoloji təzyiq və təhdidi ilə yaşadığı evdə məcburi qaydada imzalamışdır. Həmin tarixdə o, ümumiyyətlə mediasiya idarəsində olmamışdır .Mediator Samir müəllim “Barışıq Sazişin”i onun iştirakı olmadan təsdiq etmişdir. Buna görə də həmin “Barışıq Sazişi” etibarsızdır. Ərizəçinin iddiası tamamilə əsasızdır. Çünki, o, “Barışıq Sazişin”-dən irəli gələn öhdəlikləri yerinə yetirmişdir. Ərizəçinin adına notarial etibarnamə vermişdir. Həmin mənzilin üzərində mövcud olan məhdudiyyətin qoyulmasından heç bir məlumatı olmamışdır. Yəni, mənzilin Ərizəçi adına keçməmə səbəbi onun iradəsindən asılı olmamışdır. Həmin məhdudiyyətin ləğvi barədə rəsmi ərizə ilə müraciət etmişdir. “Barışıq Sazişi” imzalanarkən o, aldadılmış, anasından vərəsəliklə ona keçən 10624,06 manat pulun Ərizəçi tərəfindən ona qaytarılacağı danışıqlarda qeyd olunsa da rəsmiləşdirilməmişdir. Odur ki, Ərizəçi ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. - 14 mart 2021-ci il tarixli, 2V-37 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş – X1 vərəsələri: ünvan 5 ünvanında qeydiyyatda olan Maraqlı şəxs və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən 10624.06 manat məbləğində pul vəsaitindən ibarətdir. - 11 avqust 2025-ci il tarixli, GNDJ/349 nömrəli "xxxx" KB ASC tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi adına olan xx.xx.2025-ci il tarixli, 644sGNDJb/25 nömrəli kredit müqaviləsi– aktiv, xx.xx.2025-ci il tarixli, 1102sGNDJb/23 nömrəli kredit müqaviləsi – bağlı, xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 nömrəli kredit müqaviləsi – bağlı, xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 nömrəli kredit müqaviləsi – bağlı statusdadır. Məhkəmənin gəldiyi nəticə və tətbiq olunan hüquq; Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.17-ci maddələrinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə görə Maraqlı şəxs və Ərizəçi birgə nikah dövründə alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33.10 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçisi Maraqlı şəxs adından Ərizəçi adına keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. Birgə nikah dövründə Ərizəçi adına "xxxx" KB-nin Gəncə filialından rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 saylı kredit müqaviləsinin Ərizəçi öhdəliyində saxlanılmasına dair və kredit öhdəliyi bitənədək ödənişlərin Ərizəçi tərəfindən icra edilməsi barədə tərəflər razılığa gəlmişlər. Həmçinin sazişə əsasən Hal-hazırda Maraqlı şəxs və Ərizəçi xx.xx.2024-cü ildə keçirilən tam mediasiya sesiyası zamanı heç bir digər şərt və tələb irəli sürməmişlər. Bundan sonra Ərizəçi sazişdən irəli gələn şərti yəni "xxxx" KB-nin Gəncə filialından rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 3613nkGNDJb/23 saylı kredit müqaviləsi üzrə öhdəliyi tamamilə yerinə yetirmişdir. Lakin Maraqlı şəxs sazişin özünün üzərinə düşən öhdəlik üzrə şərtini yerinə yerirməmişdir. Yəni Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33.10 kvadratmetr sahəyə malik mənzili Ərizəçi əvəzsiz olaraq mülkiyyətinə keçirməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Bundan başqa maraqlı şəxs məhkəməyə göndərmiş olduğunda istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, MŞG/MTO33/2024-00371 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin İ bəndi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞG/MTO33/2024-00371 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin İ bəndi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs və Ərizəçi birgə nikah dövründə alınmış Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 33.10 kvadratmetr sahəyə malik mənzil sahəsinin mülkiyyətçisi Maraqlı şəxs adından Ərizəçi adına keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar