Məhkəmə qərarları › İş №2(125)-909/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-909/2022

19.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-909/2022 19.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə İslam qızının, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə qətnaməsi ilə xitam verilmiş Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/24 hissə olmaqla, 3/24 hissəyə görə iddiaçıya mülkiyyət hüququ verilməsi barədə iddiasına dair mülki işə işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə qətnaməsi ilə xitam verilmiş Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/24 hissə olmaqla, 3/24 hissəyə görə iddiaçıya mülkiyyət hüququ verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh1 tərəfindən X6 və X4 qarşı Göygöl rayon Notariat Kontoru tərəfindən 27 may 2016-cı il tarixdə, 2072 reyestr nömrəli etibarnamənin və onun əsasında Gəncə «ASAN xidmət» mərkəzinin notariat kontoru tərəfindən 01 iyun 2016-cı il tarixli 4Ə-1468 reyestr nömrəli bağışlama müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə və X8 tərəfindən Cavabdeh1 qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, həmin şikayət ilə əlaqədar və eyni zamanda X8 tərəfindən Cavabdeh1 və X2 qarşı miras avtomobilə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma, mirasdan payın müəyyən edilərək, mülkiyyət hüququ verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Həmin mülki işlər üzrə hər iki tərəf məhkəmədə qaldırılmış iddialardan imtina edərək, işləri barışıq sazişi ilə qurtarmağı, iddiadan, apellyasiya şikayətindən və kassasiya şikayətindən imtina etməyi öhdələrinə götürmüşlər. 25 may 2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş barışıq razılaşması haqqında müqavilənin şərtinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan paylarının İddiaçı Cəlal qızının mülkiyyətinə keçməsinə razı olduqlarını və həmin müqavilə bağlandığı gündən sonra, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən də X4, X3, İddiaçı Cəlal qızına və X2 qarşı miras əmlaklarla bağlı, yəni Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evə dair heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. Buna baxmayaraq, onun dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evin özlərinə aid hissəsinin onun adına qeyd edilməsi üçün heç bir hərəkət etməmişlər. O da məhkəməyə müraciət etməli olmuş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin həmin əmlakda olan mülkiyyət hüquqlarına xitam verilmişdir. Hazırda o, həmin hissəni öz adına qeyd etdirmək istəyərkən, üçüncü şəxs kimi ərizəsində qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına qeyd olunmadığını bildirmişlər. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı onun iddia ərizəsi üzrə mülki işə mahiyyəti üzrə baxılması və yekun məhkəmə qərarının qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.İ.Cəbrayılova iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021ci il tarixli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalanda yerləşən 3 saylı evdə mülkiyyət hüquqlarına xitam verilmişdir. Qeyd olunan səbəbdən də həmin evdə Cavabdeh1, Cavabdeh3 və S.İ.Hüsyenovanın xitam verilmiş mülkiyyət hüquqlarına dair hissə hazırda heç kimə məxsus deyildir. 25 may 2018ci il tarixdə notariat qaydasında təsdiq olunmuş barışıq sazişinin şərtlərinə görə isə həmin mülkiyyət hüququ iddiaçıya məxsusdur. Buna görə də işə mahiyyəti üzrə baxılmalı və yekun məhkəmə qərarı çıxarılmalıdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi S.S.Allaverdi izahatında bildirdi ki, iddiaçı Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalanda yerləşən 3 saylı evdə mülkiyyət hüquqlarının qeydə alınmasına dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etməmişdir. Lakin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Gəncə şəhəri, Eminbəyli küçəsi, 6-cı dalanda yerləşən 3 saylı evdə mülkiyyət hüquqlarına xitam verildiyinə görə iddiaçının müraciətinin hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təmin edilməsi mümkün deyildir. Məhkəmə iddiaçını, onun nümayəndəsini və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə hər birinin 1/24 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 25 may 2018-ci il tarixli barışıq sazişinin 2.1-ci bəndinin 4-cü hissəsindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan paylarının İddiaçı Cəlal qızının mülkiyyətinə keçməsinə razıdırlar. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı Cəlal qızının adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi qanuni qüvvəyə minənədək Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə 1/24 hissədə mülkiyyət hüququ olmuş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Lakin sonradan X8, X7, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 25 may 2018-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişi Gəncə «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş, bağlandığı tarixdə də təsdiq olunmuşdur. Həmin sazişin 2.1-ci bəndinin 4-cü hissəsində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan paylarının İddiaçı Cəlal qızının mülkiyyətinə keçməsinə razı olduqları göstərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı Cəlal qızının adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2 və 881.2.1-ci maddələrinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda göstərilmiş hallarından görünür ki, tərəflər arasında 25 may 2018-ci ildə bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilə mövcuddur və iddianın predmeti olan əmlaka dair həmin müqavilə şərtləri əsasında cavabdehlər tərəfindən sərəncam verilmişdir. Cavabdehlər Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan paylarına sərəncam verərkən, onların əmlaka mülkiyyət hüquqları mövcud olmuşdur. Qeyd olunan xüsusatlar tərəflərin qəbul etdiyi və işin mübahisələndirilməyən hallarıdır. Lakin iddiaçı və onun nümayəndəsi məhkəmə iclasında cavabdehlərin hazırda əmlaka mülkiyyət hüquqlarına xitam verildiyini bildirməklə, mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Halbuki, qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin mübahisə edilməyən hallarına görə isə tərəflər arasında barışıq sazişi bağlanarkən cavabdehlərin hər birinin Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evin 1/24 hissədə sərəncam vermə hüquqları olmuşdur. Hazırki halda həmin barışıq sazişi öz hüquqi qüvvəsini itirməmiş və onun qanuniliyi bu və ya digər formada mübahisələndirilməmişdir. Əksinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(044)-3124/2021 saylı qətnaməsi ilə məhz Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 25 may 2018-ci il tarixli barışıq sazişinin bağlandığı andan qüvvəyə minən şərtlərinə riayət etməyək özlərinə düşən payı İddiaçı Cəlal qızının adına özgəninkiləşdirmədiklərinə görə həmin şəxslərin hər birinin Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsi, 6-cı dalan, 3 saylı evdə olan 1/24 hissədə paylı mülkiyyət hüquqlarına xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının və onun nümayəndəsinin məhkəmə iclasında cavabdehlərin əmlaka mülkiyyət hüquqlarına xitam verildiyini bildirməklə, mülki işə mahiyyəti üzrə baxılmasına dair tələbləri əsassızdır. Bundan başqa, iddiaçı tərəfindən iddia ərizəsinə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilməsinə və həmin publik hüquqi şəxs tərəfindən əlverişli aktın qəbulundan, yaxud hüquqların qeydə alınmasından imtina olunmasına dair sübutlar əlavə olunmamışdır. Halbuki, iddiaçı ilk olaraq, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, bundan sonra həmin publik hüquqi şəxsinin qərarının (hərəkət və ya hərəkətsizliyinin) qanuniliyini mübahisələndirdiyi halda həmin qərardan iddia ərizəsi ilə inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin»in Nizamnaməsinin 2.0.1-ci bəndinə görə dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların təsnifatı»nın 31.1.4-cü bəndinə görə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqandır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.06-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məkhəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə qətnaməsi ilə xitam verilmiş Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/24 hissə olmaqla, 3/24 hissəyə görə iddiaçıya mülkiyyət hüququ verilməsi barədə iddiasına dair mülki işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmə qətnaməsi ilə xitam verilmiş Gəncə şəhəri, Eminbəyli küçəsi 6-cı dalan, 3 saylı evin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin 1/24 hissə olmaqla, 3/24 hissəyə görə iddiaçıya mülkiyyət hüququ verilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar