Məhkəmə qərarları › İş №2-2(1-8)-88/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-88/2026

15.05.2026 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-88/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: elektrik enerjisindən istifadə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1maqla) “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. “xxxx” ASC Abşeron RETSI ilə “xxxx” MMC arasında 2025-ci il # ###### tarixli “xxxx” müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanmışdır.

2. Müqavilənin 12-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. 12-1-ci bəndinə əsasən, xxxx müəssisəsi və abonent tərəfindən reaktiv güc əmsalının (tgıp) maksimum (tgıpmax) və ya minimum (tgçrnin) qiymət hədləri pozulduğu halda, hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir. Müqavilə tərəflərin imza və möhrü ilə təsdiq edilmişdir.

3. “xxxx” MMC 31000216298 abunə kodu əsasında 2 uçot nöqtəsi üzrə elektrik enerjisindən istifadə edir.

4. Reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə 2024-cü il ## #### tarixində 7.636,84 manat, 2024-cü il ## ### - 12 may tarixlərində 10.307,68 manat, 11 iyun tarixində 11.225,92 manat, 6 iyul tarixində 8.367,54 manat, 2 avqust tarixində 2.845,08 manat, 5 avqust tarixində 5.457,36 manat, 2 sentyabr tarixində 9.384,96 manat, 30 sentyabr - 1 oktyabr tarixlərində 14.081,82 manat, 7 noyabr tarixində 15.235,9 manat, 2 dekabr tarixində 6.268,68 manat, 2025-ci il # ###### tarixində 15.909,72 manat, 2025-ci il # ###### tarixində 10.916,81 manat aktiv sərfiyyatın 5 faizi cərimə borcu hesablanaraq abunə haqqında məlumata daxil edilmişdir.

Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ###### tarixində “xxxx” ASCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə aktiv sərfiyyatın 5 faizi həcmində hesablanmış 130.393,41 manat cərimənin silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Abşeron RETSI-nin iddiaçıya göndərdiyi 2025-ci il ## ###### tarixli məktubunda 2024-cü il ## #### tarixinə 7.636,84 manat, 2024-cü il ## ### tarixinə 10.307,68 manat, 2024-cü il ## #### tarixinə 11.225,92 manat, 2024-cü il # #### tarixinə 8.367,54 manat, 2024-cü il # ###### tarixinə 5.457,9 manat, 2024-cü il # ######## tarixinə 9.384,96 manat, 2024-cü il # ####### tarixinə 14.081,82 manat, 2024-cü il # ###### tarixinə 2.845,08 manat, 2024-cü il # ###### tarixinə 12.755,1 manat, 2024-cü il # ###### tarixinə 15.235,9 manat, 2024-cü il # ###### tarixinə 6.268,68 manat və 2025-ci il # ###### tarixinə 15.909,72 manat (cəmi 119.476,60 manat) reaktiv əmsalının qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə tətbiq edildiyi qeyd olunmuşdur. Daha sonra isə 2025-ci il # ###### tarixindən 2025-ci il # ###### tarixinə qədər reaktiv enerjiyə görə 10.916,81 manat əlavə cərimə hesablanmış və bununla bağlı 2025-ci il # ###### tarixli elektron qaimə göndərilmişdir. Reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə yuxarıda qeyd olunan məbləğlərdə aylıq cərimə əmsallarının hesablanması və istehlakçıdan ödənilməsinin tələb edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2 və 8.36-cı bəndlərinə zidd olduğundan tamamilə əsassızdır. Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektrik enerjisindən istifadəyə görə hər ay istehlakçıya təqdim edilən məlumatda (hesabda) istifadə olunmuş aktiv enerji haqqı ilə bərabər, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləğidə göstərilməklə tələb edilməlidir. Buna baxmayaraq, bu günədək olan hesablaşma dövründə iddiaçıya təqdim edilmiş məlumatda (hesabda) yalnız istifadə olunmuş aktiv enerji haqqı barədə məlumatlar əks olunmuş və həmin məlumatlarda reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləği göstərilməmiş və ödənilməsi tələb edilməmişdir. Bu səbəbdən də iddiaçı bu günədək olan hesablaşma dövründə təqdim edilmiş məlumatda (hesabda) hesablanmış Həmçinin Qaydaların 8.36-cı bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə xxxx müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır. Reaktiv əmsalın qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə hesablanarkən Qaydaların 8.36-cı bəndinin tələbləri pozulmuş, xxxx müəssisəsinin elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum (saat 8:00-dan 23:00-dək) və minimum (saat 23:00-dan 8:00-dək) yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanının olmasına baxmayaraq, hesablaşmanın qeyd olunan qaydada aparılması təmin edilməmiş, bununla da reaktiv əmsalının qiymət hədləri pozulduğuna görə hesablanmış cərimə məbləği həddən artıq yüksək məbləğdə hesablanmışdır. Bundan başqa, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt filialı tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin edir. Göründüyü kimi, maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılaraq yoxlanılması təmin edilmiş olsa idi, o zaman hesablanmış cərimə məbləğləri də yüksək olmazdı. Əsassız hesablanmış cərimə məbləğlərinin silinməsi üçün 2025-ci il ## ###### tarixində cavabdehə elektron formada pretenziya məktubu göndərilsə də, həmin məktuba cavab verilməsi təmin edilməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ##### tarixli qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq bildirmişdir ki, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı yoxdur. Həmçinin cavabdeh sayğacın yaddaşını oxumaq üçün xüsusi texniki vasitəyə malik deyildir. Sayğacın adi oxunması imkan vermədiyi halda, minlərlə istehlakçının sayğacını xüsusi cihazla oxumaq mümkün deyildir. Buna görə də Qaydaların tələblərinə uyğun olaraq reaktiv güc əmsalı hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Həmçinin iddaçıya hər ay hesab ödəniş vərəqi təqdim edilmişdir.

9. Üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, iddiaçıya məxsus müəssisəyə baxış zamanı müəyyən olunmuşdur ki, maksimum yük saatlarında reaktiv güc əmsalının normalar daxilində olmasına baxmayaraq, minimum yük saatlarında reaktiv güc əmsalının aktiv güc sərfiyyatından bir neçə dəfə çox olması ümumi nəticədə reaktiv güc əmsalının normadan çox olmasına səbəb olur. Lakin hesablaşmalarda cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozur. Belə ki, hesablaşma elektrik sayğacları ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına imkan verir. Belə olan halda, iddiaçıya yalnız minimum saatlara görə aktiv enerjinin 5% həcmində cərimə hesablanmalıdır. X3 Agentliyi iddiaçıya məxsus sayğacların ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı məlumatlarını məhkəməyə təqdim edə bilməz. Belə ki, sayğacın yaddaşı xüsusi cihaz vasitəsi ilə oxunmalıdır. Agentlikdə belə bir texniki təminat, cihaz mövcud deyildir. Onlarda olan məlumata əsasən belə cihazlar cavabdehdə var.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – N.Əhmədova).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yaranmışdır.

12. Həmin Qaydalardan göründüyü kimi reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblər ondan ibarətdir ki, reaktiv enerjiyə görə hesablaşmalar hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır, bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir, maksimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, minimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır və reaktiv güc əmsalı paylayıcı elektrik şəbəkəsi üçün xxxx müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhz üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin mövqeyindən çıxış edərək reaktiv enerjiyə görə hesablaşmaların aparılması qaydasının cavabdeh tərəfindən maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılmadığı əsası ilə pozulduğuna istinad etsə də, məhkəmə üçüncü şəxsin nümayəndəsinə iddiaçıya məxsus sayğacların qeydə aldığı aktiv və reaktiv enerjinin qeydiyyat məlumatlarını məhkəməyə təqdim etməyi təklif etmiş, lakin sonuncu sayğacın xüsusi cihaz vasitəsi ilə oxunmalı olduğuna, belə bir texniki imkanın onlarda olmadığına istinad edərək bu məlumatların təqdim edilməsinin mümkün olmadığını bildirmiş, ehtimala əsaslanaraq cavabdehdə belə cihazların olmasının mümkünlüyünü qeyd etmişdir. Cavabdeh belə cihaza malik olmadıqlarını bildirdiyi üçün məhkəmə üçüncü şəxsin fəaliyyət istiqamətini nəzərə alaraq nümayəndəsinə suallar ünvanlayıb cihazın idxalı, istehsalı, növü, modeli, cavabdehdə olmasını təsdiq edən məlumatı təqdim etməsini təklif etmiş, lakin məlumat təqdim olunmamışdır.

14. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab etmişdir ki, təsadüfi deyildir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblərdən başqa xüsusi tənzimləmə həyata keçirilmiş və maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkan olmadığı halda, hesablaşmanın aparılmasının digər qaydası nəzərdə tutulmuşdur.

15. Belə ki, Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

16. Hazırki iş üzrə cavabdeh maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanlarının olmadığına istinad edərək Qaydaların 8.40-cı bəndinə əsasən hesablama aparmışdır.

17. Məhkəmə, əvvəla, qeyd etmişdir ki, nə iddiaçı, nə də üçüncü şəxs iddiaçıya məxsus elektrik sayğaclarının maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparmasını sübut edə bilmişdir. Digər tərəfdən, iddiaçı Qaydaların ümumi tələblərinə istinad edib cavabdeh tərəfindən pozuntuya yol verildiyinə istinad etsə də, nəzərdən qaçırmışdır ki, Qaydalar digər (8.40-cı bənd) hesablaşma qaydası müəyyən etməklə elektrik enerji alıcısının üzərinə gərginlik siniflərinə uyğun reaktiv güc əmsalının maksimum qiymətlərini “Elektrik enerjisindən istifadə Qaydaları”na ** nömrəli əlavədə qeyd olunan hədlərdə saxlamaq vəzifəsi qoymuşdur.

18. Bundan başqa, mübahisənin həlli üçün diqqət yetirilməli əsas məqam cərimənin hesablanması qaydası ilə bağlıdır.

19. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.41-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi, xxxx müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.

20. Cərimənin hesablanma qaydası ilə bağlı Qaydaların tələbini təhlil etdikdə aydın olur ki, cərimənin tətbiqi əsası kimi maksimum və ya minimum qiymət hədlərinin pozulması çıxış etdiyi halda, cərimənin maksimum və ya minimum qiymət həddinin deyil, məhz hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində hesablanması nəzərdə tutulur. Bu isə onu deməyə əsas verir ki, qiymətin maksimum və ya minimum həddinin pozulması faktının müəyyən edilməsi yalnız cərimənin tətbiqi üçün əsasın mövcud olub-olmadığının aydınlaşdırılması üçün zəruridir. Cərimə isə hesablaşma dövründə elektrik sayğacının bütövlükdə aktiv enerji göstərişinin 5 faizi məbləğində hesablanır.

21. Belə olan halda, hətta cavabdeh tərəfindən reaktiv enerjiyə görə hesablaşma qaydası maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılmaması əsası ilə pozulmuş olsa idi belə, iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədlərinin pozulduğu işin mübahisəsiz halı olduğundan cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunması əsaslı olmuşdur.

22. Iddiaçının cərimə məbləği barədə məlumatsız olması ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla, abonent haqqında məlumatdan hər iki uçot nöqtəsi üzrə “bağlanan aktlar” bölməsində 2024-cü il ## #### - 2025-ci il # ###### tarixlər üzrə hesablanmış cərimə məbləğinin “reaktiv” qeydi ilə daxil edildiyi görünür. Iddiaçı cavabdehin borcun sorğulanmasına dair elektron xidmətindən istifadə etməklə qalıq borcu barədə daim məlumatlı olmaq, eyni zamanda borcun əsasını isə cavabdehin “abonentin geniş tarixçəsinin verilməsi” elektron xidmətindən istifadə etməklə öyrənmək imkanına malik olmuşdur. Cavabdeh isə iddiaçıya mübahisələndirilən dövr üzrə hesab ödəniş vərəqəsi təqdim etmiş, reaktiv güc əmsalının hədləri pozulduğu aylar üzrə müvafiq bölmədə qeydiyyat aparmışdır. Digər tərəfdən, iddiaçı yalnız cavabdehin 2025-ci il ## ###### tarixli məktubuna istinadən cərimə barədə məlumatlı olduğunu əsaslandırmağa çalışsa da, özünün təqdim etdiyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin Sumqayıt filialının 2024-cü il ## ###### tarixli məktubundan görünür ki, iddiaçı 2024-cü il ## ###### tarixində mübahisələndirilən borcla bağlı Agentliyə müraciət etmiş, yəni cavabdehin ona müraciətindən əvvəl də borc barədə məlumatlı olmuşdur.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.36-8.41-ci bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

27. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırda tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yaranmışdır.

28. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin mübahisəsiz halına əsasən, mübahisələndirilən dövrdə iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədləri pozulmuşdur. Tərəflər arasında bağlanmış enerjinin alqı-satqısı müqaviləsinə əsasən iddiaçı reaktiv güc əmsalının qiymət hədləri pozulduğu halda sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

29. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblərdən başqa xüsusi tənzimləmə həyata keçirilmiş və maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkan olmadığı halda, hesablaşmanın aparılmasının digər qaydası nəzərdə tutulmuşdur. Bu qaydalar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədlərinin pozulması zamanı olan hesablamalardır.

30. Belə ki, Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

31. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə münasibət bildirildiyindən kollegiya yenidən münasibət bildirilməsinə zərurət görməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.36-8.41-ci bəndlərinə; “Elektrik enerjisindən istifadə qaydaları”na ** nömrəli Əlavəyə; 2007-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx” ASC və “xxxx” ASC arasında “Elektrik enerjisinin satınalma Müqaviləsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli Qərarının 7.5 və 11-1-ci bəndlərinə; MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.40-cı bəndi üzrə - Kassator qeyd edir ki, reaktiv əmsalın qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə hesablanarkən Qaydaların 8.36-cı bəndinin tələbləri pozulmuş, enerji təchizatı müəssisəsinin elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum (saat 8:00-dan 23:00-dək) və minimum (saat 23:00-dan 8:00-dək) yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanının olmasına baxmayaraq, hesablaşmanın qeyd olunan qaydada aparılması təmin edilməmiş, bununla da reaktiv əmsalının qiymət hədləri pozulduğuna görə cərimə məbləği həddən artıq yüksək məbləğdə hesablanmışdır. Həmçinin, reaktiv güc əmsalı üzrə cavabdeh təşkilat tərəfindən aparılan hesablama ikitərəfli aktla rəsmləşdirilməmiş, bununla da Qaydaların 8.38-ci bəndinin tələbinin pozulmasına yol verilmişdir. Eyni zamanda, hazırkı iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən məhkəməyə təqdim edilmiş 2025-ci il ## ##### tarixli Mütəxəssis Rəyində işin halları ətraflı şəkildə şərh olunaraq, cavabdeh tərəfindən reaktiv güc əmsalına görə iddiaçıya hesablanmış cərimənin Qaydaların yuxarıda qeyd olunan tələblərinə zidd olduğu qeyd edilmişdir. Işə baxan apellyasiya instansiyası məhkəməsi Qaydaların 8.40-cı bəndini mübahisəyə tətbiq edib apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edərkən yuxarıda qeyd olunanlara, eləcə də cavabdehin texniki imkanlarının olmadığını əsas gətirərək maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatını aparmadan cərimənin hesablanmasının iddiaçının vəziyyətini “agırlaşdırdığını”, cavabdehin reaktiv güc əmsalına görə hesablaşmaları maksimum və minimum güc saatları üzrə ayrı-ayrılıqda aparmağa texniki imkanının mövcud olmasına baxmayaraq, cavabdeh təşikilatın məsul əməkdaşlarının reaktiv güc əmsalının pozulmasına görə sayğacın yaddaş məlumatlarını maksimum və minimum güc saatları üzrə ayrı-ayrılıqda aparılmasını təmin etməmələrini, reaktiv güc əmsalının pozulmasına görə cərimənin tətbiq edilməsi əsaslarını müəyyən edən normanın 2024-cü ilin yanvar ayından qüvvəyə mindiyi nəzərə alındıqda, o zaman cavabdeh təşkilatın bu müddət ərzində qeyd etdiyi “texniki imkana” malik olmaq vəzifəsini həll etməli olmalarını, cavabdehin qərəzli formada Qaydaların 8.36-cı bəndinin tələbinə əməl etməyərək üzərinə düşən həll edilməli olan vəzifələrinin icrasını qəsdən və ya bilərəkdən təmin etməməsini və abonent üçün daha ağır formada cərimə məbləğinin hesablamasını nəzərə almamış, bununla da Qaydaların 8.40-cı bəndi məhkəmə tərəfindən hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir.

35. MPM-in 2.2-ci maddəsi üzrə - Hazırki şikayətin maddi hüququn tətbiqinə dair dəlilləri qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in qeyd olunan maddəsinin pozulması kimi qiymətləndirilməlidir.

36. MPM-in 217-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellayasiya şikayətinin dəlillərinə tam şəkildə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in qeyd olunan maddəsinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.

37. MPM-in 372.1-ci maddəsi üzrə - Işə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellaysiya şikayətinin dəlillərinə tam formada münasibət bildirib hüquqi qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı cavabdeh tərəf etiraz təqdim edərək bildirmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”na ** nömrəli əlavəyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, maksimum və minimum yük saatları, habelə reaktiv güc əmsalının minimum qiyməti və hesablaşma qaydaları müəyyən edilmiş, Qaydaların 11-1-ci bəndinə görə reaktiv güc əmsalının maksimum və ya minimum qiymət hədləri pozulduqda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə görə sayğacın aktiv enerji göstərişinin 5%-i məbləğində cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. Işin mübahisəsiz halına əsasən mübahisələndirilən dövrdə iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədləri pozulmuş, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin halda 5% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüş, Qaydaların 8.40-cı bəndinə uyğun olaraq texniki imkan olmadığı halda reaktiv güc əmsalı hesablaşma dövrü üzrə reaktiv və aktiv enerji göstərişlərinin nisbəti kimi müəyyən edilmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur.

Kassasiya baxışının hədləri

39. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

41. “... 8.36-cı bənində əsasən, dövlət elektroenergetika müəssisəsi ilə xxxx müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılır. 8.37-ci bəndinə əsasən, hesabat dövründə elektroenergetika sisteminin maksimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, elektroenergetika sisteminin minimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. 8.38-ci bəndinə əsasən, reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə xxxx müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur. 8.39-cu bəndinə əsasən, elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə xxxx müəssisəsi arasında, xxxx müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır. 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. ...”

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni vəsaslı olmalıdır. ... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

46. Işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarına görə tərəflər arasında bağlanmış enerjinin alqı-satqısı müqaviləsinə əsasən iddiaçı reaktiv güc əmsalının qiymət hədləri pozulduğu halda sayğacının aktiv enerji göstərişinin 5% məbləğində cərimə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Hazırda isə mübahisələndirilən dövrdə iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədlərinin pozulması mübahisəsizdir.

47. Digər tərəfdən apellyasiya məhkəməsi göstərmişdir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblərdən başqa xüsusi tənzimləmə həyata keçirilmiş və maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkan olmadığı halda, hesablaşmanın aparılmasının digər qaydası nəzərdə tutulmuşdur. Bu qaydalar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədlərinin pozulması zamanı olan hesablamalardır. Belə ki, Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

48. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

49. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

51. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar