Məhkəmə qərarları › İş №2(125)-7235/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-7235/2023

22.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-7235/2023 22.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, rəhmətlik həyat yoldaşı X3 xx.xx.2023-cü il tarixdə intihar edərək dünyasını dəyişmişdir. Gəncə Şəhər Prokurorluğunun xx.xx.2023cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq o, ərinin ölüm şəhadətnaməsini ala bilməmişdir. Belə ki, qeydiyyat şöbəsi imtina etmiş, həmçinin müvafiq xəstəxanadan da tibbi şəhadətnaməni verməmişdirlər. Əri ev növbəsində olmuşdur, həmin növbəni onun adına dəyişdirmək üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Həmçinin bütün kommunal xidmətlərlə əlaqədar olan rəsmi sənədlər ərinin adınadır, onları dəyişmək lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- Vİİ-JQ 365807 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X1 nikahları xx.xx.2001-ci ildə Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində 142 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. TƏBİB publik hüquqi şəxsi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi TTTYS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1760 nömrəli məlumat vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:54-də Sevinc qəsəbəsi, 9-cu küçə ünvanına X3 adına çağırış olmuş, xəstəyə həkimə qədər ölüm, mexaniki asfiksiya, özünü asma diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Gəncə şəhəri, Sevinc qəsəbəsində nömrəsiz evdə yaşayan X2 xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin tavanından təsərrüfat təyinatlı iplə özünü asaraq intihar etməsi faktı üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilməsi qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-2023 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. TƏBİB publik hüquqi şəxsi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsi “Yeni Gəncə” Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm hadisəsi intiharla əlaqədar olaraq kriminal xarakter daşıdığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X2 xx.xx.2023-cü ildə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin əri X3 18 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi əri X2 ölməsi faktını təsdiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin əri X2 18 sentyabr 2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar