Məhkəmə qərarları › İş №2(125)-5516/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5516/2024

30.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5516/2024 30.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, birinci tərəf Maraqlı şəxs, ikinci tərəf Ərizəçi, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər iddia predmeti barədə könüllü razılığa gəlmişlər: tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə razılığa gəlmişlər; tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 ikinci tərəf Ərizəçi himayəsində saxlanılır; Birinci tərəf Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti ikinci tərəf Ərizəçi hər ayın 1-dən 10-dək ödəməyi öhdəsinə götürmüşdür; İkinci tərəf Ərizəçi övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası, yəni birinci tərəf Maraqlı şəxs ilə hər iki tərəfə uyğun olan vaxtda (məsələn hər həftənin şənbə-bazar, bayram və özəl günlərdə 2-5 saatlıq) bir neçə saatlıq görüşüb ünsiyyətdə olmasına şərait yaradacağını öhdəsinə götürmüşlər; Birinci tərəf Maraqlı şəxs ikinci tərəf Ərizəçi məxsus olan bütün qızıl-zinət və cehiz əşyalarını qaytaracağını öhdəsinə götürmüşdür. Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə ümumi övladı olan xx.xx.2020-cı il təvəllüdlü X1 üçün hər ay 160 manat alimentin tutulması və ona məxsus bütün qızıl-zinət əşyalarının və cehiz əşyalarının Maraqlı şəxs tərəfindən ona qaytarılması barədə xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında bağlanılmış Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, keçmiş həyat yoldaşı Maraqlı şəxs ilə 2019-cu ildə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından xx.xx.2020-cı il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh nikahın pozulması üçün mediasiyaya müraciət etmiş, laki o, uşağa baxmadığı üçün mediasiyada aliment, qızıl-zinət əşyalarını və cehiz əşyalarını tələb etmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatında övladı Aylinin saxlanması üçün 160 manat alimentin uşağın atası Maraqlı şəxs tutulması, ona məxsus bütün qızıl-zinət əşyalarının və cehiz əşyalarının Maraqlı şəxs tərəfindən ona qaytarılması barədə Barışıq Sazişi imzalanmışdır. Lakin cavabdeh müxtəlif bəhanələrlə sazişə əməl etmir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2(125)-1706/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh bu günə kimi Barışıq Sazişində götürdüyü öhdəliklərə əməl etməmişdir, alimenti ödəməmişdir, nə də qızıl və zinət əşyalarını ona qaytarmamışdır. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi cehiz və qızıl-zinət əşyalarının qaytarılması hissəsində ərizəsinin baxılmamış saxlanılmasını, ərizəsinin alimentin tutulması hissəsində təsdiq olunmasını xahiş etdi və maraqlı şəxslə 2024-cü ilin aprel ayından iyul ayınadək birgə yaşadıqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizənin cehiz və qızıl-zinət əşyalarının qaytarılması hissəsində baxılmamış saxlanılmasına etirazı olmadığını, ərizənin alimentin tutulması hissəsində təsdiq olunmasına etiraz etdiyini və ərizəçi ilə 2024-cü ilin aprel ayından iyul ayınadək birgə yaşadıqlarını bildirdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5516/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi qızıl-zinət və cehiz əşyalarının qaytarılması hissəsində baxılmamış saxlanılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 5 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin imzalandığı xx.xx.2022-ci il tarixdən alimentin ödənilməsi hissəsində könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ərizə qismən təmin edilərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentin tutulmasına dair hissədə təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin hesablanma tarixi tərəflərin sazişi əsasən tərəflərin qarşılıqlı razılıqla müəyyən olunmadığından, tərəflərin sazişi imzaladığı xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi, Maraqlı şəxs, həmçinin mediator X2 iştirakı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı hissəvi məzmunda təsdiq edilsin: “Birinci tərəf Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimenti ikinci tərəf Ərizəçi hər ayın 1-dən 10-dək ödəməyi öhdəsinə götürmüşdür.” Aliment xx.xx.2022-cü il tarixdən başlayaraq hesablansın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar