Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5242/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə, Ərizəçi – mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Maraqlı şəxs ilə ümumi övladları olan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 130 manat alimentin tutulması barədə xx.xx.2024-cü il tarixdə mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ərizəçi ilə Maraqlı şəxs nikahlarını xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 234 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikahdan bir uşaq – xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşaq hazırda ərizəçinin yanındadır. Ərizəçi məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, həyat yoldaşı Maraqlı şəxs ilə 2022-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir övladları var. Lakin təəssüf ki, yoldaşı uşağın saxlanmasında iştirak etmir. Ona görə də qanunvericiliyə əsasən əvvəlcə mediasiya təklifi göndərmiş və Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator təyin edilmiş və mediasiya sessiyasının keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər mediasiya prosesində iştirak etmişlər. Mediasiya prosesi nəticəsində həyat yoldaşı ilə uşağın saxlanması üçün 130 manat aliment ödəməyə razılaşmışlar. Beləliklə, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 130 manat alimentin tutulması haqqında mediasiyada xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlamışlar. Lakin barışıq sazişinin bağlanmasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq qarşı tərəf sazişi icra etmir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, maraqlı şəxs ilkin ödənişi avqust ayının 6-da etməli olduğu halda ödəməmişdir, uşaq əməliyyat olunmuşdur, uşağın dərman və digər xərclərini qarşılaya bilmir, ona görə də mediasiya prosesində maraqlı şəxslə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi və əlavə olaraq bildirdi ki, səhhətində problem olduğundan avqust ayındakı ilk ödənişi ödəməmişdir, hazırda sağalmışdır və işə çıxır, günəmuzd işləyir, bundan sonra hər ay alimenti ödəyəcək. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞG-01449 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladı - xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün öz gəlir və qazancından Ərizəçi xeyrinə hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat alimenti Ərizəçi təqdim etdiyi “X5” ASC-dəki “**********755115” nömrəli hesaba ödəyəcəyini öhdəsinə götürmüşdür. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞG-01449 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılaşdılar ki, Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladı - xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün öz gəlir və qazancından Ərizəçi xeyrinə hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat alimenti Ərizəçi təqdim etdiyi “X5” ASC-dəki “**********755115” nömrəli hesaba ödəyəcəyini öhdəsinə götürür.” hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞG-01449 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi və Maraqlı şəxs qarşılıqlı razılaşdılar ki, Maraqlı şəxs rəsmi nikahlarından anadan olmuş övladı - xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün öz gəlir və qazancından Ərizəçi xeyrinə hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat alimenti Ərizəçi təqdim etdiyi “X5” ASC-dəki “**********755115” nömrəli hesaba ödəyəcəyini öhdəsinə götürür”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5242/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5242/2024
06.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver