Məhkəmə qərarları › İş №2(125)-5204/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5204/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5204/2025 19.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü qızı X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə nikahları bağlanmışdır. Onların birgə nikahlarından X5 və X4 adında 2 uşaqları anadan olmuşdur. Mərhum qızı Elşanənin ağ ciyarında anadan gəlmə problemi var idi. Uzun xəstəlikdən və müalicədən sonra xx.xx.2024-cü ildə qızı vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə Göygöl rayonu, Quşqara kəndində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Maraqlı şəxsnə mərhum qızının ölümü haqqında şəhadətnamənin alınması barədə müraciət etdikdə xx.xx.2025-ci il tarixli imtina cavabı versə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclası iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızı Elşanənin ciyarına virus düşmüş və Gəncə şəhərində vəfat etmişdir. Uşaq yolda vəfat etdiyindən ona ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi məhkəməyə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1854 nömrəli məktub göndərərək, ölüm faktının müəyyən edilməsinə dair xx.xx.2025-ci il tarixə təyin edilmiş işə baxılmasına heç bir etirazının olmadığını, iş yükünün çoxluğundan gəlməsinin imkan xaricində olduğunu və iştirakı olmadan məhkəmə prosesinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - AZ-İİ seriyalı, 355783 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 14 avqust 2019-cu il tarixdə Gəncə ASAN xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 avqust 2019-cu il tarixdə 1891 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İmamverdiyev”, arvada “İmamverdiyeva” soyadı verilmişdir. - AZ-İV seriyalı, 776846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası – Ərizəçi, anası – X3r. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X7” X14 Şəxsi Gəncə Şəhər TTTYS tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli, 405 nömrəli məlumatdan görünür ki, 27 yanvar 2024-cü il tarixdə saat 15:52 dəqiqədə xx.xx.2022-ci il təvəllüdlü X2 adına çağırış olmuşdur. «Həkimə qədər ölüm» diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Göygöl rayonu Quşqara Bələdiyyəsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli, 150 nömrəli arayışdan görünür ki, X1 rayonu Quşqara qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 18 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-2502 nömrəli məktubda Ərizəçi X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadığı və ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X2 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X2 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar