Məhkəmə qərarları › İş №2(125)-64/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-64/2024

15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-64/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili (eyni zamanda digər iddiaçılar İddiaçı4, İddiaçı5 vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,0658 ha torpaq sahəsinin aralarında natural qaydada bölüməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, ev 62 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlə onların paylı mülkiyyətindədir. Qeyd olunan ünvanda yerləşən torpaq sahəsi aralarında natural qaydada bölünməklə hər biri fərdi yaşayış evi inşa etmişlər. Lakin, cavabdeh hazırda ona düşən torpaq sahəsindən istifadəsi ilə bağlı hər birinə münasibətdə torpaq sahəsinin paylarına uyğun bölünməsini və sənədləşdirilməsini istəmir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehlə artıq münasibətləri və birgə yaşamaqları mümkün deyil, buna əsasən hazırda cavabdehlə aralarında torpaq sahəsinə dair paylarının müəyyən edilmiş qaydada bölünməsini istəyirlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili (eyni zamanda digər iddiaçılar İddiaçı4, İddiaçı5 vəkili) Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, **********50-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0,0658 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 428,8 m2 olan fərdi yaşayış evi iddiaçılarla onun paylı mülkiyyətindədir. Lakin, o, əmlakın naturada bölünməsini istəmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: **********50-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0,0658 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 428,8 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 5/48 hissədə İddiaçı3, 30/48 hissədə İddiaçı1, 1/48 hissədə Cavabdeh, 6/48 hissədə İddiaçı2, 3/48 hissədə İddiaçı5, 3/48 hissədə İddiaçı4 mülkiyyətindədir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-929/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7566 nömrəli, 06 noyabr 2023-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mülkiyyətçilərin istifadəsində olan 0,0658 ha torpaq sahəsi və üzərində faktiki mövcud olan tikililər, cavabdeh İddiaçı2 daxil olmamaqla, 5 mülkiyyətçi arasında faktiki bölünərək istifadə olunduğu müəyyən olunmuş lakin, faktiki istifadə sahəsinə istinadən və eyni zamanda mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə olunmadan boş hissəsi olmaması səbəbindən, sözügedən torpaq sahəsinin, mülkiyyətçilərin payına uyğun texniki cəhətdən real bölgüsünün mümkün olmadığı müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, **********50-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0,0658 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 428,8 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 5/48 hissədə İddiaçı3, 30/48 hissədə İddiaçı1, 1/48 hissədə Cavabdeh, 6/48 hissədə İddiaçı2, 3/48 hissədə İddiaçı5, 3/48 hissədə İddiaçı4 mülkiyyətindədir. Tərəflər ümumi paylı mülkiyyətdə olan əmlak barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. Bu səbəbdən hal-hazırda iddiaçılar ünvan 1 ünvanda yerləşən 0,0658 ha torpaq sahəsinin aralarında naturada bölünməsinə dair məhkəmədə iddia qaldırmışlar. Gəncə Şəhər Məhkəməsinin 2(125)-929/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7566 nömrəli, 06 noyabr 2023-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən mülkiyyətçilərin istifadəsində olan 0,0658 ha torpaq sahəsi və üzərində faktiki mövcud olan tikililər, cavabdeh İddiaçı2 daxil olmamaqla, 5 mülkiyyətçi arasında faktiki bölünərək istifadə olunduğu müəyyən olunmuş lakin, faktiki istifadə sahəsinə istinadən və eyni zamanda mülkiyyətdə olan torpaq sahəsinin faktiki istifadə olunmadan boş hissəsi olmaması səbəbindən, sözügedən torpaq sahəsinin, mülkiyyətçilərin payına uyğun texniki cəhətdən real bölgüsünün mümkün olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Məhkəmə paylı mülkiyyətdə olan mübahisəli əmlakın paylara müvafiq olaraq naturada bölünməsi məsələsinə münasibət bildirərək bu qənaətə gəlir ki, həmin payın naturada ayrılması mümkün deyildir. Belə ki, əmlakın real bölgüsünün texniki cəhətdən mümkün olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tikinti-texniki ekspertizası təyin olunmuş və 3-16-16/2-10/7566 nömrəli, 06 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, əmlakın mülkiyyətçilərin payına uyğun texniki cəhətdən real bölgüsü mümkün deyildir. Bu səbəbdən iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. İddiaçılar tərəfindən belə tələb irəli sürülmədiyi üçün məhkəmə hesab edir ki, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia rədd olunduğundan məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar