Məhkəmə qərarları › İş №2(125)-959/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-959/2025

13.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-959/2025 13.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən çıxarma və evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evindən çıxarma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 2, mənzil 35dən çıxarılması və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 3, mənzil 35 ona məxsusdur. Həmin mənzilə Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakı Dövlət Reyestrindən xüsusi mülkiyyətə dair çıxarış almışdır. Hazırda xüsusi mülkiyyətində olan mənzildə cavabdehlərin təqibi üzündən yaşaya bilmir. Belə ki, Cavabdeh1 ilə X2nun rəsmi nikahı Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. X2 faktiki olaraq Samux şəhərində yaşayır. Cavabdehlərin qeydiyyat ünvanı Bərdə Rayon Lək kəndindədir. Cavabdehlər onun faktiki xüsusi mülkiyyətində olan evə buraxmır. Cavabdehlərə ünvan 3, mənzil 35-dən dəfələrlə çıxmasını tələb etsə də əməl etmirlər. Əksinə ona qarşı psixoloji təsir göstərərək dava-dalaş salırlar. Hətta özlərinə xəsarət yetirərək polisə şikayət edirlər. O, iddiaçı kimi xüsusi mülkiyyətində olan evə daxil ola bilmir. Bununla da onun mülkiyyət hüquqları pozulur. O, xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə yaşayış evindən çıxarılma, yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi vermişdir. Lakin, Cavabdeh1 keçmiş həyat yoldaşı X6 qarşı birgə nikah dövründə alınmış əmlakın bölgüsü ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. Həmin iddia ərizəsinə görə, əsassız olaraq onun iddia tələbinə mahiyyəti üzrə baxılmamışdır. İkinci dəfə o, yenidən xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsində həmin tələblə iddia qaldırmışdır. Hesab edir ki, cavabdehlər əsassız olaraq onun iddia tələbinə mahiyyəti üzrə baxılmasına maneçilik törədirlər. Cavabdehlərin məqsədi həmin evdən çıxarmamaq üçün qəsdən məhkəmənin müddətinin uzadılmasına çalışırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (125)-4710/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. O, yenidən həmin iddia tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən cavabdehlərin ona məxsus mənzildən məhkəmə qaydasında çıxarılmasına zərurət yaranmışdır. Həmçinin cavabdehlər ona məxsus mənzildə ona ailəsi ilə birlikdə yaşamasına imkan vermirlər. Evə yaxın gedən kimi cavabdehlər dava salırlar və onu öz evinə buraxmırlar. Onun həmin mənzilə məhkəmə qaydasında köçürülməsinə zərurət yaranmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlərdən Cavabdeh1 iddiaçının qardaşının arvadı olmuşdur. İddiaçının qardaşı Elyar ondan boşanmışdır. Digər Cavabdeh2 isə Elyarın qızıdır. Cavabdehlər hazırda mübahisəli evdə yaşasalar da onların nə vaxtdan orada yaşadıqlarını bilmir. Mübahisəli ev əvvəllər Elyara məxsus olsa da sonradan o, həmin evi bacısı olan iddiaçıya bağışlamışdır. Bu zaman Elyarın keçmiş arvadı olmuş Cavabdeh1 hətta razılıq ərizəsi də vermişdir. Cavabdehlər iddiaçının ailə üzvü deyil, onların evə dair mübahisələri də artıq rədd olunmuş, bununla bağlı qüvvədə olan məhkəmə qətnamələri vardır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 3-də yerləşən 35 saylı mənzil İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3-də yerləşən 35 saylı mənzildə pasport qeydiyyatındadır. Cavabdeh1 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, o, 1992-ci ildə X7 nikaha daxil olmuş, 27 avqust 1993-cü ildə Cavabdeh2 dünyaya gəlmişdir. X23 şəhəri 12 saylı orta məktəbdə 11 il təhsil almışdır. O, əri Elyarla mehriban yaşamışdır. 2021-ci ildə əri Elyar xəstələnmiş və müalicə olunmağa başlamışdır. Həmin vaxt Elyarın yanına heç bir bacı və qardaşı gəlməmişdir. Bir müddətdən sonra əri Elyarla münasibəti pisləşmiş, Elyar onu döymüşdür. Bundan sonra Səriyə ona hədə qorxu gəldiyinə görə evin onun adına keçməsi barədə sənədlərə imza atmışdır. Cavabdeh1 İddiaçı və X6 qarşı “mənzilə dair əqdin və bunun əsasında verilmiş çıxarışın və avtomaşına dair verilmiş əqdin etibarsız hesab olunması, avtomaşının birgə nikah dövründə əldə edilmiş hesab edilib payının müəyyən olunması və avtomaşının açıq hərracdan satılması və satış pulunun payına düşən hissəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mətnində Cavabdeh1 qeyd etmişdir ki, cavabdeh İddiaçı onun baldızıdır, o, Səriyənin qardaşı-digər cavabdeh X7 ilə 29 oktyabr 1992-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, xx.xx.1992-ci ildən indiyədək, 30 il müddətində həmin mənzildə yaşayıb istifadə etmişdir. Həmin mənzildə birgə nikahlarından xx.xx.1993cü ildə Cavabdeh2 anadan olmuşdur. X1 müharibəsi əlili olmaqla ev növbəsində durmuş, o, 2021-ci ilin dekabr ayının 27-də birgə ər-arvad kimi yaşadıqları müddətdə qızı Cavabdeh2 yanında dövlət tərəfindən müharibə veteranı kimi ona mənzil verəcəklərini, növbədə olduğunu və yaşadıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı binanın 35 nömrəli mənzilini öz adına özəlləşdirib bacısı İddiaçı adına bağışlamaq istədiyini təklif etmiş və mənzili özəlləşdirdikdən sonra bağışlama zamanı ailə üzvü kimi onun notariusda razılıq ərizəsinin lazım olduğunu bildirmişdir. Cavabdeh onu və qızını mənzillə təmin edəcəyini bildirmişdir. O, ərinə inandığından onun dedikləri ilə razılaşmışdır. Həmin vaxtı onun şəxsiyyət vəsiqəsinin vaxtı bitmiş, Elyar ona yeni şəxsiyyət vəsiqəsi almış və pulunu özü ödəmişdir. Bundan sonra Elyar onun və qızının yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı binanın 35 nömrəli mənzilini bacısı İddiaçı bağışlamış, bundan 3 ay sonra, 2022-ci ilin may ayında nikahlarının pozulması barədə ərizə ilə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli 2(104)-2085/2023 nömrəli qətnaməsinin 1-14-cü bəndlərindən görünür ki: - 1. V-ЖГ seriyalı 480152 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X17 arasında 29 oktyabr 1992-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Xudaverdiyev, arvada Xudaverdiyeva soyadı verilmişdir. - 2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh1 arasında 29 oktyabr 1992-ci il tarixdə qeydə alınmış nikahın pozulması qərara alınmışdır. - 3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 nömrəli evin 5 nömrəli mənzili daşınmaz əmlakın Dövlət reyestrində mülk kimi X5 adına qeydə alınmışdır. - 4. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X7 12 sentyabr 2015-ci il tarixdən Gəncə şəhəri, Gülüstan massivi, ev 2, mənzil 35-də qeydiyyatdadır. Qeydiyyatda başqa şəxs yoxdur. - 5. Cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, birgə nikah dövründə əldə edilmiş, əri X6 məxsus Gəncə şəhəri, Gülüstan massivi, 2 saylı evin, 35 nömrəli mənzilin bağışlanmasına etiraz etməmişdir. - 6. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dövlət reyestrindən arayışdan görünür ki, mülkiyyətçi X5 mülkiyyətində olan ********** qeydiyyat nömrəli daşınmaz əmlaka xx.xx.2021-ci il tarixinə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. - 7. 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, Gülüstan qəsəbəsi, ev 2, 35 nömrəli mənzili bacısı İddiaçı bağışlamış və mənzil tam mülkiyyət hüququ üzrə hədiyyə alan İddiaçı mülkiyyətinə verilmişdir. - 8. Mülki işin materiallarında olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, 35 nömrəli mənzili mülkiyyətçisi İddiaçıdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 227 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 9. Gəncə şəhəri, Gülüstan qəsəbəsi 2 nömrəli binanın sakinlərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh1 1992-ci ildə ünvan 3, 35 nömrəli mənzilə gəlin köçmüş, o v qızı Cavabdeh2 ünvan 3, 35 nömrəli mənzildə indiyədək qeydiyyatsız yaşayırlar. - 10. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2 nömrəli xidmət sahəsinin 14 yanvar 2023-cü il tarixli 14 nömrəli arayışından görünür ki, Cavabdeh1 və qızı Cavabdeh2 ünvan 3, 35 nömrəli mənzildə qeydiyyatsız yaşayır. - 11. “Elektron notariat” X3 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 3, 35 nömrəli mənzildə X7 və X14 qeydiyyatda olmuşdur. - 12. “Elektron notariat” X3 vasitəsilə yaşayış yeri üzrə “X8” AQİS-dən çıxarışdan görünür ki, X14 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - 13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 16 yanvar 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin 11 saylı protokolu əsasında verilmiş xx.xx.1982-ci il tarixli 335 saylı orderi, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 21 10.2021-ci il tarixli 1159 (766)/4 saylı arayışı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında 18 oktyabr 2021-ci il tarixli ******* nömrəli arayışına (qeydiyyatda olanlar: X7) əsasən ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil (ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 45.5 kv.m, 4 yaşayış otağı) X5 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2021-ci il tarixli **********093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-3353 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil X7 tərəfindən İddiaçı bağışlanmışdır və sonuncunun adına 24.01,2022-ci il tarixli **********09-05101- 093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X7 ilə Cavabdeh1 29 oktyabr 1992-ci ildə nikaha daxil olmuş və sonuncu Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzilə gəlin köçmüşdür. Onların birgə nikahından 27 avqust 1993-cü ildə Cavabdeh2 doğulmuşdur. Cavabdehlər hal-hazıra kimi Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzildə yaşayırlar. Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin 11 saylı protokolu əsasında verilmiş xx.xx.1982-ci il tarixli 335 saylı orderi, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 21 10.2021-ci il tarixli 1159 (766)/4 saylı arayışı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında 18 oktyabr 2021-ci il tarixli ******* nömrəli arayışına (qeydiyyatda olanlar: X7) əsasən ünvan 3 ünvanında yerləşən 35 saylı mənzil (ümumi sahəsi 73.9 kv.m, yaşayış sahəsi 45.5 kv.m, 4 yaşayış otağı) X5 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2021-ci il tarixli **********093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-3353 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil X7 tərəfindən İddiaçı bağışlanmış və onun adına xx.xx.2022-ci il tarixli, **********09-05101- 093030 reyestr nömrəli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X7 ilə Cavabdeh1 arasında 29 oktyabr 1992-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzildən çıxarılmalı hissəsində əsassızdır. Belə ki, hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh1 Elyar Xudaverdiyevin arvadı olmaqla mübahisəli Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2, mənzil 35-ə 1992-ci ildə gəlin köçmüş, həmin vaxt evin sahibi onun əri olan Elyar Xudaverdiyev olmuş, onların övladları olan digər Cavabdeh2 isə 1993-cü ildə mübahisəli evdə doğulmaqla həmin vaxtdan halhazıra kimi cavabdehlər həmin evdə yaşayırlar. Belə olan halda cavabdehlərin mübahisəli evə olan hüquqları müvafiq olaraq 1992-1993-cü illərdə yaranmaqla hal-hazıradək müddətdə davam edir. İddiaçı isə mübahisəli evin 2021-ci ildə cavabdehlərin mənzilə istifadə hüquqları ola-ola yüklü şəkildə mülkiyyətinə qəbul etmişdir. Ona görə də mübahisəli hüquq münasibətinə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Cavabdeh1 gəlin köçdüyü andan, yəni 1992-ci ildən, digər Cavabdeh2 isə doğulduğu andan, yəni 1993-cü ildən mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ əmələ gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərə kompensasiya verilmədən onların həmin evdən çıxarılması qanuni deyildir. Bu səbəbdən iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzildən çıxarılmaları hissəsində rədd edilməlidir. Lakin məhkəmə iddia tələbinin digər hissəsi olan İddiaçı Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzilə köçürülməsi hissəsini əsaslı sayır. Belə ki, iddiaçı hazırda mübahisəli mənzilin mülkiyyətçisi olduğundan onun həmin mənzilə dair qanunla qorunan sahiblik, istifadə və sərəncam hüquqları vardır. Cavabdehlər iddiaçının mübahisəli Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzilə köçüb yaşamasına imkan verməməklə onun hüquqlarını pozurlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ dedikdə - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1. və 76.2. maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə məhkəmənin gəldiyi yekun qənaətə əsasən İddiaçı iddia tələbi qismən təmin edilməli: - İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı evin, 35 saylı mənzilinə köçürülməlidir. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 2də yerləşən 35 saylı mənzildən çıxarılmalarına dair iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlərə aid edilməli, cavabdehlər Cavabdeh1 Əvə qızı və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 2 saylı evin, 35 saylı mənzilinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Gülüstan qəsəbəsi ev 2-də yerləşən 35 saylı mənzildən çıxarılmalarına dair iddia tələbinin qalan hissəsi əsassız olduğundan rədd edilsin. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlərə aid edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar