Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6896/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi» tələbinə dair Bərdə Rayon Məhkəməsindən daxil olmuş mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı paylı mülkiyyətdə olan Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 26 nömrəli mənzilinin və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 29 nömrəli mənzillərin naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş əmlakın paylara mütənasib bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2461/2024 nömrəli qərardadı ilə həmin iddia ərizəsi üzrə mülki iş iddia predmeti olan əmlaklardan birinin Gəncə şəhərində yerləşməsi əsası ilə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 2461/2024 nömrəli qərardadında göstərilən mövqe ilə razılaşmır və hesab edir ki, məhkəmələr arasında fikir ayrılığı olduğuna görə mülki işin ərazi aidiyyəti məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) mübahisələrə müstəsna aidiyyət şamil olunur. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmuş «müstəsna aidiyyət» ifadəsini geniş mənada təfsir etmək yolverilməzdir. Hazırki halda isə iddia predmetini daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq təşkil etmir. Buna görə də iddiaya MPM-nin 39.1-ci maddəsinə əsaslanmaqla daşınmaz əmlakın yerləşdiyi yerə görə müstəsna aidiyyət qaydasında baxılması yol verilməzdir. Digər tərəfdən iddia tələbindən göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan 2 əmlak mövcuddur. Həmin əmlaklardan biri Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 7 nömrəli evin 26 nömrəli mənzili, digəri isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 36 nömrəli evin 29 nömrəli mənzilidir. İddiaçı Bərdə Rayon Məhkəməsinə müraciət etdiyi və əmlaklardan biri Bərdə şəhərində yerləşdiyi halda mülki işə məhz Gəncə Şəhər Məhkəməsində baxılmalı olması qənaəti isə ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə billər. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 36.1-ci maddəsində qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı və ya yaşayış yeri məlum olmayan cavabdehin məlum olan axırıncı yaşayış yerinin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə hazırki iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsi hazırki işə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2461/2024 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi» tələbi barədə iddiasına dair mülki iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-2461/2024 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, İddiaçı Cavabdeh qarşı «paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölüşdürülməsi» tələbi barədə iddiasına dair mülki iş, həmin mülki işin ərazi aidiyyəti ilə əlaqədar məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6896/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6896/2024
26.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver