Məhkəmə qərarları › İş №2(125)-5243/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5243/2024

17.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5243/2024 17.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı N nömrəli hərbi hissəyə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqı» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı N nömrəli hərbi hissəyə qarşı xx.xx.2024-cü il tarixli, 222 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2024cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrlərin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması və məhkəmə qətnaməsi icra edilən günədək məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin tibb məntəqəsində tibbi bacısı kimi çalışmışdır. Həmin vəzifədə işlədiyi müddət ərzində o, işinə məsuliyyətlə yanaşmış və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır. Lakin birlikdə işlədiyi digər tibb bacısı işinə laqeyd yanaşdığından və bu səbədən də iş yükünün çox hissəsi onun üzərinə düşdüyündən bununla bağlı komandirə məlumat vermişdir. Buna görə də 2024-cü ilin may ayında qərəzli olaraq heç bir səbəb olmadan ona töhmət verilmişdir. Daha sonra isə 2024-cü ilin avqust ayında ona şiddətli töhmət verilmiş, töhmətin verilmə səbəbi kimi isə iş yoldaşı ilə mübahisəsi əsas gətirilmişdir. Lakin sözügedən töhmətdən onun məlumatı olmamışdır. Bundan başqa çalışdığı müddət ərzində o, hər hansı bir əmək funksiyasını pozmamış, onun hərəkətləri ilə əlaqədar iş yerində işin, istehsalın və icra intizamının normal ahəngi pozulmamış və ya işə götürənin habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı bir formada ziyan vurmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən o, işdən azad olunmuşdur. Odur ki, məcbur olub əmrlərin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məhkəmə qətnaməsi icra edilən günədək əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı N nömrəli hərbi hissənin tibb məntəqəsində tibb bacısı olaraq çalışmışdır. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə), və bu məcəllənin 10-cu maddəsinin «b» bəndinin (Əmək intizamına və müssisədaxili intizam qaydalarına əməl etmək) tələblərinə riayət etmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Lakin sözügedən əmrdə qeyd olunan əsaslarla iddiaçının işdən azad edilməsinə dair hər hansı əsaslı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Bununla yanaşı «əmək fəaliyyəti zamanı yol verdikləri nöqsana görə əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin tarixi xx.xx.2024-cü il tarix qeyd olunsa da, sözügedən əmrdən çıxarışın tarixi xx.xx.2024cü il tarix kimi qeyd olunmuşdur. Sözügedən halları və zidiyyətləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh N nömrəli hərbi hissənin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsinin gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 104 nömrəli əmr əsasında N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb bacısı (qardaşı) vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli, 222 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirin xx.xx.2022-ci il tarixli, 104 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən hərbi hissənin tibb məntəqəsinin tibb bacısı vəzifəsinə (vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq) 3 ay sınaq müddəti ilə işə qəbul edilmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.2024-cü il tarixli, 552 nömrəli «əmək fəaliyyəti zamanı yol verdikləri nöqsana görə əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin surətindən görünür ki, hərbi hissənin tibb məntəqəsinin tibb bacısı mülki işçi İddiaçı Fəxrəddin qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə), və bu məcəllənin 10-cu maddəsinin «b» bəndinin (Əmək intizamına və müssisədaxili intizam qaydalarına əməl etmək) tələblərinə riayət etmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.2024-cü il tarixli, 222 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Fəxrəddin qızı tibb məntəqəsinin tibb bacısı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandirinin xx.xx.2024-cü il tarixli, 338 nömrəli «Hərbi hissədə mülki işçilərin əmək müqaviləsinin tələblərindən irəli gələn öhdəlikləri pozması və təqsirkar şəxslərin cəzalandırılması haqqında» əmrin surətindən görünür ki, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin yarımbəndinin tələblərinə uyğun olaraq töhmət elan olunmuşdur. İş materiallarında olan Q-44 nömrəli şəxsi vərəqənin surətindən görünür ki, İddiaçı Fəxrəddin qızı xx.xx.2022-ci il tarixli, 722 nömrəli əmr əsasında davranış qaydalarını pozduğuna görə cəzalandırılmış, xx.xx.2024-cü il tarixli, 338 nömrəli əmr əsasında əmək müqaviləsindən irəli gələn öhdəlikləri pozduğuna görə töhmət edilmiş və xx.xx.2024-cü il tarixli, 341 nömrəli əmr əsasında əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli N nömrəli hərbi hissənin ilk HİK-nin N nömrəli protokolundan çıxarışdan görünür ki, hərbi hissənin tibb məntəqəsində tibb bacısı vəzifəsində işləyən mülki işçi İddiaçı Fəxrəddin qızı haqqında hərbi hissənin ilk HİK-nə təqdim olunmuş araşdırma sənədlərinə əsasən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək müqaviləsini kobud şəkildə pozduqda) müvafiq işdən azad olunması məqsədəuyğun hesab olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin 2024-cü il tarixli aktın surətindən görünür ki, hərbi hissənin tibb məntəqəsində tibb bacısı vəzifəsində işləyən mülki işçi İddiaçı Fəxrəddin qızı xx.xx.2024-cü il tarixli 9762 daxilolma nömrəli araşdırma materialının gedişatına izahat verməkdən boyun qaçırmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, İddiaçı Fəxrəddin qızı verilən tapşırığı yerinə yetirmədiyi üçün «töhmət» intizam cəzası ilə cəzalandırılmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 104 nömrəli əmr əsasında N nömrəli hərbi hissənin tibb məntəqəsinin tibb bacısı (qardaşı) vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilərək İddiaçı işdən azad edilmişdir. İddiaçı N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxma müddəti ilə əlaqədar məhkəmə qətnaməsi icra edilən günədək əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsinin 1 və 2-ci hissələrinə görə bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, N nömrəli hərbi hissənin ilk HİK-nin iclası xx.xx.2024-cü il tarixdə keçirilmiş və iclasda qəbul olunmuş qərarlar N nömrəli hərbi hissənin şəxsi heyyətinin uçotu (Q1) bölmə rəisinə xx.xx.2024-cü il tarixdə göndərilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Qeyd olunan xüsusatlar N nömrəli hərbi hissənin ilk HİK-nin xx.xx.2024cü il tarixdə keçirilmiş iclasının N nömrəli protokolundan çıxarış, həmin HİK-nin N nömrəli hərbi hissənin şəxsi heyyətin uçotu (Q1) bölmə rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3 nömrəli məktubu, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrindən çıxarış və İddiaçı məxsus ******* nömrəli əmək kitabçası ilə təsbit edilmişdir. Lakin N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrində əsas qismində istinad edilmiş xx.xx.2024-cü il tarixli 552 nömrəli əmr məhkəmə iclasında öyrənilmiş və bu zaman xx.xx.2024-cü il tarixli 552 nömrəli əmrlə də İddiaçı Fəxrəddin qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərinə riayət etmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi müəyyən edilmişdir. Göründüyü kimi eyni şəxslə bağlanmış eyni əmək müqaviləsinə N nömrəli hərbi hissə komandirinin N əmri ilə, yəni xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri ilə xitam verilmişdir. Buna görə də həmin əmrlərin hər ikisinin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmışdır. Bununla əlaqədar N nömrəli hərbi hissənin HİK-nin «çıxan sənədlərin qeydiyyatı kitabı» məhkəmə iclasında tədqiq edilmiş, bu zaman işdə olan HİK-nin N nömrəli hərbi hissənin şəxsi heyyətin uçotu (Q1) bölmə rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3 nömrəli məktubu çıxan sənədlərin qeydiyyatı kitabı»ndakı müvafiq sətrlə eyniləşdirilmiş və həmin sətrdəki tarix sütununda «xx.xx.2024» tarixinin vizual müşahidə ilə aşkar görünən qaydada «xx.xx.2024» tarixə dəyişdirildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar N nömrəli hərbi hissənin HİK-nin «çıxan sənədlərin qeydiyyatı kitabı»nın əslinin məhkəməyə təqdim olunması N nömrəli hərbi hissənin nümayəndəsinə təklif olunmuş, lakin həmin kitab məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 222 nömrəli əmri ilə xitam verilənədək artıq həmin hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 552 nömrəli əmri mövcud olmuş və həmin əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Lakin xx.xx.2024-cü il tarixli 552 nömrəli əmr verilərkən N nömrəli hərbi hissənin ilk HİK-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair razılığı mövcud olmamış və qeyd olunan səbəbdən həmin əmrdə həmkarlar ittifaqının razılığına istinad edilməmişdir. Bununla da N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin və 189-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqailəsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlankarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. Birinci əsasla bağlı qeyd edilməlidir ki, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan – işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi əsası ilə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtlərin mövcud olub-olmamasının ümumiyyətlə nəzərə alınmaması, ya da işin faktiki və hüquqi halları, eləcə də bu halları təsdiq və ya rədd edən sübutların lazımi qaydada əsaslandırılmaması pozuntu kimi səciyyələndirilən haldır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, əmək funksiyasının pozulmasına görə İddiaçı barəsində N nömrəli Hərbi Hissə tərəfindən xx.xx.2024-cü il tarixli, 338 nömrəli əmr əsasında əmək müqaviləsindən irəli gələn öhdəlikləri pozduğuna görə töhmət və xx.xx.2024-cü il tarixli, 341 nömrəli əmr əsasında əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət tətbiq edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixli, 222 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Lakin həmin əmrdə, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirib-yetirməməsi ümumiyyətlə yoxlanılmamış, İddiaçı tərəfindən əmək müqaviləsinə əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməməsi halı müəyyən edildiyi halda isə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan şərtlərin mövcud olub-olmaması araşdırılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 222 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmri qanun tələbinə uyğun olmamış və İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Buna görə də məhkəmə xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrlərinin ləğv edilməklə, İddiaçı əvvəlki işinə bərpa olunmasını nəzərə alaraq, hesab edir ki, N nömrəli hərbi hissə tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri ləğv edilməli, İddiaçı N nömrəli hərbi hissənin tibb bacısı (mülki işçi) vəzifəsinə bərpa edilməli, N nömrəli hərbi hissə tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı tam ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 552 nömrəli və xx.xx.2024-cü il tarixli 222 nömrəli əmrləri ləğv edilsin İddiaçı N nömrəli hərbi hissənin tibb bacısı (mülki işçi) vəzifəsinə bərpa edilsin. N nömrəli hərbi hissə tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdən məhkəmə qətnaməsi icra edilən günədək məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı tam ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar