Məhkəmə qərarları › İş №2(125)-6327/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6327/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6327/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Ərizəçi tərəfindən verilmiş ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildə anadan olmuş qızı X1 1980-ci ilin yanvar ayında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərkən müəyyən olundu ki, ərizənin qanunla müəyyən olunmuş forma və məzmununa riayət edilməmiş, ərizəçinin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), həmçinin maraqlı şəxs barədə məlumat qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi tərəfindən verilmiş ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi tərəfindən verilmiş ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar