Məhkəmə qərarları › İş №2(125)-71/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-71/2025

06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-71/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızına qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracda satılaraq, əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi» tələbi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızına qarşı cavabdehlərlə birgə paylı mülkiyyət hüququ üzrə əmlakın naturada bölünməsi, bölünmə mümkün olmadıqda əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini məhkəməyə təqdim edərək iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdiyini bildirdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil İddiaçı izahatını müdafiə edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:2909) dövlət büdcəsindən İddiaçı qaytarılmalı, iddiaçının vəsatəti əsasında iddia ərizəsi geri qaytarıldığına görə iş üzrə İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4gir qızına qarşı «payın naturada bölünməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracda satılaraq, əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi:2909) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar