Məhkəmə qərarları › İş №2(125)-609/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-609/2022

15.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-609/2022 15.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «əmlakın qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək buraxılış ili 2008-ci il olan, **-CL-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Nissan Tida” markalı avtomobilin (bundan sonra – mübahisəli avtomobil) cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil xx.xx.2012-ci ildə iddiaçının adına qeydiyyata alınmışdır. "xxxx" ASC ilə iddiaçı arasında xx.xx.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 9000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq xx.xx.2012-ci il tarixli müqavilə ilə mübahisəli avtomobil girov qoyulmuşdur. Maddi vəziyyəti ilə əlaqədar krediti ödəyə bilmədiyindən 2012-ci il tarixdə mübahisəli avtomobili cavabdehə idarə etmək üçün baş etibarnamə əsasında vermişdir. Cavabdeh avtomobil kreditini ödəməyi öz öhdəsinə götürmüşdür və kredit ödənilib qurtardıqdan sonra avtomobili öz mülkiyyətinə keçirtməyinə söz vermişdir. Lakin buna əməl etməmişdir. Avtomobilim hal-hazırda cavabdehin istifadəsindədir. Lakin cavabdeh bank qarşısında öhtəliyini yerinə yetirmədiyi üçün iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh olaraq ona qarşı “kredit borcunun tutulması və tutumanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində onun məlumatı olmadan qəbul edilmiş xx.xx.2018-ci il tarixli 2(010)-2383/2018 saylı qətnamədə qeyd edilmişdir ki, cavabdeh olaraq İddiaçı 7254 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2014-cü il tarixinə 1656 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1338 ABŞ dollrı faiz borcu və ümumilikdə 10.248 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu məndən tutularaq ləğv prosendə olan "xxxx" ASC-nin hesabına ödənilsin. Bununla bağlı o, dəfələrlə cavabdehdən avtomobili Banka təhvıl verməsini tələb etmişdir. Lakin heç bir nəticə olmamışdır. Mülkiyyətində olan avtomobil hazırda cavabdehin istifadəsindədir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5242-1222 saylı və xx.xx.2022-ci il tarixli, 109156-1222 saylı məktublarından görünür ki, Baş X1i idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "NİSSAN TİİDA" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş X1i İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. İş materiallarında olan və 10 il müddətinə qüvvədə olan xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh daşınar əmlaka dair səlahiyyətlər verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib) əmlakın onda olduğu bütün vaxt ərzində onun, götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Hazırkı iş üzrə iddiaçı ona məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını xahiş edir. Lakin iddiaçı ona məxsus nəqliyyat vasitəsinin cavabdehin sahibliyində olmasını və (ya) sonuncunun qanunsuz sahibliyində olmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş məktublar əsasında müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdən İddiaçı adında qeydiyyatda olan mübahisəli avtomobilin etibarnamə əsasında hər hansı şəxsin istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş etibarnamə lazımi qaydada təsdiq olunmadığından mülki prosessual qanunvericiliyin tələblərinə əsasən sübut qismində qəbul edilə bilməyəcəyi aşkar olmaqla yanaşı, məhkəmə qeyd edir ki, iddia ərizəsində 2012-ci ildə verildiyi qeyd edilsə də, 2017-ci il tarixli olan etibarnamə 10 il müddətinə verilmişdir, yəni əgər cavabdeh həmin etibarnamə əsasında mübahisəli avtomobilə hüquqlarını həyata keçirirsə, həmin sənəd ləğv edilmədiyindən sonuncunun ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkətləri qanunsuz hesab edilə bilməz, bununla yanaşı həmin etibarnamənin hansı daşınar əmlak barəsində verilməsi və (ya) həmin daşınar əmlakın mübahisəli avtomobil olması görünmür. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı mübahisəli avtomobilin qaytarılması barədə tələbi əsaslı olmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı «əmlakın qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 70.40 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar