Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5898/2024 11.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Gəncə şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Gəncə şəhər Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 02-k nömrəli əmrinin ləğv edilməsi və onu işə bərpa etməklə məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən, iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Belə ki, iddia ərizəsində cavabdeh kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Gəncə şəhər Sukanal İdarəsi qeyd edilmişdir. Halbuki, MPM-in 50.1-ci və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Məhkəmə qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Gəncə şəhər Sukanal İdarəsinin ayrıca hüquqi şəxs olması müəyyən edilmədiyindən, mülki prosesdə müstəqil olaraq tərəf kimi çıxış edə bilməz. Belə olan halda hazırkı iddia ərizəsində faktiki olaraq cavabdehin göstərilmədiyi müəyyən olunur. MPM-in 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 152.1.1 maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə, məhkəmə prosessual qənaət prinsipi baxımından izah edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti çevrilmə formasında yenidən təşkil edilərək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nizamnaməsinin 1.1-ci bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Məhkəmənin qənaətinə görə hazırkı vəziyyətdə, iddia tələbinə cavab verməli olan tərəf “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi olmalıdır. Həmçinin, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin hüquqi ünvanı, ünvan 1anunvericilik normalarına əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təkrarən məhkəməyə müraciət edilərkən bu hal, yəni cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonunun inzibati ərazisi olması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Gəncə şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5898/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5898/2024
11.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver