Məhkəmə qərarları › İş №2-2(1-8)-184/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-184/2026

04.06.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-184/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (istehlakçı) ilə Cavabdeh İB (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 2021-ci il ## ###### tarixli, AMX-****/** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Cavabdeh İB-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə *************** nömrəli abonent kodu üzrə hesablanmış 636.949,43 manat borcun silinməsi, 320.097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi, *************** nömrəli abonent kodu üzrə hesablanmış 4149 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus istixanada 2016-cı il ## ###### tarixindən bu günədək istifadə olunan qazın hesabatı G-1600 markalı, ******** nömrəli qaz sayğacı vasitəsilə aparılmışdır. İstixana fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sentyabr ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 2,06-2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06-2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 1,1-1,5 atmosfer təzyiq olduğu deməkdir. Lakin, cavabdeh sayğaca texniki baxış keçirdikdən sonra istixanada hərhansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdə-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qeyd olunan hal cavabdeh tərəfindən 2019-cu ildə qaz sayğacına texniki baxış keçirildikdən sonra yaranmışdır. Qaz sayğacının 4,1-4,2 əmsalla hesabat apardığı illərdə qaz xəttində cavabdehin verə biləcəyi maksimal təzyiq, yəni 2 atmosfer təzyiq olsaydı belə 2020-ci ildə 1105,000-1110,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2046,929), 2021-ci ildə 452,000-455,000 civarında (həmin dövrdə faktiki hesablanıb 955,078), 2022-ci ildə 798,000-800,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1668,942), 2023-cü ildə 1305,000-1310,000 civarında (həmin dövrdə faktiki hesablanıb 2722,806), 2024-cü ilin hesabat aparılan ilk 3 ayında 726,000- 727,000 civarında (həmin dövrdə faktiki hesablanıb 1589,313) hesabat aparılmalı idi. Beləliklə ümumilikdə məntiqlə qazsayğacı qeyd olunan dövr ərzində təxminən 4388,000-4400,000 kub, yəni 968.000 manat hesabat aparmalı olduğu halda 1.925.046,5 manat (957.046,5 manat çox) hesabat aparmışdır. İddiaçı hesablamanı qaz xəttində verilə biləcək maksimal təzyiqlə (2 atmosfer) aparmış, lakin qeyd olunan dövrlərdə istixanaya verilən faktiki təzyiq heç 1 atmosfer olmamışdır. Cavabdehin iri qazişlədən müəssisələrini təbii qazla təchiz edən qaz kəmərlərində təxminən 1,2-2 bar (atm) civarında təzyiq olur. Bundan başqa təbii qaz istifadəçisi olan müəssisələrin qaz xəttləri üzərində qaz sayğacından əvvəl qaz tənzimləyicisi quraşdırılır ki, bu da hərhansı səbəbdən xətdə normadan artıq təzyiq artımı ola biləcəyi halda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, qaz sayğacının və qaz avadanlıqlarının yararsız hala düşməməsi üçündür. Qaz tənzimləyicisi obyektdə quraşdırılmış cihazların işləməsi üçün zəruri olan təzyiqə uyğun olaraq tənzimlənir və həmin təzyiqdən artıq verilən qazın qarşısını alır. İddiaçıya məxsus istixanada sənaye tipli elektron qaz sayğacı vasitəsilə qazdan istifadə olunmuşdur. Sənaye tipli elektron qaz sayğacları iki hissədə ibarət olur, mexaniki və elektron hissələr. Mexaniki hissədən keçən qazın sərfi impuls ötürücü vasitəsilə elektron hissəyə ötürülür. Qaz sayğacının korrektoru avtomatik olaraq sayğaca verilən qazın təzyiq və temperaturunu ölçür və standartın tələblərinə əsasən korrektorda mexaniki hissədən keçən qazın həcminə temperatur (+-16 selsi) və təzyiqə görə korreksiya əmsalı tətbiq olunur. Məsələn xətdə 2 atmosfer təzyiq olarsa sayğac (temperatur fərqindən asılı olaraq) mexaniki hissədən keçən qazı təxminən 3 əmsala vuracaq. Nəzərə alınsa ki, Hacıqabul rayonu aran zonasında yerləşir və qış mövsümü sərt keçmir, pomidor şitillərinin saxlanması və becərilməsi üçün 15-20 dərəcə istilik kifayət edir. Bunun üçün qaz sayğaclarına maksimal təzyiq verilməsi, qazavadanlıqlarının maksimal gücdə işləməsinə zərurət olmur. Qeyd olunanlardan müəyyən olunur ki, cavabdeh tərəfindən 2020-ci ildən 2024cü ilin aprel ayınadək iddiaçıya məxsus istixanaya *************** nömrəli abonent kodu üzrə 957.046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. İddiaçının qaz sayğacları ilə bağlı məlumatının olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin bir hissəsini ödənilmişdir. Cavabdehin nümayəndələri istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda iddiaçıya heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablaması cavabdehin maraqlarına xidmət edir.

4. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, iddiaçıya məxsus istixanada istifadə olunan təbii qazın hesabatı Elster G-1600 markalı, ******** nömrəli (*************** nömrəli abonent kodu üzrə) və Elster G-10 markalı, ******** nömrəli (*************** nömrəli abonent kodu üzrə) elektron qaz sayğaclarının elektron tablonun göstəricilərinə əsasən aparılır. 2024-cü il ## #### tarixinə Elster G-1600 markalı, ******** nömrəli qaz sayğacında 636949,43 manat və Elster G-10 markalı, ******** nömrəli qaz sayğacında 4.149 manat olmaqla istixanada təbii qazdan istifadəyə görə ümumilikdə 641.098,43 manat məbləğində borc yaranmışdır. Borcun yaranmasına səbəb iddiaçı tərəfindən istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi olmuşdur. İddiaçı tərəfindən istixanada 2018-ci il # ###### tarixə *************** saylı kod üzrə 10 manat kreditor borcu olmuşdur. 2018-ci ilin noyabrdekabr aylarında 319.464 manat qazdan istifadə etmiş, 45000 manat ödəniş edilmiş, 2019-cu il # ###### tarixə 274.454 manat borcu yaranmışdır. 2019-cu il # ###### tarixindən 2020-ci il # ###### tarixədək 697.122 manat məbləğində təbii qazdan istifadə etmiş, 641.390 manat məbləğində ödəniş edilmiş, 2020-ci il # ###### tarixə 330.186 manat borcu qalmışdır. 2020-ci il # ###### tarixdən 2021-ci il # ###### tarixədək 409.385,80 manat məbləğində təbii qazdan istifadə etmiş, 421.270 manat məbləğində ödəniş edilmiş, 2021-ci il # ###### tarixə 318.301,80 manat borcu qalmışdır. 2021-ci il # ###### tarixdən 2022-ci il # ###### tarixədək 199.827,28 manat məbləğində təbii qazdan istifadə etmiş, 249.000 manat məbləğində ödəniş edilmiş, 2022-ci il # ###### tarixə 269.128,68 manat borcu qalmışdır. 2022-ci il # ###### tarixdən 2023-cü il # ###### tarixədək 108703,98 manat məbləğində təbii qazdan istifadə etmiş, 151.063,25 manat məbləğində ödəniş edilmiş, 2023-cü il # ###### tarixə 299.222,25 manat borcu qalmışdır. 2023-cü il # ###### tarixdən 2024-cü il # ###### tarixədək 599.017,32 manat məbləğində təbii qazdan istifadə etmiş, 416.909 manat məbləğində ödəniş edilmiş, 2024-cü il # ###### tarixə 481.330,57 manat borcu qalmışdır. 2024-cü il # ###### tarixdən 2024-cü il # ##### tarixədək 349.648,86 manat məbləğində təbii qazdan istifadə etmiş, 194.030 manat məbləğində ödəniş edilmiş, 2024-cü il # ##### tarixə 636.949,43 manat borcu qalmışdır. *************** saylı kod üzrə 2023-cü il # ####### tarixə borcu olmamışdır. 2023-cü il # ###### tarixdən 2024-cü il # ###### tarixədək 697,75 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, 2024-cü il # ###### tarixə 697,75 manat borcu qalmışdır. 2024-cü il # ###### tarixdən 2024-cü il # ##### tarixədək 3.451,25 manat məbləğində təbii qazdan istifadə etmiş, ödəniş etməmiş, 2024-cü il # ##### tarixə 4.149 manat borcu qalmışdır. İddiaçıya məxsus istixanada 2021/2022, 2022/2023 və 2023/2024 isitmə mövsümündə istifadə olunan qaz həcmi cavabdeh tərəfindən araşdırılmış və həmin müddət ərzində hesabatların korreksiya əmsalı orta hesabla 4.1-4.2 tətbiq olunmaqla və yalnız qaz sayğacının göstəricilərinə əsasən aparıldığı müəyyən olunmuşdur. Korreksiya əmsalının hesablanması dövlətlərarası standartlara uyğun olan və Azərbaycan Respublikası ərazisində qüvvədə olan ГОСТ 2939-63 «Газы. Условия для определения обьёма» və ГОСТ 5542-2014 «Газы горючие природрые промышленного и коммунально бытового назначения. Технические условия.» normalara uyğun olaraq aparılmışdır. Sənaye qaz sayğacları vasitəsilə təhvil verilən qaz həcminin hesabatının aparılması zamanı istifadə olunan qaz həcminin hesablama parametrləri mütəmadi olaraq elektron korrektorda qeyd olunur. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi qaydalara əsasən təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricisinə uyğun olaraq aparılır. Standartlara əsasən Azərbaycan Respublikası ərazisində korreksiya əmsalı təxminən 1,1 əmsal olaraq götürülür və bu əmsal hava şəraitinə görə dəyişir, arta və azala bilir. İddiaçıya məxsus istixananı təbii qazla təchiz edən qaz xəttində 3 atmosfer (3 bar) təzyiq olmuşdur. Təzyiq 2 yerə bölünür: mütləq və izafi təzyiqlər. Mütləq təzyiqdə işçi maddənin qabın daxilindəki həqiqi təzyiqi başa düşülür. İzafi təzyiqdə mütləq təzyiqlə ətraf mühit arasındakı təzyiqlər fərqi başa düşülür. Bu fərqləri ölçən cihaz isə manometr adlanır. Beləliklə, xəttdə olan 3 atmosfer təzyiqlə ətraf mühit arasında təzyiqlər fərqinin nəticəsində qaz sayğacının hesabat dövrü ərzində 4,1 və ya 4,2 əmsalla hesabat aparması (3 atmosfer + 1,1 əmsal = 4,1) normalar daxilindədir. Hava şəraitinin soyuq keçdiyi təqdirdə sayğac daha yüksək əmsalla hesabat apara bilər.

5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçıya *************** saylı abonent kodu üzrə əsassız olaraq hesablanmış 4.148,75 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə olunması qət edilmişdir (hakim – Ü.Həsənova).

6. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən 2024-cü il # ######, 2024-cü il # ######, 2024-cü il # #### və 2024-cü il # ##### tarixlərində iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 4.148,75 manat borc hesablanmışdır.

7. Məhkəmə bildirmişdir ki, qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır. Mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Həmçinin işin halları ilə təsdiq edilmişdir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 4.148,75 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 4.148,75 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.

8. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının *************** saylı abonent hesabına hesablanmış 4.148,75 manat məbləğində borc silinməlidir.

9. Məhkəmə iddia tələbini, iddiaçıya məxsus Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində yerləşən istixananın qaz sərfiyyatına görə *************** nömrəli abonent kodu üzrə hesablanmış 636.949,43 manat borcun silinməsi, 320.097,07 manat məbləğində qaz sərfinin gələcəkdə istifadə olunacaq qaz sərfi ilə əvəzləşdirilməsi hissəsində əsassız hesab etmişdir.

10. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus *************** saylı abonent kodu üzrə abonent saldosuna görə, cavabdeh tərəfindən iddiaçıya 2016-cı il üzrə 21.866,80 manat, 2017-ci il üzrə 181.681,20 manat, 2018-ci il üzrə 711.372,20 manat, 2019-cu il üzrə 697.122,00 manat, 2020-ci il üzrə 409.385,80 manat, 2021-ci il üzrə 199.827,28 manat, 2022-ci il üzrə 367.167,24 manat, 2023-cü il üzrə 599.017,32 manat, 2024-cü ilin dörd ayı üzrə 349.648,86 manat sərfiyyat borcu hesablanmışdır.

11. Cavabdeh tərəfindən iddiaçıya məxsus sahədə quraşdırılmış qaz sayğacı üzrə Abonent haqqında məlumat təqdim edilmişdir. Həmin sənəddə illik qaz sərfiyyatı və ödənişlər barədə məlumat əks olunmuşdur. İddiaya etiraz edən cavabdeh tərəf iddiaçının qazdan istifadəyə görə ödənişləri tam yerinə yetirməməsini bildirmiş və borcun yaranmasını bu halla əsaslandırmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2016-cı ildən başlayaraq 2024-cü il daxil olmaqla hər il üzrə təbii qazdan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə qaz sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Qeyd olunan sənəddə “Qazdan istifadə Qaydaları”nın 5.6-cı bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəriciləri öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin, iddiaçının istifadə etdiyi qazın həcmini və dəyərini sübutetmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı fərdi sahibkar olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır.

12. Məhkəmə mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8, 20 və 21.1-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il # #### tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3 və 3.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, 2011-ci il ## ### tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1, 5.2, 5.5 və 5.6-cı bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onu dəyişdirərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

15. Məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən silinməsi qət edilmiş və hazırda apellyasiya baxışına daxil olmayan 4.149 manat məbləğində borc istisna olmaqla iddiaçının silinməsini və gələcəkdəki sərfiyyatla əvəzləşdirilməsini tələb etdiyi borc məbləğləri qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İddiaçı həmin hissədə tələbinin əsası kimi qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasına istinad etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

16. Belə ki, iddiaçının dəlillərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Tədqiqatın nəticəsi olaraq tərtib edilmiş “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi şəxsinin tabeliyindəki “xxxx” MMCnin X1 haqqında Y**** saylı protokola əsasən sayğacın mexaniki hissəsi üzrə G-1600 markalı qaz sayğacının ölçmə diapazonunun minimal sərfiyyat 130m3/saat, maksimal sərfiyyat 2500m3/saat olması, maksimal sərfiyyatda diapazonda (Q max) və normal sərfiyyat diapazonunda ölçmə xətasının normaya uyğun gəlməsi, sərfiyyat minimal göstəricidən az (aşağı) olduğu halda sayğacın qeydiyyatı aparması, lakin ölçmə xətalarının ±2% tələbinə cavab verməməsi göstərilmişdir.

17. Beləliklə, həmin protokolla təsdiq edilmişdir ki, mübahisəli qaz sayğacının mexaniki hissəsi öz ölçmə diapazonunda (minimal sərfiyyat 130m3/saat, maksimal sərfiyyat 2500m3/saat) sərfiyyatı düzgün qeydə alır. Sərfiyyat diapazonundan aşağı sərfiyyatda xəta ölçmə xətalarının tələblərə cavab verməməsi (-6,5% xəta) isə sayğacın yararsız olmasına deyil, sayğacın həmin diapazonda ölçmələrinin həyata keçirilməsi üçün nəzərdə tutulmasına dəlalət edir (bu səbəbdən minimal sərfiyyatlarda ölçmə iddiaçı şirkətdə quraşdırılmış digər sayğac tərəfindən aparılır).

18. Həmçinin, protokoldan göründüyü kimi sayğacın elektron hissəsində sərfiyyatın qeydə alınmasında hər hansı qüsur olması aşkar edilməmiş, yalnız 2024cü il ## ###### tarixindən etibarən, temperatur çeviricisinin qırıq olması səbəbindən elektron hissə “Alarm” rejimində işləməsi qeyd edilmişdir ki, göstərilən hal da cavabdehin sərfiyyatı mübahisələndirdiyi 2020-ci ildən 2024-cü ilin aprel ayınadək olan müddət ərzində qaz sərfiyyatının düzgün qeydə alınmaması barədə nəticəyə gəlməyə əsas vermir.

19. Qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmalı olduğu halda sayğacdan sonra quraşdırılması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, X2 Agentliyinin məlumatından da göründüyü kimi mövcud qanunvericilikdə və tikinti normalarında qaz tənzimləyici və qaz sayğacının quraşdırılma ardıcıllığına aid tələb yoxdur. Qaz tənzimləyici və qaz sayğacının quraşdırılması yeri qaz paylayıcı tərəfindən verilən texniki şərt əsasında hazırlanan qazlaşma layihəsində layihəçi tərəfindən sayğac və tənzimləyicinin işləmə təzyiqinə uyğun olaraq müəyyən olunur. Odur ki, qaz tənzimləyicinin qaydalara uyğun quraşdırılmaması barədə dəlillər də əsassız olmaqla mübahisəli borcun silinməsi üçün əsas vermir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (2022-ci il # ### tarixədək qüvvədə olmuş redaksiyasına əsasən), hal-hazırda qüvvədə olan redaksiyasın 13-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı 2011-ci il ## ### tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə (2023-cü il ## #### tarixədək qüvvədə olmuş redaksiya), 5.4, 6.5, 6.5-2 və 6.5-3-cü bəndlərinə, MPMin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi üzrə - cavabdeh tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək iddiaçıya məxsus istixanaya *************** nömrəli abonent kodu üzrə 957.046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır. İddiaçının qaz sayğacları ilə bağlı məlumatı olmaması səbəbindən artıq hesablanmış qaz sərfiyyatının dəyərinin bir hissəsini ödəmişdir. Cavabdehin nümayəndələri istixanada quraşdırılan qaz sayğacının qaz sərfiyyatını artıq qeydə almasını bildikləri halda iddiaçıya heç bir məlumat verməmişdir. Çünki sayğacın artıq sərfiyyat hesablaması cavabdehin maraqlarına xidmət edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndi üzrə - iddiaçıya məxsus istixana fəaliyyətə başladığı müddətdən 2019-cu ilin sentyabr ayınadək, Salyan RQİİ-nin ərazisində fəaliyyət göstərən bütün iri həcmli istixanalar kimi aylar üzrə istifadə olunan qazın həcmi orta hesabla 2,06-2,7 əmsalla nəzərə alınmış, yəni sayğacın mexaniki hissəsindən keçən qaz həcmi 2,06-2,7 aralıqda əmsala vurularaq elektron hissədə qeydə alınmışdır. Bu da qaz xəttində təxminən 1,1-1,5 atmosfer təzyiq olduğu deməkdir. Lakin, cavabdeh sayğaca texniki baxış keçirdikdən sonra istixanada hər-hansı bir güc artımı, istixananın həcmi, istifadə olan cihazlarla bağlı dəyişiklik olmadığı halda qaz sayğacı birdən-birə sərfiyyatı 4,1-4,2 əmsalla hesablamağa başlamışdır. Qaz sayğacı qeyd olunan dövr ərzində təxminən 4388,000- 4400,000 kub, yəni 968.000 manat hesabat aparmalı olduğu halda 1.925.046,5 manat (957.046,5 manat çox) hesabat aparmışdır. Nəticədə cavabdeh tərəfindən 2020-ci ildən 2024-cü ilin aprel ayınadək iddiaçıya məxsus istixanaya *************** nömrəli abonent kodu üzrə 957.046,5 manat məbləğində əsassız qaz sərfiyyatı hesablanmışdır.

24. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları lazımi qaydada araşdırmadan, onların hüquqi və faktiki mahiyyətinə qiymət vermədən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin 2025-ci il ## ###### tarixli, 3-54 */*-****/**** saylı sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, sayğaca keçirilmiş baxış nəticəsində sayğacın temperatur çeviricisinin qırıldığı, impuls çeviricisinin nömrəli plombunun siminin qırılması və göstəricilər arasında uyğunsuzluq müşahidə edilməsi müəyyən edilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, kassatorun istinad etdiyi məsələlər əsassızdır. Halbuki ekspert rəyində də sayğacın düzgün işləmədiyi müəyyən edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” tərəfindən təqdim edilmiş 2025-ci il ## ###### tarixli Y**** nömrəli “X1 haqqında” protokol apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli və obyektiv qaydada qiymətləndirilməmişdir. Halbuki həmin protokol iş üzrə əsas mübahisə predmeti olan qaz sərfiyyatının düzgün hesablanıb hesablanmamasına birbaşa təsir göstərir. Belə ki, iddiaçıya məxsus G- 1600 markalı, 10517235 zavod nömrəli qaz sayğacının laboratoriya şəraitində yoxlanılması zamanı temperatur çeviricisinin qırıldığı, impuls çeviricisinin nömrəli plombunun siminin qırıldığı, həmçinin göstəricilər arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan hallar ölçü vasitəsinin normal və etibarlı rejimdə işləmədiyini təsdiq etmişdir. Xüsusilə temperatur çeviricisinin nasazlığı qazın həcm korreksiyasına birbaşa təsir göstərir, çünki sənaye tipli qaz sayğaclarında sərfiyyat temperatur və digər texniki parametrlər nəzərə alınmaqla əmsal tətbiq edilməklə hesablanır. Temperatur çeviricisi sıradan çıxmış olduqda tətbiq edilən əmsal real fiziki göstəricilərə uyğun gəlmir və nəticədə faktiki istehlakdan artıq həcm qeydə alınır. İş materiallarına görə, istixananın texniki göstəricilərində, istilik gücündə, qazla işləyən avadanlıqların sayında və ya istismar rejimində hər hansı dəyişiklik baş vermədiyi halda sərfiyyat əmsalının əvvəlki 2,06–2,7 intervalından 4,1–4,2 intervalına yüksəlməsi məhz ölçü vasitəsində yaranmış nasazlıqla izah oluna bilər. Dövlət metrologiya yoxlaması ilə göstəricilər arasında uyğunsuzluğun təsdiq edilməsi isə hesablanmış qaz həcminin düzgünlüyünü ciddi şəkildə şübhə altına alır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən tətbiq edilmiş yeni əmsalın hansı normativ-texniki əsaslara söykəndiyini araşdırmamış, sayğacda aşkar olunmuş nasazlıqların hesablanmış məbləğə təsirini qiymətləndirməmiş və rəsmi dövlət yoxlamasının nəticələrini mübahisənin həlli üçün həlledici sübut kimi nəzərdən keçirməmişdir. Beləliklə, ölçü vasitəsinin texniki nasazlığı rəsmi qaydada təsdiq edildiyi halda həmin sayğacın göstəricilərinə əsaslanaraq iddiaçıya külli miqdarda əlavə borcun hesablanması hüquqi müəyyənlik, sübutların mötəbərliyi və ədalətli məhkəmə araşdırması prinsipləri ilə uzlaşmır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

13-cü maddəsinin 8-ci bəndi (2022-ci il # ### tarixədək qüvvədə olmuş redaksiyası). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

13-cü maddəsinin 8-1-ci (hal-hazırda qüvvədə olan redaksiyası) hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).”

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

5.2-ci bənd. (## #### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiya) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

(Həmin bəndin hal-hazırda qüvvədə olan redaksiyası) Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”

“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. 31.Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir. 32.Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. 33.Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür. 34.Kassasiya şikayətində qeyd edilən prosessual hüquq normalarının pozulması barədə dəlillər də əsassızdır. Belə ki, həmin dəlillər işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əsaslandırılmışdır. 35.Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz. 36.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı). 37.Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır. 38.Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPMin 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, iddiaçının istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini qətnamədə göstərmişdir. 39.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 40.Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar